Məhkəmə qərarları › İş №3(007)-2/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2/2022

09.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2/2022 09.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1988-ci il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, Şəxs, barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhər Nizami RPİ-nin TŞ-nin təhqiqatçısı polis mayoru Mehrac Niftəliyev tərəfindən qəbul edilmiş 16 may 2021ci il tarixli qərardan görünür ki, 26.04.2021-ci il tarixdə saat təxminən 10:03 radələrində Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi ilə R.Rüstəmov küçəsinin kəsişməsində Zərərçəkmiş şəxs1 idarə etdiyi “Chevrolet Cruze” markalı, dövlət qeydiyyat nişanı **-VH- *** olan avtomobil ilə Şəxs idarə etdiyi “İveco Urbanway” markalı, dövlət qeydiyyat nişanı **-JX-*** olan sərnişin avtobusu toqquşmuş zərbənin təsirindən “Chevrolet Cruze” markalı avtomobil fırlanaraq Çobanzadə küçəsinə yolun sağ kənarında dayanmış “Toyota-Pirus” markalı, dövlət qeydiyyat nişanı **-UN-*** olan avtomobillə toqquşmuş, nəticədə “Chevrolet Cruze” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 və sərnişin Yüzbaşeva Fatimə Namiq qızı xəsarət alaraq 3 saylı ŞKX-na müraciət etmişlər. Həmin fakt üzrə toplanmış HK1-195 saylı araşdırma materialı üzrə sürücü Zərərçəkmiş şəxs1 və Şəxs əməlində cinayət tərkibi olmadığından onların barəsində Azərbaycan Respublikası CM-ni 263.1-ci maddəi ilə cinayət işi başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin polis kapitanı M.S.Manafov tərəfindən tərtib edilmiş 25.05.2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 26.04.2021-ci il tarixdə saat təxminən 10:03 radələrində Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi ilə R.Rüstəmov küçəsinin kəsişməsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13.08.2021-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 01.10.2021-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13.08.2021-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Nizami rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, 26.04.2021-ci il tarixdə saat təxminən 10 radələrində yol vərəqəsi ilə idarə etdiyi “İveco” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ilə Çobanzadə küçəsinin kəsişməsində işıqforun qırmızı işığında dayanaraq işıqforun yaşıl işığının yanmasını gözləmişdir. İşıqforun yaşıl işığı yandıqdan sonra idarə etdiyi sərnişin avtobusu ilə yolun orta zolağı ilə təxminən 10-15 km/saat hərəkətə başlayaraq yol ayrıcını keçmək istəyən zaman, Çobanzadə küçəsi ilə hərəkətdə olan “Chevrolet” markalı **-VH- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü işıqforun qırmızı işığına məhəl qoymayaraq yol ayrıcına daxil olaraq onun hərəkət yoluna çıxmışdır. Onun idarə etdiyi sərnişin avtobusunun qabaq hissəsi ilə “Chevrolet” markalı avtomobilin sağ yan hissəsi toqquşmuş, zərbənin təsirindən “Chevrolet” markalı avtomobil fırlanaraq Çobanzadə küçəsində dayanmış vəziyyətdə olan “Toyota Pirus” markalı avtomobillə toqquşmuşdur. Hadisə zamanı “Chevrolet” markalı avtomobilin sürücüsü və sərnişini xəsarət almışdır. “Chevrolet” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 birinci yol ayrıcına işıqforun qırmızı işığında daxil olmuşdursa belə, ikinci yol ayrıcında olan işıqforun qırmızı işığında avtomobili saxlayıb ona yol verməli idi. Onun Rüstəmov küçəsi ilə “Neftçilər” metrostansiyası istiqamətində hərəkəti zamanı sol tərəf ağaclıq və kolluq olduğu üçün sol tərəfi görmək mümkün olmamışdır. “Chevrolet” markalı avtomobili ikinci yol ayrıcında görmüşdür. Ona görə də onun üçün təhlükə yaranan an “Chevrolet” markalı avtomobilin ikinci yol ayrıcında olduğu yer olmalıdır. Təhqiqatçı isə onun üçün təhlükəni ikinci yol ayrıcından deyil, birinci yol ayrıcından vermişdir. Yol-nəqliyyat hadisəsi “Chevrolet” markalı avtomobilin sürücüsünün işıqforun qırmızı işığına məhəl qoymayaraq onun hərəkət yoluna çıxması nəticəsində baş vermişdir. Ekspert rəyi ilə razı deyildir, baş vermiş yol-nəqliyyat hadisəsində onun heç bir günahı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin səlahiyyətli nümayəndəsinin və zərərçəkmiş şəxslərin iştirakı olmadan inzibati işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu araşdırma materialları ilə əlaqəli araşdırıb qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə icraat materialları və tədqiq olunmuş sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 06.05.2021-ci il tarixli, 8/937 saylı rəyinin nəticə hissəsindən görünür ki, təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən “Chevrolet Cruze” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “İveco” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İnzibati işdə olan Bakı şəhər Nizami rayon Məhkəməsinin 03.11.2021-ci il tarixli qərarndan görünür ki, Şəxs vəsatətinə əsasən, iş üzrə təkrar məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş 27 yanvar 2022-ci il tarixli 8/145 №-li ekspert rəyindən görünür ki, müdafiə tərəfinin vəsatətində göstərildiyi kimi hadisənin baş verməsi şəraitində, “Chevrolet Cruze” markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Hadisənin təhiqat tərəfindən müəyyən edildiyi kimi baş verməsi şəraitində, “İveco” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İnzibati işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 27.04.2021-ci il tarixli 312 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 üst dodağın sağ yarısının və sağ burun-dodaq üçbucağının şişkinlik halında əzilməsi, üst dodağın selikli qişasının qansızması, sağ burun qanadının, sağ burun-dodaq üçbucağının sıyrıqları, üst çənədə sağ İ kəsici diş ətrafı toxumanın qansızması, alt çənə və çənəaltı nahiyənin şişkinlik halında əzilməsi, qançırı və sıyrığı, sağ budun ön-bayır səthinin hematoması, sağ budun arxa səthinin və sol budun ön-bayır səthinin qançırları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 26.04.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İnzibati işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 27.04.2021-ci il tarixli 313 saylı rəyindən görünür ki, Yüzbaşeva Fatimə Namiq qızında döş qəfəsinin sağ yarısının hematoması, sağ budun ön səthinin və sol dizin iç səthinin qançırları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 26.04.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İnzibati işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 2/11305 saylı 26.04.2021-ci il tarixli protokoldan görünür ki, 26.04.2021-ci il tarixdə saat 15:00-da müayinə zamanı Şəxs ayıq olduğu müəyyən edilmişdir. İnzibati işdə olan AC seriyalı 555779 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası DİN BDYPİ Qİİ/ 3 saylı Asan xidmət mərkəzi tərəfindən 05.10.2018-ci il tarixdə 05.10.2028-ci il tarixədək etibarlı olan “B,C,D” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İnzibati işdə olan Videogörüntüyə keçirilmiş baxış zamanı Şəxs 26.04.2021-ci il tarixdə saat təxminən 10:03 radələrində Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi ilə R.Rüstəmov küçəsinin kəsişməsində idarə etdiyi “İveco Urbanway” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtobusla “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq Zərərçəkmiş şəxs1 idarə etdiyi “Chevrolet Cruze” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduğu müəyyən edilmişdir. İnzibati işdə olan 16.05.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 və Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün material Nizami RPİ-nin DYPŞ-nin vasitəsi ilə Nizami rayon məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, Şəxs bаrəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi məsələsini müzakirə edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2, 3, 9.1, 12.1, 21, 31.2, 32 və 33-cü maddələrinin tələblərini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə işin hallarını nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında müəyyən edilmiş cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi ilə onun qanunlara əməl etməsi ruhunda tərbiyələndirməyi, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədinin təmin olunmasını mümkün sayır. Məhkəmə Şəxs münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halları müəyyən etməmişdir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar