Məhkəmə qərarları › İş №3(007)-2/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2/2020

19.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2/2020 19.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsinin rəis müavini X1, zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxx 1954-cü il tarixdə Şəmkir rayonunun Qaracəmirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsindən daxil olmuş xx xxx 2019-cu il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə görə, 15.000 manat məbləğində pulun Zərərçəkmiş şəxs xeyrinə tutulması barədə Bakı şəhəri 51 saylı notariat kontorunun xx xxx 2018-ci il tarixli icra qeydi borclu Şəxs tərəfindən üzrsüz səbəbdən icra edilməmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsinin rəis müavini X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək məhkəmədən Şəxs barəsində ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, icra sənədi üzrə cəmi 7000 manat pul borcu qalmışdır. Tələbkarın özü də bilir ki, bu borc onun öz borcu deyil, ona görə nəzərə almalıdır. Hansı ki, tələbkar əvvəllər də bildirmişdir ki, məmnim özümə qarşı şikayəti və tələbi yoxdur. Özü heç bir yerdə işləmir, 760 manat pensiya alır, borcun pensiyadan tutulması barədə ərizə verə bilər. Lakin hesab edir ki, əməlində inzibati xəta tərkibi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, borclu Şəxs ona olan 15.000 manat borcunun qalıq 7000 manat hissəsini indiyədək ödəməmişdir. xx xxx 2019-cu il tarixdə məhkəmədə işə baxılarkən borclu ərizə verərək ona olan borcunu tam ödəmək üçün bir aylıq möhlət verilməsini istəsə də, həmin vaxtdan keçən bu qədər müddətdə icra sənədini icra etməmiş, öhdəliyinə də əməl etməmişdir. Şəxs barəsində ciddi inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Məhkəmə iclasında tərəflərin izahatı və məhkəmə araşdırmaları zamanı tədqiq olunmuş materiallarla müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən Bakı şəhəri 51 saylı notariat kontorunun xx xxx 2018-ci il tarixli icra qeydi üzürsüz səbəbdən icra edilməmiş, bununla da onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Həmin maddənin tələbinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi həmin maddədə nəzərdə tutulan məsuliyyəti yaradır. Məhkəmə qeyd edir ki, Şəxs məhkəmə iclasında izahatında irəli sürdüyü dəlillər işin faktiki halları ilə təkzib olunur, məhkəmə həmin izahatı onun inzibati məsuliyyətdən yayınmağa cəhd etməsi kimi qiymətləndirərək nəzərə almır, hesab edir ki, irəli sürülən dəlillər qanuni əsaslarla verildiyi müəyyən edilən icra sənədinin icrasına maneə deyildir. İnzibati qanunvericiliyin mənasına görə, hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs yol verdiyi inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur, ona görə o, inzibati xətanın törədilməsində təqsirli bilinməlidir. Lakin məhkəmə hesab edir ki, müddətin keçməsi ilə bağlı Şəxs inzibati məsuliyyətdən azad edilməklə iş üzrə icraata xitam verilməlidir. Belə ki, xx xxx 2019-cu il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol həmin tarixdə baxılması üçün məhkəməyə göndərilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarı ilə əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan işin icraatına xitam verilmişdir. Zərərçəkmiş şəxs apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə həmin qərar ləğv edilərək yenidən baxılması üçün məhkəməyə qaytarılmışdır. Borclu Şəxs icra sənədinin verilməsinə əsas olmuş icra qeydini mübahisələndirərək onun ləğv edilməsi ilə bağlı mülki qaydada iddia qaldırmış, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə həmin iddia təmin edilməmişdir. İcra qeydi məhkəmə qaydasında mübahisələndirildiyinə və həmin iş üzrə qətnamələrdən müvafiq olaraq apellyasiya və kassasiya qaydasında şikayətlər verildiyinə görə işə baxılması mümkün olmamışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə, həmin qətnamə isə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. 11.3-cü maddəsinə əsasən inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. Qeyd edildiyi kimi, Azərbaycan Respublikası CM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta ilə bağlı MN Seriyalı, ******* nömrəli protokol xx xxx 2019-cu il tarixdə tərtib olunmuşdur. Məhkəmə hesab edir ki, həmin maddədə nəzərdə tutulan inzibati xəta davam edən inzibati xətalara aid olduğundan, İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulan müddət xətanın aşkara çıxarıldığı xx xxx 2019-cu il tarixindən hesablanmalı, inzibati xətanın törədildiyi gündən üç ay keçməsi, habelə hal-hazıradək müvafiq səbəblərdən baxıla bilməməsinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəziyyətini ağırlaşdırmalı olmaması nəzərə alınaraq, Şəxs inzibati məsuliyyətdən azad edilməklə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata, həmin Məcəllənin 38.1 və 38.2-ci maddələri ilə müəyyən edilmiş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 115, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata, həmin Məcəllənin 38.1 və 38.2-ci maddələri ilə müəyyən edilmiş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar