Məhkəmə qərarları › İş №3(007)-2013/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2013/2021

13.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2013/2021 13.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 447.0.4 və 538.1-ci maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən tərtib edilmiş 06 iyul 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən ünvan 1 ünvanında yerləşən, "xxxx" ASC-yə aid obyektdə 06 iyul 2021-ci il tarixdə qara metal tullantılarının və xammalın uyğunluq sertifikatının olmadığı, radiasiya ölçmə cihazının yoxlanması haqqında şəhadətnamənin olmadığı və tipinin təsdiq edilmədiyi, digər ölçmə vasitələrinin tipinin təsdiq edilməsi barədə sertifikatının olmadığı müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin nümayəndəsi tərəfindən inzibati protokola dair yazılı etiraz verilmiş, etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 05.07.2021-ci il tarixli, 000021 nömrəli qərarına və sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 05.07.2021-ci il tarixli, KY ********* nömrəli çıxarışa istinadən 05.07.2021-ci il tarixdən "xxxx" ASC-də texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya, eləcə də dövlət metroloji nəzarət üzrə qanunvericiliyin icrasına nəzarətlə bağlı plandankənar (növbədənkənar) yoxlama aparılmışdır. Sözügedən yoxlama üzrə şöbə müdiri Elnur Bağırov tərəfindən 05.07.2021-ci il tarixdə tərtib edilən yoxlama suallarının siyahısı təsdiq edilmişdir. Yuxarıda istinad olunan sahibkarlıq sahəsində yoxlamaların vahid məlumat reyestrindən 05.07.2021-ci il tarixli, KY ********* nömrəli çıxarışdan görünür ki, yoxlamanın müddəti (başlama-sonaçatma tarixi) 05.07.2021-ci il tarixdən 06.07.2021-ci il tarixədək, yəni 1 gün müəyyən edilməklə, yoxlamanın tipi plandankənar (növbədənkənar) olmaqla, sözügedən yoxlamanın təyin edilməsi əsası kimi insan həyatı və ya sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlərin (məlumatların) daxil olması, habelə kütləvi informasiya vasitələrində məlumatların yayılmasma, bir və ya bir neçə insanın əmək qabiliyyətini müvəqqəti və ya daimi itirməsi təhlükəsinə istinad olunmuşdur. Eyni zamanda yoxlamanın hüquqi əsasları kimi çıxarışda göstərilən qanunvericilik aktlarının müvafiq maddələrinə istinad olunmuşdur. Aşağıda göstərilən əsaslara görə hesab edirlər ki, sözügedən yoxlamanın gedişatmda aşkar edildiyi iddia olunan pozuntulara görə "xxxx" ASC barəsində bu və ya digər məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Məlum olduğu kimi Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsipləri, təşkili və aparılması qaydaları, yoxlama zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələri, eləcə də sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələblər 02.07.2013-cü ildə qəbul olunmuş, 01 mart 2014-cü ildən qüvvəyə minmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Sözügedən Qanunun tətbiqi dairəsini ehtiva edən 2.1-ci maddəsinin tələbinə görə bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. İstinad edilən Qanunun 3-cü (yoxlamaların qanuniliyi) maddəsinin tələbinə görə yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Qeyd edilən Qanunun 4.1-ci maddəsində təsbit edilmişdir ki, yoxlamaların məqsədi sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərə sahibkarlar tərəfindən riayət olunmasının təmin edilməsi, o cümlədən bu sahədə yoxlayıcı orqan tərəfindən sahibkarlara kömək göstərilməsi yolu ilə insanların həyat və ya sağlamlığının, ətraf mühitin və dövlətin əmlak maraqlarının təhlükəsizliyinin təmin edilməsindən ibarətdir. Həmin Qanunun 4.2-ci maddəsində isə yoxlamanın prinsipləri ehtiva olunmuşdur. (maddə 4.2.1-4.2.15) Hesab edirlər ki, sözügedən Qanunun 6.3-cü maddəsində yoxlayıcı orqanların və onların nəzarət sahələrinin siyahısının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Prezidentinin 28.08.2013-cü il tarixli Fərmanının 1,2-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyənləşdirildiyi ehtiva olunsa da, bu günədək yoxlayıcı orqanların və onların nəzarət sahələrinin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilməmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanunu ilə sahibkarlıq sahəsində aparılan yoxlamalar 2022-ci ilin yanvar ayının 1-dək dayandırılmışdır. Məlum olduğu kimi yuxarıda sözügedən Qanuna 19 may 2019-cu ildə edilən dəyişikliyə əsasən müvafiq yoxlamaların aparılması bərpa olunmuşdur. Xidmətin 05.07.2021-ci il tarixli 000021 nömrəli qərarında və 05.07.2021-ci il tarixli KY ********* nömrəli çıxarışda Cəmiyyətdə aparılan yoxlamanın (05.07.2021-ci ildən 06.07.2021-ci il tarixədək) tipi plandankənar (növbədənkənar) təyin edilməsinin əsası isə insan həyatı və ya sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlərin (məlumatların) daxil olması, habelə kütləvi informasiya vasitələrində məlumatların yayılması, bir və ya bir neçə insanın əmək qabiliyyətini müvəqqəti və ya daimi itirməsi təhlükəsi olduğu göstərilmişdir. Məlum olduğu kimi plandankənar yoxlamanın və insan həyatı və ya sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə və ya mühüm zərərin anlayışları yuxarıda qeyd olunan Qanunun müvafiq olaraq 1.1.6-cı və 1.1.12-ci maddələrində verilmişdir. Qanunun 1.1.6-cı maddəsinin tələbinə görə plandankənar (növbədənkənar) yoxlama yoxlamaların bu Qanunla müəyyənləşdirilmiş dövriliyi nəzərə alınmadan bu Qanunun 16-cı maddəsində göstərilən əsaslarla aparılan yoxlamadır. Həmin Qanunun 1.1.12-ci maddəsinə görə isə insan həyatı və ya sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə və ya mühüm zərər - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi təhlükə və ya zərərdir. Plandankənar (növbədənkənar) yoxlamaların aparılması əsaslarını təsbit edən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 16.1-ci (16.1.1-16.1.4) maddəsində plandankənar (növbədənkənar) yoxlamaların aparılmasına əsasları ehtiva olunmuşdur. Cəmiyyətdə aparılan plandankənar (növbədənkənar) yoxlamaya əsas olan, yuxarıda sözügedən Qanunun 16.1.1-16.1.4-cü maddələrində göstərilən hallardan heç biri mövcud deyildir. Qeyd olunan Qanunun 16.1.3-cü maddəsində göstərilmişdir ki, insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda plandankənar (növbədənkənar) yoxlama aparıla bilər. Xidmətin yoxlayıcıları tərəfindən Cəmiyyətə yoxlayıcı orqana "xxxx" ASC barəsində konkret faktlara əsaslanan bu və ya digər rəsmi müraciətin, eləcə də Cəmiyyətin barəsində kütləvi informasiya vasitələrində hər hansı bir məlumatın yayılması barədə sənəd təqdim olunmamışdır. Eyni zamanda istinad olunan Qanunun 16.4-cü maddəsində göstərilmişdir ki, bu Qanunun 16.1.3-cü maddəsinə əsasən aparılan plandankənar (növbədənkənar) yoxlama zamanı yalnız həmin maddədə göstərilən şəxslərin rəsmi müraciətlərində göstərilən və ya kütləvi informasiya vasitələrində yayılan sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərin pozulması faktları yoxlanılır. Sözügedən Qanunun 16.4-cü maddəsinin tələbindən görünür ki, hətta plandankənar (növbədənkənar) yoxlama ilə müəssisənin fəaliyyətinin tam həcmdə yoxlanılması qanunsuz və əsassızdır. Yəni plandankənar (növbədənkənar) yoxlama ilə müəssisənin fəaliyyəti yuxarıda qeyd olunan hallar istisna olmaqla tam yoxlanıla bilməz. Nəzərə alınmalıdır ki, istinad olunan Qanunun 16.6-cı maddəsinin tələbinə görə bu Qanunun 16.1-ci maddəsində göstərilən hallardan başqa digər hallarda və bu Qanunun 16.2-16.5-ci maddələrində göstərilən məsələlərdən başqa digər məsələlərin yoxlanılması məqsədilə plandankənar (növbədənkənar) yoxlama aparıla bilməz. Göründüyü kimi Cəmiyyətdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinin tələbləri ilə uzlaşmayan, yəni həmin maddənin tələblərinə zidd olan, yəni bu Qanunun tələblərinin pozulması ilə plandankənar (növbədənkənar) yoxlama aparılmışdır ki, bu da hətta sözügedən Qanunun 3.2-ci maddəsinə əsasən müəssisədə aşkar edilən, sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən, Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul edilmiş digər normativ hüquqi aktların pozulması (qanun pozuntusu) faktları ilə bağlı müəssisəyə məsuliyyət tədbirlərinin tətbiq edilməsini istisna edir. Digər tərəfdən yoxlayıcı orqan tərəfindən yoxlamanın təyin edilməsi üçün əsasın istinadı da qanunsuz və əsassız olmaqla, qeyd olunan bu əsasa istinad edilərkən yuxarıda sözügedən Qanunun 1.1.12-ci maddəsinin, eləcə də Azərbaycan Respublikasının Prezidentinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tətbiqi ilə əlaqədar bəzi məsələlər barədə 31 oktyabr 2014-cü il tarixli Fərmanının, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 26 oktyabr 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların siyahısı”nın tələblərinə əhəmiyyət verilməmişdir. Qeyd edilməlidir ki, Azərbaycn Respublikasının Prezidenti yoxlayıcı orqanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə və ya mühüm zərər dedikdə nəyin başa düşüldüyünü anlamayacaqlarını öncədən gördüyündən özünün yuxarıda istinad olunan 31 oktyabr 2014-cü il tarixli Fərmanı ilə insan həyatı və ya sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə və ya mühüm zərər dedikdə nəyin başa düşülməli olduğunu sözügedən Fərmanının 1-3-cü bəndlərində ehtiva etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda sözügedən fərmanı ilə yoxlayıcı orqanlara qeyd edilən təhlükə və zərəri yanlış təfsir etmələri, o cümlədən bu ifadələr üzərindən manipulyasiya edərək qanunsuz yoxlamalar keçirmələri də istisna olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 31.10.2014-cü il tarixli Fərmanının 1-3-cü bəndlərinin konteksti çərçivəsində hesab edirlər ki, yoxlayıcı orqanın yoxlamanm təyin edilməsi əsası kimi istinad etdiyi hal əsassız və qanunsuzdur. Yoxlayıcı orqan tərəfindən yoxlama suallarının siyahısı tərtib edilərkən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2014-cü il tarixli 143 nömrəli qərarı ilə təsdiq olunmuş “Yoxlama suallarının siyahısının forması və tətbiqi Qaydası”nın tələbləri, xüsusən də həmin “Qayda”nın 2-4-cü bəndinin tələbləri kobud şəkildə pozulmuşdur ki, bu pozuntu da nəticə etibarı ilə sahibkarlıq subyekti olaraq yoxlama zamanı maraqlarının müdafiəsini və təşkilini mümkünsüz etmişdir. İstinad edilən “Qayda”nın 2.4-cü bəndində ehtiva olunmuşdur ki, yoxlama suallarının siyahısına daxil edilən tələblər sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən normativ hüquqi aktlara (o cümlədən texniki normativ hüquqi aktlara) uyğun formalaşdırılmalı və hər bir tələbin qarşısında sahibkarlıq fəaliyyətinə dair məcburi tələb müəyyən edən normativ hüquqi aktın adı, tarixi, nömrəsi və struktur elementləri göstərilməlidir. Müəssisəyə təqdim edilən yoxlama suallarının siyahısından da görünür ki, sözügedən siyahıda hər bir tələbin qarşısında sahibkarlıq fəaliyyətinə dair məcburi tələb müəyyən edən normativ hüquqi aktın adı, tarixi, nömrəsi və struktur elementləri göstərilməmişdir. Qeyd olunanlara əsasən "xxxx" ASC barədə aparılan inzibati icraata xitam verilməsi xahiş edilmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin nümayəndəsi X2 yazılı etirazda göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, nöqsanlar müəyyən edildiyi halda inzibati xəta haqqında protokol tərtib edilməzdən öncə ASC-yə icrası məcburi olan yazılı göstəriş verilməli olduğunu, ASC tərəfindən də həmin nöqsanların aradan qaldırılmalı olduğunu göstərmiş, inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 05 iyul 2021-ci il tarixli 000022 nömrəli qərarından görünür ki, 05 iyul 2021-ci il - 06 iyul 2021-ci il tarixlərdə (2 gün) ünvan 3 ünvanında yerləşən "xxxx" ASC-də plandankənar yoxlamanın aparılması, (Dövlət orqanı tərəfindən müraciət-təhlükə potensiallı obyektlərin qeydiyyatdan keçirilməməsi, bu cür malların əldə olunma mənbəyinin aşkar edilməməsi, müvafiq texniki sınaqların və yoxlamaların keçirilməməsi, radiasiya təhlükəsizliyinin təmini üçün müayinələrin aparılmaması, bununla da bir və ya bir neçə insanın əmək qabiliyyətinin müvəqqəti və ya daimi itirilməsi təhlükəsi) qərara alınmışdır; -Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, "xxxx" ASC-də plandankənar (növbədənkənar) yoxlamanın aparılması 01 iyul 2021-ci il tarixdə elektron qaydada qeydə alınmışdır; -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əməkdaşları tərəfindən "xxxx" ASC-nin İdarə Heyətinin sədri X3 iştirakı ilə (imza etməkdən imtina etmişdir) tərtib etdikləri 06 iyul 2021-ci il tarixli 000031 nömrəli yoxlama aktından və digər sənədlərdən görünür ki, ünvan 1 ünvanında yerləşən "xxxx" ASC-də texniki tənzimləmə haqqında qanunvericiliyin icrasına nəzarət, uyğunıuğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında qanunvericiliyin icrasına nəzarət və Dövlət metereoloji nəzarət sahələrinə uyğun olaraq 5-6 iyul 2021-ci il tarixlərdə yoxlama aparılmış və aşağıdakılar aşkar edilmişdir: Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış obyekt nümayəndəsinə təqdim olundu. Yoxlama barədə müvafiq qeydlər aparılması üçün “Nəzarət kitabçası” təqdim olunmadı. "xxxx" ASC dövlət reyestrində təhlükə potensiallı obyekt olaraq qeydiyyatdan keçmişdir və əsas fəaliyyəti 8-32 mm ölçülərdə A500C markalı armaturlar, pəstahlar, künclük, dördkünc və şveller və s. istehsal olunması və yerli, eyni zamanda xarici bazarda satışını həyata keçirməkdən ibarətdir. Yoxlama suallarının siyahısında qeyd olunan 989 nömrəli sualla bağlı aparılan yoxlama zamanı tərkibində qara metallar olan sənaye və istehsalat tullantılarının emalı ilə əlaqədar olan avadanlıq və qurğuların (avtomatik idarə olunan qızdırıcı soba, fasiləsiz tökmə maşını, induktivli əritmə sobasının, 2 saylı universal yayma xəttinin) texniki təhlükəsizlik standartlarına, normalarına, qaydalarına və texniki sənədlərə uyğun olmasını təsdiq edən “Texniki təhlükəsizlik sertifikatı”nın mövcud olduğu müəyyən olundu. Yoxlama suallarının siyahısında qeyd olunan 990 və 994 nömrəli suallarla bağlı aparılan yoxlama zamanı fiziki və hüquqi şəxslərdən tədarük olunan qara metal tullantılarının və istehsalda istifadə olunan xammalın (bükülmüş metal təbəqələrin) uyğunluq sertifikatının olmadığı aşkar olundu. Qeyd olunan xammal Rusiya Federasiyasından idxal olunur və bununla bağlı mənşə sertifikatı təqdim olundu. Beləliklə də, “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununun 19cu maddəsinin və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 5-ci bəndinin tələblərinin pozulduğu müəyyən olundu. Yoxlama suallarının siyahısında qeyd olunan 991, 992 və 993 nömrəli suallarla bağlı aparılan yoxlama zamanı metal tullantıların radiasiya müayinəsini aparmaq məqsədilə laboratoriyanın olmadığı və akkreditasiya edilmiş digər sahibkarlıq subyektinin laboratoriyası tərəfindən belə xidmətin göstərilmədiyi müəyyən olundu. Eyni zamanda metal tullantıların müayinəsi üçün istifadə olunan ölçmə vasitəsinin olmasına baxmayaraq yoxlanması haqqında şəhadətnamənin olmadığı və tipinin təsdiq edilmədiyi müəyyən olundu. Digər ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamələrin mövcud olmasına baxmayaraq tipinin təsdiq edilməsi haqqında sertifikatının olmadığı müəyyən olundu. Bununla da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 17 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Əvan və qara metal tullantılarının qəbulu, uçotu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilməsi” Qaydalarının 6.8ci bəndinin, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci, 11.3-cü və 12.5-ci bəndlərinin tələblərinin pozulduğu müəyyən olundu. Aşkar edilmiş qanun pozuntularına görə hüquqi şəxsin əməli Azərbaycan Respublikası İXM-nin 447.0.4 və 538.1-ci maddələri ilə tövsif olunaraq barəsində inzibati xəta haqqında protokol tərtib olundu. Yoxlama suallarının siyahısında qeyd olunan 995 nömrəli sualla bağlı aparılan yoxlama zamanı satılan metal məmulatlarının uyğunluq sertifikatının olduğu müəyyən olundu. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Hazırkı halda məhkəmə hesab edir ki, "xxxx" ASC tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz hüquqi şəxs "xxxx" ASC tərəfindən törədilmişdir. Belə ki, məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. İnzibati xətanın törədilib-törədilməməsinə və inzibati xəta törətmiş şəxsin müəyyən edilməsinə münasibətdə müəyyən olunmuşdur ki, törədilməsi ehtimal edilən qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalı, satılması, işlərin yerinə yetirilməsi, xidmətlərin göstərilməsi, habelə ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipinin təsdiq edilməməsi və (və ya) yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılması və (və ya) ölçmələrin attestasiya edilməmiş ölçmə metodikaları (metodları) ilə yerinə yetirilməsi, bu inzibati xətaların isə məhz hüquqi şəxs "xxxx" ASC tərəfindən törədilməsi məhkəmə tədqiqi zamanı toplanaraq tədqiq olunmuş sübutlarla tam təsdiq olunur. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası İXMnin 447.0.4 və 538.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla ASC-nin həmin maddələrlə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməllər düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 447.0.4 və 538.1-ci maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulmasına, yəni qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə-fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 538.1-ci maddəsinə əsasən ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş və (və ya) yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılmasına və (və ya) ölçmələrin attestasiya edilməmiş ölçmə metodikaları (metodları) ilə yerinə yetirilməsinə görə-vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hüquqi şəxsin nümayəndəsinin yazılı etirazında və məhkəmədə verdiyi izahatında irəli sürdüyü dəlillərlə razılaşmayaraq qeyd edir ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə əsasən "xxxx" ASC-də plandankənar (növbədənkənar) yoxlamanın aparılması qanunla müəyyən edilmiş qaydada qərar qəbul edilməklə təsdiq edilmiş və elektron qaydada qeydə alınmışdır, bundan başqa etiraz və izahatdan da görünür ki, inzibati xətanın törədilməsi inkar olunmur, əksinə, etiraf olunur və bu, aşkar olunmuş xətanın icrası məcburi olan yazılı göstərişlə aradan qaldırıla bilməsinin mümkünlüyü ilə izah edilir ki, bunun da əsası yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127- 4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 sentyabr 2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Məhkəmə hüquqi şəxs "xxxx" ASC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxs Azərbaycan Respublikası İXM-nin 447.0.4 və 538.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli, İXM-nin 34.3cü maddəsinin tələbinə əsasən və həmin maddənin şərhinə dair Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına uyğun olaraq, daha ciddi xəta hesab olunan İXM-nin 447.0.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İXM-nin 447.0.4 və 538.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 447.0.4cü maddəsi ilə barəsində 4000 (dörd min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar