Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1995/2021 12.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxxxx 1980-ci il tarixdə Rusiya Federasiyasının Saratov şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsi ev 5, mənzil 63-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-dən daxil olmuş 25 may 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 26 aprel 2021-ci il tarixdə saat 10:03-də idarə etdiyi “Chevrolet Cruze minik” markalı ** VH *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi ilə R.Rüstəmov küçəsi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin İİ hissəsinin tələblərini pozaraq, svetaforun qadağanedici siqnalı verildikdə hərəkətini davam etdirərək R.Rüstəmov küçəsində Q.Qarayev prospekti istiqamətində hərəkətdə olan X1 idarə etdiyi “İveco Urbanway” markalı ** JX *** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə toqquşmuş, zərbənin təsirindən “Chevrolet” markalı avtomobil fırlanaraq B.Çobanzadə küçəsində yolun sağ kənarında dayanmış “Toyota Prius minik” markalı ** UN *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “Chevrolet” markalı avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 26 aprel 2021-ci il tarixdə saat təxminən 10 radələrində etibarnamə ilə idarə etdiyi “Chevrolet Cruze minik” markalı ** VH *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi ilə Babək prospekti istiqamətində təxminən 40 km/saat sürətlə hərəkət etmiş, qızı Fatiməni xəstəxanaya aparmışdır. Çobanzadə küçəsi ilə R.Rüstəmov küçəsinin kəsişməsində işıqforun qırmızi işığının yandığını görmədiyi üçün yolayrıcına daxil olaraq hərəkətini düzünə davam etdirən zaman R.Rüstəmov küçəsi ilə Q.Qarayev prospekti istiqamətində sürətlə hərəkətdə olan “İveco” markalı sərnişin avtobusu qabaq hissəsi ilə onun idarə etdiyi avtomobilin sağ yan hissəsi arasında toqquşma olmuşdur. Bundan sonra zərbənin təsirindən o, idarəetməni itirmiş, avtomobili fırlanaraq yolun əks istiqamətində dayanmış “Toyota Prius” markalı avtomobillə toqquşmuşdur. Hadisə zamanı o və avtomobilində olan 2006-cı il təvəllüdlü qızı Fatimə Yuzbaşeva xəsarət almışlar. Hadisə yerinə polis və təcili tibbi yardım stansiyasının əməkdaşları gəlmişlər, ona və qızına ilkin yardım göstərilmişdir. Hesab edir ki, yol-nəqliyyat hadisəsi avtobus sürücüsünün yüksək sürətlə hərəkət etməsi və hadisənin qarşısını almağa cəhd etməməsi səbəbindən vermişdir. Qərar qəbul edilərkən göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş Zərərçəkmiş şəxs (onun qanuni nümayəndəsi) və inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan canlı şəxsin ekspertizasına dair 30 aprel 2021-ci il tarixli 313 nömrəli rəydən görünür ki, Yuzbaşeva Fatimə Namiq qızında döş qəfəsinin sağ yarısının hematoması, sağ budun ön səthinin və sol dizin iç səthinin qançırları olmuşdur, qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 26 aprel 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür, dərəcələrinə görə ümumilkdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 06 may 2021-ci il tarixli 8/937 nömrəli rəyindən görünür ki, “Chevrolet” markalı ** VH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “İveco” markalı ** JX *** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun sürücüsü X1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 may 2021-ci il tarixli qərardan görünür ki, HK1-195 nömrəli araşdırma materialı üzrə qərarın təsviri hissəsində göstərilənlərə əsasən baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Şəxs və X1 əməlində cinayət tərkibi olmadığından onların barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işi başlanması rədd edilmiş, Şəxs və X1 Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün materialın Nizami RPİ-nin DYPŞ-nin vasitəsi ilə Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işin halları ilə bağlı verdiyi izahatı dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, inzibati xəta törədən Şəxs fiziki şəxs olduğundan, iş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaitinin ona münasibətdə yarı hissəsi dövlət hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat pul vəsaitinin Şəxs münasibətdə 50 manat hissəsi dövlət hesabına dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1995/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1995/2021
12.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver