Məhkəmə qərarları › İş №3(007)-2029/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2029/2022

29.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2029/2022 29.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 24 avqust 2022-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına İran İslam Respublikasından 37AA373/37AA374 nömrəli nəqliyyat vasitəsində idxal edilmiş və **********718 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş yükə gömrük yoxlaması keçirilən zaman, gömrük bəyannaməsində bəyan olunan 1-ci mal mövqeyində göstərilən “şəkərdən hazırlanmış bal şirəsi” yükünün ayrılmaz hissəsi olan qablaşdırılması malların netto çəkisində nəzərə alınmadığından “şəkərdən hazırlanmış bal sirəsi” yükünün netto çəkisinin 7817,5 kq artıq olduğu, 2-ci mal mövqeyində “ərik qurusu” yükünün netto çəkisinin 46 kq artıq olduğu, 3cü mal mövqeyində “küncüt” yükünün netto çəkisinin 55 kq artıq olduğu aşkar edilmiş, bununla da, Şəxs MMC tərəfindən ümumilikdə az miqdarda - 1121 manat dəyərində malların çəkisi düzgün bəyan edilməmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında (o cümlədən elektron qaydada SMS məlumatla) bildirilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və ya vəkili, habelə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə həmin nümayəndələrin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş raport, gömrük bəyannaməsi, nəqliyyat vasitəsinə baxış keçirilməsi protokolu və digər sənədlərlə inzibati xəta hadisəsinin törədilməsi öz təsdiqini tapmışdır. Bundan başqa, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən verilmiş 22 avqust 2022-ci il tarixli 146 nömrəli ekspertiza rəyindən görünür ki, xx.xx.2022-ci il tarixə “ərik qurusu” yükünün 1kq-nın orta bazar qiyməti 16 manat, “küncüt” yükünün 1kq-nın orta bazar qiyməti 7 manat, o cümlədən 46 kq “ərik qurusu” yükünün ümumi məbləği 736 manat, 55 kq “küncüt” yükünün ümumi məbləği 385 manat olmaqla, yekun məbləğ 1121 manat təşkil etmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 13 fevral 2015-ci il tarixli 100/026 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası xarici ticarətinin gömrük statistikasının Metodologiyası”na əsasən malların miqdar uçotu beynəlxalq ticarət statistikasının əsas göstəricilərindən biridir və onların fiziki xarakteristikasını əks etdirir. Əsas miqdar ölçüsü malın çəkisi hesab olunur və gömrük bəyannaməsində göstərilən netto çəki əsasında kiloqramla ifadə olunur. Gömrük statistikasında malların miqdar uçotunun aparılması üçün XİFMN-də göstərilən standart miqdar uçotu vahidləri tətbiq olunur. Bu Metodologiyanın tələblərinin 13.4-cü bəndinə əsasən malın netto çəkisi dedikdə qablaşdırılmış halda daşınan mallar üçün ilkin qablaşdırma (malın pərakəndə satışa təqdim olunduğu və istehlakına qədər onun ayrılmaz hissəsi olan qablaşdırma, məsələn, şüşə qablarda içkilər, ətir, dərman vasitələri, qutuda siqaret, çay və s.) nəzərə alınmaqla malın çəkisi, digər hallarda isə qablaşdırma nəzərə alınmadan malın çəkisi nəzərdə tutulur. Məhkəmə işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 479-cu maddəsinin “Qeyd”inə əsasən bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, törədilmiş inzibati xəta nəticəsində əlli min manatadək olan məbləğdə, az miqdar hesab olunan 1121 manat dəyərində malların çəkisi düzgün bəyan edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olan malların dəyəri kimi müəyyən edilmiş 1121 manatın 40 faizi miqdarında - 448,4 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar