Məhkəmə qərarları › İş №3(007)-2024/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2024/2025

07.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2024/2025 07.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənova Vəfa Oruc qızının katibliyi, qərardan şikayət vermiş Dzhavadzade Tabrızın (X1) iştirakı ilə, Dzhavadzade Tabrızın (X1) inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Dzhavadzade Tabrız (X1) Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin 10 fevral 2025-ci il tarixli, EQ seriyalı, 26011770 nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Bununla yanaşı, Dzhavadzade Tabrızın (X1) yazılı vəsatətinə əsasən şikayətə onun yaşadığı yerə üzrə məhkəmədə baxılmış və inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatət vermiş, məhkəmənin 28 aprel 2025-ci il tarixli qərardadı ilə qeyd olunan vəsatət təmin edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 09 fevral 2025-ci il tarixdə “Mercedes C- Class” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobillə M.Şərifzadə küçəsi ilə hərəkət edərək General A.Abbasov küçəsi ilə kəsişməsindən dönmək qərarına gəlmişdir. Nəzarət olunan kəsişmədə svetoforun yaşıl işığı yanarkən dayanma (stop) xəttini keçmişdir. Yol kəsişməsinə girib, qarşıdan gələn nəqliyyat vasitələrin axınını buraxmaq üçün dayanmışdır. Qarşıdan gələn nəqliyyat vasitələri keçdikdən sonra manevri tamamlayıb geriyə dönmüşdür. Dayanma xəttini svetoforun yaşıl işığı yanarkən keçmişdir. Qırmızı işıq bir müddət sonra (o artıq kəsişmədə olanda) yanmışdır. Protokolda qeyd olunur ki, o, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə uyğun olaraq inzibati xəta törətmişdir. Lakin protokola əlavə edilən videoqeydiyyatda svetoforun qırmızı işığında dayanma (stop) xəttini keçməsi ilə bağlı heç bir sübut yoxdur. Video artıq yol ayrıcında olduğu andan başlayır. Hesab edir ki, bu, BDYPİ inspektorları tərəfindən qəsdən edilib ki, videoda işıqforun yaşıl işığında dayanma xəttini keçməyi görünməsin. Azərbaycan Respublikasının “Yol hərəkət qaydaları”nın 76-cı maddəsinin İV-cü bəndi isə “icazə siqnalı yanarkən yolayrıcına girmiş sürücü yolayrıcının çıxışında qoyulmuş svetoforun siqnalından asılı olmayaraq, nəzərdə tutulan istiqamətdə dayanmadan hərəkət etməlidir, bu zaman qalan nəqliyyat vasitələri ona maneə törətməməlidirlər”. Hadisə xx.xx.2025-ci il tarixində baş vermişdir. Lakin protokol yalnız ertəsi gün - xx.xx.2025-ci il tarixində ona təqdim olunmuşdur. Protokol ilə tanış olduqdan sonra dərhal 902 xidmətinə zəng etmiş və şikayətini bildirmişdir. Təəssüf ki, həmin xidmət vasitəsilə cavab almaq mümkün olmamışdır. Bunun ardınca 102 xidmətinə müraciət etmiş və eyni zamanda Baş Dövlət Yol Polisi İdarəsinin rəsmi internet səhifəsində (https: //www.dyp.gov.az/) şikayət ərizəsi göndərmişdir. Eyni məzmunlu ərizə Elektron ünvan elektron poçt ünvanına da göndərilmişdir. Heç bir yerdən cavab gəlmədiyinə görə 902-yə zəng etməyə davam etmiş və xx.xx.2025-ci ildə nəhayət ki, onun zəngini cavablamışlar və zəngdə olan operator ona demişdir ki, dayanma xəttini hansı işıqforda keçdiyini öyrənmək üçün videokamera qeydlərinə baxacaq. 30-40 dəqiqədən sonra ona təkrar zəng edəndə, həmin polis əməkdaşı onu əmin etmişdir ki, video çəkilişlərə görə, həqiqətən də, yaşıl işıqda dayanma xəttini keçmişdir. Ona protokolun ləğv olunacağına və heç yerə getməyinə ehtiyac olmadığına inandırmışdır. Təəssüf ki, bir ay keçməsinə baxmayaraq, protokol hələ də qüvvədədir və ləğv edilməmişdir. Gözləməmək qərarına gəlmiş və xx.xx.2025-ci il tarixdə BDYPİ baş idarəyə getmiş və bu protokoldan apellyasiya şikayəti vermişdir. Ərizə BDYPİ baş idarədə D-10793 nömrə ilə qeydə alınmış və icraçı A.Zahidov təyin edilmişdir. xx.xx.2025-ci ildə saat 15:11 ona rəsmi cavab gəlmişdir ki, araşdırma zamanı protokolun qüvvədə qalmasına qərar verilib. Gözləmədən o, dərhal BDYPİ baş idarəyə getmişdir ki, bu məsələni A.Zahidovla danışsın. Saat 16:00-da o, BDYPİ baş idarədə olmuş, lakin A.Zahidov və onun şöbə rəisi idarədə olmadığından növbətçilər onu içəri buraxmamışlar. Ertəsi gün xx.xx.2025-ci ildə A.Zahidovu görmək üçün yenidən baş idarəyə getmişdir. Protokolun sübutsuz şəkildə qüvvədə saxlanılmasının səbəbləri barədə sual verdikdə, cavab ala bilməmiş və ona bu barədə heç bir əsaslandırma təqdim olunmamışdır. “Məhkəməyə get, qərardan apellyasiya şikayəti ver” - A.Zahidov ona bu qədər demişdir, ondan başqa heç bir cavab almamışdır. Ədalətə qovuşmağa çalışaraq Fikrət adlı rəhbərliyinin yanına getmişdir (A.Zahidovun şöbə rəisin müavini). Təəssüf ki, Fikrət adlı şəxs də ona heç bir kömək etməmiş və o da onu məhkəməyə göndərmişdir. Göstərilənlərə əsasən, Bakı şəhər DYP-nin 10 fevral 2025-ci il tarixli EQ 26011770 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını, inzibati tənbeh vermə haqqında qərarın qüvvədən salınmasını, protokolun sübutsuz tərtib edilməsinə və şikayətinə baxış zamanı obyektivlik prinsipinin pozulmasına görə məsul şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş Dzhavadzade Tabrız (X1) şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, o, 5 saniyə əvvəl yol ayrıcına girdikdə svetoforun yaşıl işığı yanırdı. Təqdim olunan video görüntü onun qayda pozuntusu törətdiyini göstərmir. İnzibati xətanın törədilməsində təqsiri olmadığını nəzərə alaraq, şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmiş, mübahisələndirilən qərarın qəbul olunmasına əsas olan materialları (sübutları), habelə, Dzhavadzade Tabrızın (X1) Baş Dövlət Yol Polis İdarəsinə müraciət edib-etməməsinə, müsbət halda araşdırmanın nəticələrinə dair məlumatları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilərək mübahisələndirilən qərar ləğv olunmalı, lakin hazırkı halda iş üzrə icraata xitam verilməsi üçün əsaslar müəyyən edilmədiyi üçün inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılmalı olduğundan materiallar aidiyyəti üzrə göndərilməlidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirilməmişdir. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar; 59-cu maddəsinin İ hissəsinə əsasən yollarda, yolayrıclarında və digər yerlərdə yol hərəkətini nizama salmaq üçün svetoforlardan istifadə olunur. Svetoforların vasitəsi ilə verilən siqnallarda yaşıl, sarı, qırmızı və ağ-sarımtıl rənglər tətbiq edilir; 60-cı maddəsinin İ hissəsinə əsasən svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir; 64-cü maddəsinin İ hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Lakin məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, inzibati xəta haqqında işə Dzhavadzade Tabrızın (X1) iştirakı olmadan baxılmış, onun İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan hüquqları, o cümlədən izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək və s. hüquqları təmin edilməmişdir. Ona görə də, Dzhavadzade Tabrız (X1) Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsini təsdiq edən sübutlar toplanıb tədqiq edilmədən, yalnız ehtimallar əsasında o, təqsirli bilinərək inzibati qaydada tənbeh olunmuş, bununla da həmin qərarın qəbul olunması ilə şəxsin hüquqları pozulmuşdur. Məhkəmə bu zaman nəzərə alır ki, İXM-nin 115-ci maddəsinin ziddinə olaraq iş üçün nühüm əhəmiyyət kəsb edən faktiki halların qəbul edilən inzibati tənbeh vermə haqqında qərarda göstərilməməsi, inzibati xəta haqqında qərar qəbul etmiş orqanın səlahiyyətli orqanın (vəzifəli şəxsin) İXM-nin 8, 75 və 76-cı maddələrinin tələblərinə zidd olaraq inzibati xəta törətmiş şəxsin təqsirliliyini sübut etmək vəzifəsini yerinə yetirmək üçün sübutları təqdim etməməsi, belə nəticəyə gəlməyə əsas verir ki, həmin səlahiyyətli orqan (vəzifəli şəxs) iş üçün əhəmiyyətli halları sübuta yetirməmişdir. Ona görə məhkəmə hesab edir ki, Dzhavadzade Tabrız (X1) tərəfindən törədilməsi ehtimal edilən inzibati xəta üzrə ilkin araşdırma zamanı müvafiq hallar araşdırılaraq inzibati xətaya düzgün hüquqi qiymət verilmədiyi halda, onların məhkəmə baxışı zamanı araşdırılması qeyri-mümkündür, inzibati araşdırma qaydasında müvafiq sübutlar tədqiq olunaraq qiymətləndirilməli, zərurət yarandıqda digər hərəkətlər həyata keçirilməli, daha sonra şəxsin təsirlilik məsələsi həll edilməlidir. Bu zaman, həmçinin Dzhavadzade Tabrızın (X1) şikayətində qeyd etdiyi, 14 fevral 2025-ci il tarixdə onun müraciətini (“902” xidməti zəng nömrəsi) cavablandırmış əməkdaşın “yaşıl işıqda dayanma xəttini keçməsi, protokolun ləğv olunacağı və heç yerə getməyinə ehtiyac olmadığı” barədə göstərdikləri də araşdırmalı və müvafiq qaydada qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, Dzhavadzade Tabrız (X1) şikayətində irəli sürülən dəlillər əsaslı olmaqla, mübahisələndirilən qərarı qəbul etmiş səlahiyyətli orqan tərəfindən gəlinən nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığına, həmin nəticələr işin faktiki hallarına uyğun olmadığına, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədiyinə, İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğuna görə, Dzhavadzade Tabrızın (X1) barəsindəki 10 fevral 2025-ci il tarixli, EQ seriyalı, 26011770 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar müvafiq orqana göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Dzhavadzade Tabrız (X1) barəsindəki 10 fevral 2025-ci il tarixli, EQ seriyalı, 26011770 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin, iş üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar