Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2026/2020 14.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Ələsgərova Aytac Hikmət qızının katibliyi, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru, polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1981-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2020-ci il tarixdə saat 19:00-da Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev 81 ünvanında yerləşən “Lotos” ticarət mərkəzinin yaxınlığında polisin qanuni tələbinə tabe olmamışdır. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru, polis kapitanı R.S.Museyibov tərəfindən xx.xx.2020-ci il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru, polis kapitanı X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası DİN-nin X8 Alayının Patrul bölüyünün polis nəfəri, polis serjantı X3 bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 19:00-da iki nəfər şəxsin Bakı şəhəri, Nizami rayonu “Lotos” ticarət mərkəzinin arxasında kənardan sərxoş vəziyyətdə olduqları hiss olunan dərəcədə hərəkət etməklə ətrafdakıların narazılığına səbəb olan tərzdə ucadan danışaraq nalayiq ifadələr işlətdiyini müşahidə etmişlər. Həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim edərək qanuna riayət etməklə ictimai asayiş qaydalarını pozmamalarını xahiş etmişlər. Lakin həmin şəxslər onların qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etmişlər. Həmin şəxslərdən dəfələrlə qanuna riayət etmələrini tələb etmələrinə baxmayaraq həmin şəxslər onların qanuni tələblərinə tabe olmamışlar. Həmin şəxslərin qanunsuz hərəkətlərinin qarşısını almaqları üçün onları 24-cü PŞ-nə dəvət etmişlər. Polis şöbəsində də həmin şəxslər qanunsuz hərəkətlərini davam etdirmişlər. PŞ-də həmin şəxslərin X1 və Şəxs olduqları müəyyən edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası DİN-nin X8 Alayının Patrul bölüyünün polis nəfəri, polis serjantı Zeynalov Ucal Rövşən oğlu polis nəfəri X3 ilə oxşar məzmunda izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, qardaşı Yadulla könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Nəsimi rayon İdarəsinə gedib döyüş bölgəsinə getmək istədiyini bildirmiş, orada ona ehtiyac olmadığını bildirərək adını siyahıya yazmamışlar. xx.xx.2020-ci il tarixdə Yadulla ilə birlikdə Nizami rayonunda yerləşən kafelərin birində yeyib-içmişdir. Yadulla ölkədə gedən müharibə ilə bağlı erməniləri söymüşdür. O, Yadullanı sakitləşdirmək istəmişdir. Bu zaman polis əməkdaşları onlara yaxınlaşıb nizam-intizama dəvət etmişlər. Yadulla sakitləşməmiş, erməniləri söyməyə davam etmişdir. Sərxoş olduğundan yıxılaraq başından xəsarət almışdır. Əməlindən peşmandır. Məhkəmədən barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - inzibati qaydada tutma haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 20:50-də inzibati qaydada tutulmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında” 2/9655 saylı, xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 21:30-da müayinə olunan Şəxs orta dərəcəli sərxoş olduğu müəyyən olunmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1 bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs inzibati xətanı sərxoş halda törətməsi Azərbaycan Respublikası İXM-nin 33.1.7-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal hesab olunur. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edərkən onun inzibati qaydada tutulmasını və İXM-nin 31.4-1-ci maddəsinin tələblərini də nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 2 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 №-li qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında nəzərə alınmaqla 12 manat (2x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi Vəkil dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: xx.xx.1981-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 150 (bir yüz əlli) manat məbləğində cərimə edilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 2 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Vəkil 12 (on iki) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-2026/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2026/2020
14.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver