Məhkəmə qərarları › İş №3(007)-2027/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2027/2021

09.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2027/2021 09.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X7” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, “X7” MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankının hüquq departamentinin aparıcı hüquq məsləhətçisi X2 tərəfindən tərtib edilmiş 15.07.2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən “X7” MMC 25775 ABŞ dolları məbləğində olan vəsaiti 09.07.2019-cu il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də 25775 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidmətləri) ölkəyə idxal etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X7” MMC-nin nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, “X7” MMC ilə “Hangzhou JİECİ X5. LTD” şirkəti arasında bağlanmış 18.02.2019-cu il tarixli müqavilə üzrə 09.07.2019-cu il tarixdə “X7” MMC tərəfindən “Hangzhou JİECİ X5. LTD” şirkətinin hesabına 25775 ABŞ dolları köçürülmüşdür. Həmin müqavilə əsasında 29.05.2019-cu il tarixdə “Hangzhou JİECİ X5. LTD” şirkəti tərəfindən 33300 ABŞ dolları dəyərində mal “X7” MMC-yə göndərilmişdir. Qalıq qalan 10250 ABŞ dolları məbləğində malın daxil olması barədə gömrük bəyannaməsi banka təqdim edilib bəyan edilməmişdir. Hazırda gömrük bəyannaməsini banka təqdim etmişdir. Məhkəmədən göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - köçürmə ərizəsindən görünür ki, “Hangzhou JİECİ X5. LTD” şirkəti ilə “X7” MMC arasında bağlanmış 18.02.2019-cu il tarixli, JCWX190005 nömrəli müqavilə üzrə 09.07.2019-cu il tarixdə “X7” MMC tərəfindən “Hangzhou JİECİ X5. LTD” şirkətinin hesabına 25775 ABŞ dolları köçürülmüşdür. - "xxxx" ASC tərəfindən “X7” MMC-yə ünvanlanmış 04.08.2021-ci il tarixli, PB/VB- OUT-00313-2021 nömrəli məktubdan görünür ki, “X7” MMC-nin "xxxx" ASC-də olan AZ66PAHA40160USDHC********** hesabdan “Hangzhou JİECİ İnternational Trade” şirkətinə JCWX190005 18.02.2019 saylı müqaviləyə əsasən 93060 USD avans ödənişi icra edilmişdir. 59760 USD hissəsi **********6189 və **********1410 saylı YGB-lər vasitəsilə bəyan edilmişdir. Bəyan edilməyən 33300 USD məbləğin 10250 USD hissəsi 12.07.2021ci il tarixdə AR Mərkəzi Bankına təqdim edilmişdir, qalan 23050 USD məbləğ ayrı-ayrılıqda 10000 USD ekvivalentindən az olduğundan AR Mərkəzi Bankına təqdim edilməmişdir. - 29.05.2019-cu il tarixli, **********2923 nömrəli gömrük bəyannaməsindən görünür ki, 18.02.2019-cu il tarixli, JCWX190005 nömrəli müqavilə üzrə “Hangzhou JİECİ X5. LTD” şirkəti tərəfindən “X7” MMC-yə 33300 ABŞ dolları dəyərində mal göndərilmişdir. 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X4 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişikliklər edilmiş, 4.3.1.3-cü yarımbənd aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir;”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 18.02.2019-cu il tarixli, JCWX190005 nömrəli müqavilə üzrə 09.07.2019-cu il tarixdə “X7” MMC tərəfindən “Hangzhou JİECİ X5. LTD” şirkətinin hesabına 25775 ABŞ dolları köçürülmüş və həmin müqaviləyə əsasən “Hangzhou JİECİ X5. LTD” şirkəti tərəfindən “X7” MMC-yə 33300 ABŞ dolları dəyərində mal göndərilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, “X7” MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: “X7” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar