Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2032/2022 01.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin polis sahə inspektoru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Sumqayıt şəhəri, 10-cu MKR, ev 7, mənzil 43-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsindən daxil olmuş 31 avqust 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs, Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsindəki 41 nömrəli yaşayış binasının 44 nömrəli mənzilinin qarşısında ipdən asılı vəziyyətdə olan 03 ədəd qara rəngli qadın libasını 2022-ci ilin iyul ayının əvvəllərində, həmin mənzilin qarşısındakı həyətdən 01 ədəd ayaqqabını, 03 ədəd dekorativ gülü və 01 ədəd uşaq üçün ayı oyuncağını 01 avqust 2022-ci il tarixdə oğurlayaraq, xırda talama yolu ilə Zərərçəkmiş şəxs cəmi 450 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru X5 protokolun məzmununa uyğun izahat verərək, qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsindəki 41 nömrəli yaşayış binasının 44 nömrəli mənzilinin qarşısında ipdən asılı vəziyyətdə olan 03 ədəd qara rəngli qadın libasını 2022-ci ilin iyul ayının əvvəllərində, həmin mənzilin qarşısındakı həyətdən 01 ədəd ayaqqabını, 03 ədəd dekorativ gülü və 01 ədəd uşaq üçün ayı oyuncağını o, götürmüşdür. Himayəsində azyaşlı iki uşağı vardır, işləmədiyi üçün pula ehtiyacı olduğuna görə həmin əmələ yol vermiş, qeyd olunan əşyaları Sabunçu rayonundakı “rus bazarı”nda tanımadığı şəxsə ucuz qiymətə sataraq pulunu uşağının ehtiyacına xərcləmişdir. Maddi imkanı olmadığına görə ziyanın əvəzini ödəyə bilməmişdir. Əməlindən səmimi peşmandır. Barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsindəki 41 nömrəli yaşayış binasının 44 nömrəli mənzili ona məxsusdur, ailə üzvləri ilə birlikdə yaşayır. 2022-ci ilin iyul ayının əvvəllərində müəyyən etmişdir ki, mənzilin qarşısında ipdən asılı vəziyyətdə olan 03 ədəd qara rəngli qadın libası yerində yoxdur, oğurlanmışdır. Onların tapılacağını düşünərək polisə şikayət verməmişdir. Lakin 01 avqust 2022-ci il tarixdə mənzilin qarşısındakı həyətdən 01 ədəd ayaqqabının, 03 ədəd dekorativ gülün və 01 ədəd uşaq üçün ayı oyuncağının da oğurlandığını bildikdən sonra polisə şikayət vermiş, araşdırma zamanı oğurluğun Şəxs tərəfindən edildiyi müəyyən olunmuşdur. Oğurluq nəticəsində ona ümumilikdə 450 manat məbləğində maddi ziyan dəymişdir. Şəxs ziyanın əvəzini ona ödəməmişdir, ona görə aralarında barışıq əldə edilməmişdir. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısının 15 avqust 2022-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, inzibati xəta törətmiş şəxsin müəyyən edilərək Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Nizami RPİ-nin 25-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkilinin 31 avqust 2022-ci il tarixli raportundan görünür ki, xırda talama yolu ilə oğurluq etmiş Şəxs müəyyən edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilməmiş və onunla barışıq əldə edilməmişdir. Ona görə məhkəmə hesab edir ki, həmin əsasla işin icraatına xitam verilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində ictimai iş növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə bundan başqa hesab edir ki, Şəxs inzibati tənbeh müddətinin əvvəli qərarın faktiki icraya başlandığı vaxtdan hesablanmalı, Azərbaycan Respublikası İXM-nin 28.3-1-ci maddəsinin tələbinə uyğun olaraq, onun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalı, qərarın icrası yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 180 (bir yüz səksən) saat müddətinə ictimai işlər növündə tənbeh tətbiq edilsin. Şəxs inzibati tənbeh müddətinin əvvəli qərarın faktiki icraya başlandığı vaxtdan hesablansın. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Şəxs yaşayış yeri üzrə Bakı şəhər probasiya idarəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi X4 müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2032/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2032/2022
01.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver