Məhkəmə qərarları › İş №3(007)-2016/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2016/2025

22.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2016/2025 22.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi, ev 11E qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs xx.xx.2025-ci il tarixdə Q.Qarayev 89 ünvanında yerləşən “Siyah Bəyaz” adlı klubun qarşısında nalayiq söyüşlər işlədərək, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq asayişi pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru, polis mayoru X2 protokolun məzmununa uyğun izahat vermiş və Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs polis şöbəsinə gətirildikdən sonra yenə də, polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməyə davam edib, iş rejimi pozub. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, dünən gecə tutulub, arvadı ilə nikahı pozulub, uşaqları var, məhkumluğu yoxdur. O, sərxoş vəziyyətdə idi, hadisə dəqiq yadında deyil. Səs-küy salıb, sonra polislər onu polis bölməsinə gətirib. Etdiyi əmələ görə peşmandır. Qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN X5 Alayının patrul bölüyü polis nəfəri, polis serjantı X4 izahatında göstərmişdir ki, “Lotos” adlı ticarət mərkəzinin arxasında xidmətdə olarkən bir nəfər şəxsin küçədə səs-küy saldığını, nalayiq ifadələr işlətdiyini görüblər.Onu sakitləşdirməyə çalışsalar da, onlara tabe olmamış, onların ünvanlarına nalayiq ifadələr işlədib. Sonra şəxsi polis şöbəsinə aparıblar, şəxs şöbədə də əməlinə davam edib. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddələrlə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddələrlə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, lakin İXM-nin 34.3-cü maddəsinin tələbləri baxımından daha ciddi xəta hesab olunan İXM-nin 535.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş Şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxsin inzibati xətanı sərxoş halda törətməsini Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alır. İşdə olan xx.xx.2025-ci il tarixli 2/22205 nömrəli tibbi müayinə protokolundan görünür ki, Şəxs həmin tarixdə saat 05:05-də keçirilən tibbi müayinəsi zamanı onda orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Ona görə məhkəmə həmin halı inzibati xəta törətmiş şəxsin məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, daha əvvəl Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati tənbeh tətbiq edilməsini, Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmasını nəzərə alaraq, İXM-nin 510 və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyib, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materialları ilə müəyyən olunur ki, Şəxs hazırkı işlə bağlı 22 aprel 2025-ci il tarixdə saat 05:30-da tutulmuşdur, ona görə məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı həmin vaxtdan hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 535.1-ci maddəsi ilə barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 22 aprel 2025-ci il saat 05:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar