Məhkəmə qərarları › İş №3(007)-2019/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2019/2021

13.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2019/2021 13.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X3 nümayəndəsi və vəkili, “Kredo” vəkil bürosunun vəkili Vəkil, qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X7 iştirakları ilə, X3 Azərbaycan Respublikası Mərkəzi Bankının 07 iyul 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 Azərbaycan Respublikası Mərkəzi Bankının 07 iyul 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi (VÖEN **********) barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 8 may 2021-ci il tarixdə MN ******* nömrəli protokol və onun əsasında 7 iyul 2021-ci il tarixdə MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İş materiallarına əlavə olunan sənəddən də görünür ki, Günay bank ASCdəki bank hesabından 22 aprel 2019-cu il tarixdə 194820.00 ABŞ dolları məbləğində qabaqcadan köçürülmüş ödənişin bəyan edilməyən 194820.00 ABŞ dolları hissəsi ilə əlaqədar inzibati xətayla bağlı protokol və onun əsasında qərar qəbul edilmişdir. Barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 8 may 2021-ci il tarixdə MN ******* nömrəli protokol və onun əsasında 7 iyul 2021-ci il tarixdə MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır. İnzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasmda nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməmişdir. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Belə ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməli, süründürməçiliyə yol vermədən, həmin işlərə qanunla müəyyən edilmiş müddətlərə ciddi riayət etməklə baxmalıdırlar. Lakin yuxarıda qeyd olunanlardan da göründüyü kimi inzibati orqan fiziki şəxsin konkret təqsirini müəyyən etmədən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir, ona görə də ləğv olunmalıdır. İş materiallarına əlavə olunan sənəddən də göründüyü kimi X1 Arbitraj Məhkəməsində cavabdeh Rusiya şirkəti olan və pulu qəbul edən X13 şirkətinə qarşı iddia qaldırmaqla müqavilə üzrə həmin şirkət öz öhdəliklərini icra etmədiklərinə görə ödənilmiş pulu geri qaytarmalarını tələb etmişdir. Bu isə birmənalı olaraq onun təqsirinin olmadığına dəlalət edir. Şikayətinin təmin olunmasını və Mərkəzi Bank tərəfindən barəsində tərtib edilən MN ******* nömrəli protokol və onun əsasında qəbul edilən MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X3 nümayəndəsi və vəkili Vəkil şikayətin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X9 şikayətin dəlilləri ilə razılaşmayaraq, izahatında göstərmişdir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X6 bağladığı 19 aprel 2019-cu il tarixli müqavilə əsasında 194.820.00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından 22 aprel 2019-cu il tarixdə ölkədən kənara qabaqcadan ödəniş etməklə köçürmüş, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçsə də, həmin məbləğdə vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bu fakt daha əvvəldən X4 məlum olsa da, onun tərəfindən bu məsələ ilə bağlı hər hansı tədbir görülməmiş, yalnız onların rəsmi bildirişindən sonra məhkəmədə həmin MMC-yə qarşı iddia qaldırmışdır. Sanki o, pulun geri qaytarılması və ya malın alınması məqsədi ilə deyil, barəsində protokolun tərtib edilməsindən sonra məhkəməyə müraciət etmişdir. Şikayətdə qeyd edilən fors major hallarını təsdiq edən hal, sübut yoxdur ki, qərarın ləğv edilməsinə əsas olsun. İnzibati tənbeh vermə haqqında qərardan X6 tərəfindən verilmiş şikayət əsassız və qanunsuz olduğundan təmin edilməməsini, həmin inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Azərbaycan Respublikası Mərkəzi Bankının İnzibati icraat və məhkəmə işləri şöbəsinin əməkdaşı tərəfindən tərtib olunmuş 08 may 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X6 194.820.00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından 22 aprel 2019-cu il tarixdə ölkədən kənara qabaqcadan ödəniş etməklə köçürmüş, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçsə də, 194.820.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Xəta 22 aprel 2021-ci il tarixdə hüquqi şəxsin ünvan 1 ünvanında törədilmişdir; -Azərbaycan Respublikası Mərkəzi Bankının 07 iyul 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, X6 08 may 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 194.820.00 ABŞ dollarının 10%-i həcmində, 19.482 ABŞ dolları məbləğində inzibati cərimə edilmişdir; -İddia ərizəsinin, müqavilənin və qərardadların surətlərindən görünür ki, iddiaçı X6 cavabdeh “X14” MMC-yə qarşı həmin MMC-nin 194.820.00 ABŞ dolları dəyərində malları X4 göndərilməsi ilə bağlı aralarında bağlanmış 19 aprel 2019-cu il tarixli müqavilə ilə müəyyən edilmiş öhdəliklərini yerinə yetirmədiyinə görə “pul” tələbinə dair iddia ərizəsi ilə Rusiya Federasiyasının Arbitraj Məhkəməsinə müraciət etmiş, iddia ərizəsi həmin məhkəmənin icraatına qəbul edilmiş, iş üzrə hazırlıq iclası 22 iyun 2021-ci il tarixdə keçirilərək məhkəmə baxışı 31 avqust 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Qərardan şikayət vermiş X3 194.820.00 ABŞ dolları məbləğində olan pul vəsaitini bank hesabından 22 aprel 2019-cu il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürməsi, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçsə də, 194.820.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlərin banka təqdim edilməməsi, qabaqcadan ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması işin mübahisəsiz halı olmaqla, qərardan şikayət vermiş şəxsin özü tərəfindən də etiraf edilir, məhkəmə iclasında tədqiq olunmuş müvafiq sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mərkəzi X12 20 fevral 2020-ci il tarixli 06/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması-həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Göründüyü kimi, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X3 Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qanuni və əsaslı olmuşdur. Şikayət vermiş şəxsin qərarın ləğv edilməli olmasına əsas kimi irəli sürdüyü dəlilə münasibətdə məhkəmə qeyd edir ki, müqavilə tərəfi olan “X14” MMCnin malların gətirilməsi və xidmətlərin göstərilməsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməməsinin məhz həmin MMC-nin təqsiri üzündən baş verdiyinə, bu halın isə X3 iradəsindən asılı olmayan səbəblə bağlı olduğuna dair sübutlar mövcud deyildir, hazırda müqavilə tərəfləri arasında məhkəmə mübahisəsi davam edir, mübahisənin xarakterindən asılı olaraq məhkəmə icraatının uzanması ehtimalı böyükdür, həmin iş üzrə yekun məhkəmə aktı çıxarılmalı, qəbul ediləcək qərar qanuni qüvvəyə minməlidir, məhkəmənin isə mübahisə üzrə hansı qərar qəbul edəcəyi məlum deyildir. Təqdiq olunmuş sübutların məcmusuna əsasən məhkəmə belə qənaətə gəlir ki, X3 irəli sürdüyü dəlillər mübahisələndirilən qərarın ləğv edilərək işin icraatına xitam verilməsi üçün əsas kimi hesab oluna bilməz. Bundan başqa məhkəmə vacib məqamı xatırlatmağı zəruri hesab edərək, qeyd edir ki, X6 194.820.00 ABŞ dolları məbləğində pul vəsaitini 22 aprel 2019-cu il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürdüyü dövrdə qüvvədə olan qanunvericiliyə görə, ödənişin aparıldığı gündən 270 gündən artıq müddət keçdiyi halda həmin məbləğdə vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlərin banka təqdim edilməməsi, qabaqcadan ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə səbəb olurdu, hansı ki, 22 aprel 2019-cu il tarixdən hesablandıqda, 270 gün müddət 22 yanvar 2020-ci il tarixdə başa çatırdı. İnzibati məsuliyyətə cəlb etməyə əsas verən 270 gün müddət isə Azərbaycan Respublikası Mərkəzi X12 20 fevral 2020-ci il tarixli qərarı ilə 2 illə əvəz edilmişdir. Buradan da görünür ki, “X14” MMC-nin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi, bundan boyun qaçırması faktı qanunvericilikdə müddətlə bağlı dəyişikliyin edilməsindən daha əvvəl, 22 yanvar 2020-ci il tarixədək X4 məlum olmuşdur. X2 qeyd edilən müddətədək deyil, məhz barəsində inzibati xəta haqqında protokol tərtib edilən ərəfədə, 2021-ci ilin aprel-may aylarında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, məhkəmə qanunvericiliyin istinad olunan normalarına və işin faktiki hallarına əsasən şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı inzibati xətalar qanunvericiliyinin tələbləri pozulmamışdır, X3 Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə 07 iyul 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X3 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Mərkəzi Bankının 07 iyul 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar