Məhkəmə qərarları › İş №3(007)-1987/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1987/2022

28.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1987/2022 28.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin qanuni təmsilçisi X3 və nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş 19 avqust 2022-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs MMC 43742.00 Avro məbləğində olan vəsaiti bank hesabından 07 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçsə də, həmin vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Xəta 08 avqust 2022-ci il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin qanuni təmsilçisi X5 izahatında göstərmişdir ki, 07 avqust 2020-ci il tarixdə avans olaraq ASC “Xalq” Bankında olan hesablarından “Kaeser Kompresoren” şirkətinə 12 iyul 2019-cu il tarixli ******* nömrəli müqavilə əsasında 43742.00 Avro avans ödənilmişdir və mal-material 51406.12 Avro məbləğində idxal edilərək 22 sentyabr 2020-ci il tarixində **********1826 nömrəli bəyannamə ilə gömrüklənib bəyan edilmişdir. Lakin **********1826 nömrəli bəyannamənin qoşma sənədlərində 12 iyul 2019-cu il tarixli ******* nömrəli müqavilə əlavə edilməsinə baxmayaraq bəyannamənin 44-cü qrafasında müqavilənin nömrəsi və tarixi mexaniki olaraq səhv yazılmışdır və diqqətdən qaçmışdır. Bu səbəbdən ödədikləri avansa uyğun yüklərini idxal etsələr də və bunu banklarına bildirsələr də, bu günə qədər bankları tərəfindən köçürülən məbləğ bağlanmamış qalmışdır. Mexaniki xəta haqqında yalnız keçən ay bilmişlər və bəyannamə bankları tərəfindən qəbul edilmədiyi üçün bankın müraciəti əsasında Mərkəzi Bank məhkəməyə müraciət etmişdir. Ona görə də, **********1826 nömrəli bəyannamədə 44-cü qrafaya müqavilənin doğrü nömrəsinin və tarixinin qeyd edilərək düzəliş edilməsi üçün Dövlət Gömrük Komitəsinə və ASC “Xalq” Bankına müraciət etmişlər. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi qeyd olunan məsələ ilə bağlı yazılı müraciətini bildirərək hazırda Şəxs MMC tərəfindən təqdim edilmiş **********1826 nömrəli yük göğmrük bəyannaməsində əks olunan məlumatlarla avans ödənişinin təyinatını eyniləşdirməyin mümkün olmadığını qeyd etsə də, sonradan Şəxs MMC-nin nümayəndəsinin təqdim etdiyi sənədlərin dəqiqləşdirilməsi ilə bağlı Mərkəzi Bankın aidiyyəti əməkdaşı şifahi əlaqə saxlanılmış, həqiqətən də Şəxs MMC tərəfindən təqdim edilmiş sənədlərdə düzəlişin aparıldığı, MMC-nin 43742.00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından 07 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürdükdən sonra qanunla müəyyən edilmiş 2 il müddətində həmin vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlərin banka təqdim edildiyi, qabaqcadan ödənilmiş valyuta vəsaitin xaricdən geri qaytarıldığı təsdiq edilmişdir. Məhkəmənin növbəti iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 izahatında göstərmişdir ki, müraciətləri əsasında **********1826 nömrəli bəyannamədə 44-cü qrafaya müqavilənin doğrü nömrəsi və tarixi qeyd edilərək düzəliş olunmuşdur, bu barədə sənədlər artıq banklarına, Mərkəzi Banka və məhkəməyə təqdim edilmişdir. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən ASC “Xalq “ Bank vasitəsi ilə 07 avqust 2020-ci il tarixdə 43742.00 Avro məbləğində pul vəsaiti ilə bağlı köçürülmənin aparıldığı tarixdən 2 il daxilində həmin vəsait hesabına alınan müvafiq malların ölkəyə idxalını, habelə idxal olunan xidmətlərin göstərilməsinin və ya qabaqcadan ödənilmiş vəsaitin geri qaytarılmasını təsdiq edən sənədlərin müvəkkil banka təqdim edilməməsi, bununla da, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın müvafiq tələblərinin pozulması əsası ilə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin maddənin tələbinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması-həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X6 20 fevral 2020-ci il tarixli 06/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş sübutlarla (gömrük bəyannaməsi və digər sənədlər) müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 43742.00 Avro məbləğində olan vəsaiti bank hesabından 07 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürdükdən, ödəniş aparıldıqdan sonra qanunla müəyyən edilmiş müddət daxilində həmin pul vəsaiti hesabına alınan mallar ölkəyə gətirilmişdir, hansı ki, təqdim edilmiş gömrük bəyannaməsində bu, öz əksini tapmışdır, eləcə də həmin hal Mərkəzi Bankın müvafiq əməkdaşı ilə şifahi qaydada dəqiqləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar