Məhkəmə qərarları › İş №3(007)-1985/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1985/2025

06.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1985/2025 06.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs – Nizami rayon DYPŞ-nin YPX inspektoru, polis serjantı X1 iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.4, 329.3 və 333-1.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 13:20 radələrində idarə etdiyi «BMW 530İ» minik markalı, **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Nizami rayonu ərazisində yol hərəkəti qaydalarını pozduğuna görə saxlanılmış, yoxlama zamanı sürücünün narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş olduğu məlum olmuşdur. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 327.1, 327.4, 329.3 və 333-1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs – Nizami rayon DYPŞ-nin YPX inspektoru, polis serjantı X2 protokolun məzmununa uyğun edərək bildirdi ki, şəxs saxlanılan zaman həmçinin polis əməkdaşlarına qarşı tabesizlik nümayiş etdirmiş, bu səbəbdən o, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə 30 gün müddətinə inzibati qaydada tutulmuşdur. Bütün bunları, həmçinin xətanın və xəta törədən şəxsin xarakterini nəzərə alaraq barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsini göndərməmiş və iştirak etməmənin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Qeyd olunanlara əsaslanaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nizami RPİ X4 Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 13:20 radələrində idarə etdiyi «BMW 530İ» minik markalı, **- YB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonunda qayda pozuntusuna yol verdiyindən və narkotik vasitədən istifadə olunması nəticəsində nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.4, 329.3 və 333-1.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir; xx.xx.2025-ci il tarixli, 1/498 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs narkotik vasitə MET+, AMP(+), PGB (+) sərxoşluğu aşkar olunmuş, o, polinarkotik sərxoşluq vəziyyətində olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə- qırx manat məbləğində cərimə edilir. İXM-nin 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə 150 manat məbləğində cərimə edilir. İXM-nin 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə - otuz manat məbləğində cərimə edilir. İXM-in 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 333-1-ci maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya güclü təsir edən digər maddələrin qəbulunu göstərdiyi halda şəxsin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən İXM-nin 327.1, 327.4 və 329.3-cü maddələrinə baxılması rayon məhkəmələrinin səlahiyyətinə aid deyil. Belə olan halda, məhkəmə tərəfindən Şəxs İXM-nin 327.1, 327.4 və 329.3-cü maddələri ilə inzibati tənbeh tətbiq edilməsi istisna edilir. Odur ki, hazırki iş üzrə Şəxs İXMnin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törədilmiş inzibati xətanın xarakterini və təqsirkarın şəxsiyyətini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilməli, Şəxs İXM-nin 327.1, 327.4 və 329.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Bakı şəhər Nizami rayon Polis İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Şəxs İXM-nin 327.1, 327.4 və 329.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar