Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2009/2024 30.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 29 mart 2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən hüquqi ünvan üzrə Bakı şəhərinin Nizami rayonunda qeydə alınmış "xxxx" ASC-nin ünvanına Rusiya Federasiyasından idxal edilmiş malların daşındığı 54013487, 60132339, 52811841, 62370523, 61846473, 64029705 və 62686209 nömrəli vaqonlar 13 mart 2024-cü il tarixdə saat 03:20-03:32 aralığında Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş, həmin yüklərə dair qısa idxal bəyannaməsi 14 mart 2024-cü il tarixdə **********2494 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilməklə, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada və vaxtda mallar gömrük sərhədini keçənədək qısa idxal bəyannaməsi elektron qaydada təqdim edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin nümayəndəsi X3 inzibati xəta haqqında protokola dair yazılı etiraz vermiş, etirazını onunla əsaslandırmışdır ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında protokolun tərtib edilməsi müddətlərini ehtiva edən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 101-ci maddəsinin tələbinə görə inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Hazırkı işin mübahisəsiz halıdır ki, xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin ünvanına 54013487, 60132339, 52811841, 62370523, 61846473, 64029705 və 62686209 nömrəli vaqonlarının ölkə ərazisinə daxil olma faktı, Bakı Baş Gömrük İdarəsinə həmin faktın baş verməsindən dərhal sonra məlum olmuşdur. Həmin faktın sözügedən İdarəyə məlum olma vaxtı, həmin X1, 3-cü şöbənin rəisi Elşən Zeynalov tərəfindən Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanova ünvanlanmış raportda yazılan xx.xx.2024-cü il tarixli dərkənar ilə müəyyən olunur. Buna baxmayaraq, İnzibati Xətalar Məcəlləsinin İXM-nin 101-ci maddəsinin tələbinə müvafiq olaraq, nə inzibati xətanın törədilməsi faktının aşkar edilməsindən dərhal sonra, nə də işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunması əsası ilə inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində Bakı Baş Gömrük İdarəsi tərəfindən "xxxx" ASC barəsində hər hansı inzibati xəta haqqında protokol tərtib olunmamışdır. Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin, Təhqiqat şöbəsinin böyük təhqiqatçısı xx.xx.2024-cü il tarixində, yəni faktın aşkarlanmasından 10 gündən artıq müddət keçməsindən sonra, inzibati xətanın aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prossesual hərəkətlərin aparılması əsası ilə İXM-nin 485.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırılmanın aparılması barədə qərardad qəbul etmişdir. Kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prossesual hərəkətlərin aparılması əsası ilə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardadın qəbul olunmasından 1 gün sonra, yəni xx.xx.2024-cü il tarixində, 1 gün öncə başlanılmış inzibati araşdırma yekunlaşmış və eyni tarixli 00100-00710/24 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Heç şübhəsizdir ki, Bakı Baş Gömrük idarəsi tərəfindən hər hansı zərurət yaranmadan xx.xx.2024-cü il tarixində inzibati araşdırma aparılması barədə qərardadın qəbulunda məqsəd, yalnız İnzibati Xətalar Məcəlləsinin 101-ci maddəsi ilə müəyyən olunmuş, lakin Bakı Baş Gömrük İdarəsi tərəfindən ötürülmüş müddətləri bərpa etmək və ASC barəsində inzibati xəta haqqında protokol tərtib etmək olmuşdur. Göstərilənlərə əsasən müəyyən olunmuşdur ki, Bakı Baş Gömrük idarəsi tərəfindən "xxxx" ASC barəsində inzibati xəta haqqında protokol 29 mart 2024-cü il tarixdə tərtib olunmuşdur ki, bu da yuxarıda istinad etdiyi hüquq normalarının tələblərinə ziddir. Göstərilən hal işin mübahisəsiz halıdır. İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən təqsirliliyin sübuta yetirilməsində qanuna ziddi olaraq əldə edilmiş sübutlardan istifadə edilə bilməz və bu pozuntu ASC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Yuxarıda sadalanan xüsusatlardan görünür ki, ASC barəsində başlanmış inzibati xəta üzrə icraat qanunsuz və əsassızdır. Odur ki, başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı tərəfindən "xxxx" ASC barəsində tərtib olunmuş 29 mart 2024-cü il tarixli inzibati xəta haqqında protokolla Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə başlanmış inzibati xəta üzrə icraata xtam verilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin nümayəndəsi X3 yazılı etirazın dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, inzibati araşdırma zamanı "xxxx" ASC-nin digər nümayəndəsi iştirak edərək etirafedici izahat versə də, həmin nümayəndə hüquqşünas deyil, gedib orada bilmədən izahat vermişdir. Faktiki olaraq inzibati xəta hadisəsi baş verməmiş, protokol isə qanunsuz tərtib olunmuşdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 15 mart 2024-cü il tarixli raport, gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemindən çıxarış və digər sənədlərlə inzibati xəta hadisəsinin törədilməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 saat əvvəl verilməlidir. Məhkəmə işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla ASC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə hüquqi şəxsin nümayəndəsinin məhkəmədə irəli sürdüyü dəlillərə münasibətdə qeyd edir ki, həmin hallar inzibati xəta haqqında işin icraatını istisna etmir və İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinin təsiri altına düşməməklə işin icraatına xitam verilməsi üçün əsas hesab oluna bilməz, məhkəmə tədqiqi zamanı İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar (inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri və s.) müəyyən edilmişdir. İrəli sürülən dəlillər isə hüquqi şəxsi inzibati məsuliyyətdən yayındırmağa cəhd kimi qiymətləndirilməklə nəzərə alınmır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs "xxxx" ASC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" ASC Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2009/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2009/2024
30.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver