Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-2025/2022 31.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə 31 avqust 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli və Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə 31 avqust 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmiş, toplanmış sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmənin 31 avqust 2022-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan 3(007)-2025/2022 nömrəli və həmin maddə ilə olan 3(007)-2026/2022 nömrəli inzibati xəta haqqında işlər bir icraatda birləşdirilmiş, birləşdirilmiş işdə 3(007)-2025/2022 nömrəsi saxlanılmışdır. 31 avqust 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs 04 iyul 2022-ci il tarixdə X3 məxsus “Samsung S8” markalı telefonu, bir ədəd qulaqcığı və iki ədəd dəftəri M.H.Kazımov küçəsində oğurlamışdır. 31 avqust 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs 30 iyul 2022-ci il tarixdə Keşlə qəsəbəsi, Əzimzadə küçəsində X2 məxsus “iPhone 6” markalı telefonu oğurlamışdır. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Məhkəmə qeyd edir ki, baxmayaraq ki, inzibati material baxılması üçün məhkəmənin icraatına qəbul edilmişdir, işin faktiki halları mahiyyəti üzrə işə baxılıb yekunlaşdırılmasını mümkünsüz etmişdir. Belə ki, işin faktiki hallarının məhkəmə iclasında araşdırılmasının qeyri-mümkünlüyü onunla bağlı olmuşdur ki, zərərçəkmiş şəxslər məhkəmə iclasında iştirak etməmişlər, inzibati xəta haqqında protokolu tərtib edən şəxslərin verdiyi şufahi məlumata görə, zərərçəkmişlərdən biri Rusiya Federasiyasına getmişdir, digəri isə işdə olduğundan gələ bilməmişdir. Zərərçəkmiş şəxslərin dəymiş zərəri tələb edib-etməmələri, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilə barışmaq fikirlərinin olub-olmaması müəyyən edilməlidir, hansı ki, nəticə etibarı ilə bu halda işin icraatına xitam verilməlidir. Şəxsin inzibati məsuliyyətə cəlb olunduğu maddənin sanksiyasında inzibati həbs nəzərdə tutulması ilə əlaqədar isə, işə qanunla müəyyən edilmiş qısa müddətdə baxılmalı olduğundan həmin şəxslərin gəlməsinədək məhkəmə iclasının təxirə salınması mümkün deyildir. Nəzərə alınmalıdır ki, 31 avqust 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda zərərçəkmiş şəxsə dəyən maddi ziyanın məbləği göstərilməmişdir, zərərçəkmiş şəxs X4 yazılı izahatında ona dəymiş ziyanın məbləğini 49 manat kimi göstərməsinə baxmayaraq, təhqiqatçı tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd olunmasına dair qərarda həmin ziyanın məbləği 490 manat kimi göstərilmiş, lakin bununla bağlı ziddiyyət təhqiqat orqanı tərəfindən araşdırılmamış, eləcə də inzibati material icraatına verilmiş sahə inspektoru da iş üzrə inzibati icraata başlasa da həmin məsələnin dəqiqləşdirilməsi məqsədi ilə araşdırma aparmamışdır. Bundan başqa materialda oğurluq əməlinin avtomobildə törədilməsi qeyd olunmuş, lakin avtomobilin markası, dövlət qeydiyyat nişanı müəyyən edilib bu barədə materiallarda qeydiyyat aparılmamış, avtomobilin ümumiyyətlə zərərçəkmiş şəxsə məxsus olub-olmaması, onun qeydiyyat və digər hüquqmüəyyənedici sənədləri götürülməmişdir. 31 avqust 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda zərərçəkmiş şəxsə dəyən maddi ziyanın məbləği göstərilməmişdir, zərərçəkmiş şəxs X1 ərizəsi və izahatı materiala əlavə edilməmişdir, dəyən zərərin məbləğini təsdiq edən sübutlar mövcud deyildir. Bundan başqa inzibati xətanı törətməsi ehtimal edilən Şəxs hansı qaydada müəyyən edilib inzibati araşdırmaya cəlb edilməsi barədə sübutlar iş materillarına əlavə edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan pozuntuların məhkəmədə işə baxılaraq tam həlli, aradan qaldırılması mümkün olmadığından toplanmış material inzibati xəta haqqında protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş 31 avqust 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli və 31 avqust 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2025/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-2025/2022
31.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver