Məhkəmə qərarları › İş №3(007)-2017/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-2017/2025

22.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-2017/2025 22.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan inzibati materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsi tərəfindən Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə 22 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Daxil olmuş materialı nəzərdən keçirib, hesab edirəm ki, inzibati xəta haqqında protokola dair material protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır; 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır; 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Qeyd olunmalıdır ki, 23-cü polis bölməsinin təhqiqatçısı Abbas Məmmədovun icraatında Vəkilov Ramal Ramin oğlunun DİN-nin 102 xidmətinə müraciəti əsasında toplanmış HK/1-97 nömrəli material olmuşdur. Həmin material üzrə Vəkilov Ramal Ramin oğlu xx.xx.2025-ci il tarixdə avtomobilin yan şüşəsinin sındırılması yolu ilə arvadı Vəkilova Aygün Müalib qızına məxsus olan çantadan 100 ABŞ dolları, 70 manat pul, bank kartları olan pul kisəsinin oğurlanması barədə məlumat vermişdir. Həmçinin, o, 23-cü PB-də verdiyi izahatında həmin halı təsdiq etməklə yanaşı baş vermiş 300 manat pul vəsaitinin, bank kartlarının naməlum şəxs tərəfindən oğurlanması nəticəsində maddi ziyan dəydiyini qeyd etmişdir. Təhqiqat orqanı da naməlum şəxsin törətdiyi oğurluq əməli nəticəsində Vəkilov Ramal Ramin oğluna 300 manat maddi ziyan vurulmasının müəyyən edilməsi, lakin bu ziyan az əhəmiyyətli olduğundan (500 manatadək) Azərbaycan Respublikası CMnin 177.1-ci maddəsinin tərkib əlamətini yaratmaması qənaətinə gələrək, 25 yanvar 2025ci il tarixli qərarla cinayət işinin başlanmasının rədd edilməsini qərara almış, oğurluğu törətmiş şəxsin müəyyən olunaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi məsələsinin həlli üçün qərarı 23-cü polis bölməsinin müvafiq şəxsinə həvalə etmişdir. Göründüyü kimi, maddi zərər yetirildiyi hesab olunan Vəkilova Aygün Müalib qızı iş üzrə zərərçəkmiş qismində cəlb olunaraq araşdırmada iştirakı təmin olunmamış, oğurlandığı ehtimal olunan pulun həqiqətən həmin şəxsə məxsus olması, dəymiş ziyanın məbləği və digər bu kimi zəruri hallar araşdırılmamış, inzibati xəta nəticəsində dəymiş ziyanın həcmini (avtobilin şüşəsi, pul və bank kartları (sayı və dəyəri), pul kisəsi (dəyəri, markası, əlamətləri) ayrı-ayrılıqda göstərilməklə) göstərən, mötəbər hesab olunacaq sübut əldə edilməmişdir, ümumiyyətlə zərərçəkmiş şəxslərə münasibətdə inzibati xətalar qanunvericiliyinin tələblərinə əməl edilməmiş, hüquq və vəzifələrini həyata keçirməsinə şərait yaradılmamışdır. Bundan başqa, inzibati xəta haqqında protokolun özü də inzibati xətalar qanunvericiliyinin tələblərinə cavab vermir, natamam tərtib edilmişdir, inzibati xətanın düzgün mahiyyəti, dəymiş zərərin məbləği, zərərçəkmiş şəxslər barədə məlumatlar və digər bu kimi zəruri məlumatlar göstərilməmişdir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli Qərarına əsasən inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Eyni zamanda həmin Qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, inzibati araşdırma və protokolun tərtib olunması zamanı göstərilən qaydada inzibati xətalar qanunvericiliyinin müvafiq tələbləri pozulduğu, təqdim edilmiş materiallar natamam olduğu və işə baxılarkən tamamlamaq mümkün olmadığı üçün Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola dair material geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 109 və 118ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş 22 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar