Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1995/2022 29.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞnin polis sahə inspektoru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Goranboy rayonunun Goran qəsəbəsində qeydiyyatda olan, Abşeron rayonu, Saray qəsəbəsində ünvansız tikilidə kirayədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsindən daxil olmuş 29 avqust 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilən sənədlərə əsasən Şəxs 28 avqust 2022-ci il tarixdə saat 22:10 radələrində ünvan 2 ünvanında ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru X7 protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 28 avqust 2022-ci il tarixdə yoldaşı Sahilə ona zəng etmişdir ki, evə qonaqlar gələcəkdir. ünvan 2 ünvanına getmişdir. Həmin vaxt artıq gec olmuş, saat təxminən 12 radələri olmuşdur. Evdə olduğu vaxt qapı döyülmüş, oğlu gedib qapını açmışdır. Məlum olmuşdur ki, gələnlər polislərdir və polislər onu soruşmuşlar ki, evdədirmi. O, özünü təqdim etmiş və könüllü olaraq polislərlə getmişdir. Yalnız telefonu alındığına görə etiraz etmişdir, polislərin hər hansı tələbini yerinə yetirməkdən imtina etməmiş, səsküy salmamışdır. Polislərin bununla bağlı göstərdikləri yalandır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru X6 izahatında göstərmişdir ki, 28 avqust 2022-ci il tarixdə polis şöbəsinin əməliyyat qrupunda olmuşdur. Saat 22:10 radələrində C.Naxçıvanski küçəsi ev 48, mənzil 3 ünvanından Sahilə Məmmədova adlı vətəndaş DİN-in 102 xidmətinə zəng edərək həyat yoldaşı Şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. Məlumat əsasında qeyd olunan ünvana getmişlər, barəsində şikayət olunan Şəxs təklif olunmasına baxmayaraq şikayətin araşdırılması üçün onlarla birlikdə polis şöbəsinə getməkdən imtina etmiş, bununla yanaşı mənzildə yüksək səslə hay-küy salmış, nalayiq ifadələrdən istifadə edərək onlarla dartışmış, qanuni tələblərinə tabe olmamışdır. Buna görə həmin şəxsi polis şöbəsinə aparmışlar, şöbənin inzibati binasında olarkən Şəxs öz hərəkətini davam etdirərək şöbənin iş fəaliyyətini pozmuşdur. Raportla müraciət edərək baş verənlərə dair şöbə rəhbərliyinə məlumat vermişlər, müəyyən edilmişdir ki, həmin şəxs Şəxsdur və o, mütəmadi olaraq ailədə münaqişə yaratdığına görə həyat yoldaşı onun barəsində şikayətlər etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərmişdir ki, Şəxs ilə 18 ildir ki, evlidirlər və demək olar ki, hər gün Rəşad onu döyərək incitmiş, işgəncə vermişdir. Bəzi vaxtlar Rəşadın barəsində şikayət etsə də, sonradan ailəsini düşünərək onun barəsində tədbir görülməsini istəməmişdir. 28 avqust 2022-ci il tarixdə saat 22:10 radələrində ünvan 2 ünvanında olduqları vaxt Rəşad yenidən onu vurmağa başlamış, onu şillələmiş, saçından tutaraq dartmış, sonra oğlunu da itələmişdir. Rəşadın aqressiv hərəkətlərini görüb başqa hadisənin baş verməməsi üçün DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bundan sonra polislər gəlmiş, Rəşadı polis şöbəsinə dəvət etsələr də, o, getmək istəməmiş, ucadan söyüşlər söymüş, hay-küy salmışdır. Ona görə polislər Rəşadı özləri ilə polis şöbəsinə aparmışlar. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama-həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xəta törətmiş şəxsin dəlillərini məsuliyyətdən yayınmağa cəhd etməsi kimi qiymətləndirməklə qeyd edir ki, onun izahatında göstərdikləri işin faktiki müəyyən edilmiş halları ilə təkzib olunur, işin icraatına xitam verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini nəzərə alaraq, İXMnin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyib, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materialları ilə müəyyən olunur ki, Şəxs hazırkı işlə bağlı 28 avqust 2022-ci il tarixdə saat 22:30-da tutulmuşdur, ona görə məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatı üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 28 avqust 2022-ci il saat 22:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi X5 müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1995/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1995/2022
29.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver