Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2021/2021 04.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs MMC mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin inzibati təcrübə üzrə inspektoru, polis kapitanı Ş.Ə.Vahidov tərəfindən 12.07.2021-ci il tarixdə AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC və Bakı şəhəri Nizami rayon Polis İdarəsi məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru Toğrul Paşayev etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri Nizami Rayon Polis İdarəsi tərəfindən Şəxs MMC-nin mülkiyyətində olan “Changan” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən fiziki şəxsin inzibati xəta törətməsi ilə əlaqədar onun barəsində məlumat verilməsi barədə sorğu göndərilmiş, lakin həmin sorğu Şəxs MMC-nin işçisi (səlahiyyətli şəxs) tərəfindən qəbul edilməmiş, məlumatın müvafiq səlahiyyətli şəxs tərəfindən alınması, MMC-yə daxil olması öz təsdiqini tapmamışdır. Digər tərəfdən elektron məhkəmə sistemi vasitəsilə əldə olunan sənədlərdən görünür ki, cəmiyyətə göndərilən sorğu da inzibati xəta haqqında iş üzrə icraat materiallarında öz əksini tapmamışdır. Həmçinin inzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə olunan poçt xəbərnaməsindən də göründüyü kimi məktubu “Elvin Hacıyev” ad soyadlı şəxs qəbul etmişdir. Şəxs MMC tərəfindən rəsmi qaydada təsdiq edilmiş bütün işçilərin siyahısından da göründüyü kimi sözügedən cəmiyyətin ümumiyyətlə “Elvin Hacıyev” ad soyadlı işçisi mövcud deyildir. Xəbərnaməyə imza edərək sorğunu qəbul edən şəxsin MMC-yə aidiyyəti məlum olmadığından qanunda nəzərdə tutulan səlahiyyətli şəxs olaraq qəbul edilə və iş materiallarında olan təsdiqlənməmiş məlumat, barəsində inzibati xəta haqqında iş aparılan hüquqi şəxsin inzibati qaydada tənbeh olunmasına əsas olan sübut növündə qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın təsdiq edilməsi barədə 0001 №-li, 06.02.2016-cı il tarixli Qərarının 9.13-cü bəndinə əsasən, hüquqi şəxslərə ünvanlanmış sadə və sifarişli məktublar, poçt kartları, poçt göndərişlərinin və pul köçürmələrinin çatdırılması haqqında xəbərnamələr, poçt göndərişlərinin və pul köçürmələrinin daxil olması haqqında bildirişlər, dövrü çap nəşrləri, əgər poçt rabitəsi operatoru ilə bu hüquqi şəxslər (müəssisələr) arasında bağlanmış müqavilə ilə digər qayda müəyyən edilməyibsə, hüquqi şəxsin yerləşdiyi binanın birinci mərtəbəsində dəftərxana, ekspedisiya şöbələrinə çatdırılır və ya poçt obyektində hüquqi şəxsin səlahiyyətli nümayəndəsinə etibarnamə əsasında verilir. Görünüdüyü kimi, Bakı şəhəri Nizami Rayon Polis İdarəsi DYPŞ tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən inzibati xətalar qanunvericiliyinin tələbləri pozulmuşdur. Bununla yanaşı inzibati xəta haqqında icraat səthi aparılmaqla, kifayət qədər sübutlar əldə edilmədən, ehtimallara əsaslanaraq inzibati xəta haqqında protokol tərtib edilmiş, həmçinin tam, obyektiv və hərtərəfli araşdırma aparılmamışdır. Göstərilənlərə əsasən inzibati xəta tərkibinin olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin DYPŞ tərəfindən Şəxs MMC-yə ünvanlanmış bildirişdən görünür ki, 01.06.2021-ci il tarixdə saat 14:13-də “Changan CS15” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ünvan 2 ünvanında dayanma qaydaları pozulmuşdur. Törədilmiş xətaya görə Azərbaycan Respublikası İXMnin 346.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulur. Şəxs MMC-dən inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat (adı, soyadı, atasının adı, sürücülük vəsiqəsinin seriya və nömrəsi) verilməsi xahiş olunmuş, sorğunun rəsmi qaydada alındığı vaxtdan 5 gün müddətində tələb olunan məlumatın verilməməsinə görə Məcəllənin 347-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulduğu barədə xəbərdar olunmuşdur. - həmin sorğuya əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnamənin surətindən görünür ki, xəbərnamədə sorğunun 14.06.2021-ci tarixdə “Hacıyev Elvin” adlı şəxsə təqdim edilməsi qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati xəta törətməkdə təqsirli olan şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 123.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Həmin Məcəllənin 123.3-cü maddəsinə əsasən bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Göründüyü kimi qanunvericiliyin mənasına görə Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyətin yaranması üçün inzibati xəta törətmiş fiziki şəxs barəsində nəqliyyat vasitəsinin mülkiyyətçisi olan hüquqi şəxsə səlahiyyətli orqan tərəfindən sorğu verilməli, həmin sorğu hüquqi şəxsə təqdim olunmalı (daxil olmalı) və bundan sonra hüquqi şəxs tərəfindən 5 gün müddətində sorğuya cavab verilməlidir. Hazırkı iş üzrə Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin sorğusu Şəxs MMC-yə ünvanlansa da həmin sorğunun faktiki olaraq həmin cəmiyyətə göndərilməsini və vəzifəli şəxsi tərəfindən qəbul olunmasını təsdiq edən mötəbər sənəd əlavə olunmamışdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin DYPŞ tərəfindən Şəxs MMC-yə sorğunun göndərilməsi və müvafiq vəzifəli şəxsi tərəfindən qəbul olunması sübut olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-2021/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2021/2021
04.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver