Məhkəmə qərarları › İş №3(007)-2034/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2034/2022

02.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2034/2022 02.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PBnin polis sahə inspektoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Yasamal rayonu, Z.Kərimov küçəsi, ev 252Bdə qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsindən daxil olmuş 01 sentyabr 2022ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs 01 sentyabr 2022-ci il tarixdə Nizami rayonu, M.Əliyev küçəsində onu etibarnaməsiz idarə etdiyi avtomobilə saxla işarəsi verən YPX əməkdaşlarının qanuni tələblərinə tabe olmamışlar. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru X5 protokolun məzmununa uyğun izahat vermiş və qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, dostuna məxsus “Reno” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil onda olmuşdur, 01 sentyabr 2022-ci il tarixdə axşam saatlarında dostu zəng etmişdir ki, vəziyyəti pisdir, təcili dərman alıb gətirsin. O, həmin avtomobillə yola düşmüş, M.Əliyev küçəsində yol polisi onu saxlamışdır. Avtomobili etibarnaməsiz idarə etdiyi müəyyən olunduğuna görə duracağa aparılmalı olduğunu demişlər. Lakin avtomobilin nasazlığı olduğuna görə mühərrik işə düşməmişdir. Bununla əlaqədar polislər evakuator çağırmışlar, ona bildirilmişlər ki, evakuatorun xərcini o, çəkməlidir. Üstündə pulu olmadığını, ödəniş edə bilməyəcəyini demişdir. Polislər isə bunu onun etirazı, onlara tabe olmaması kimi qəbul edərək onunla mübahisə etmiş, barəsində protokol tərtib etmişlər. Hansı ki, o, polislərin hər hansı tələbinə tabe olmaqdan imtina etməmiş, onlara qarşı qanunsuz hərəkətə yol verməmiş, nalayiq ifadələrə yol verməmişdir. Hesab edir ki, əməlində inzibati xəta tərkibi yoxdur. İşin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının MEB-nün YPX inspektoru X4 izahatında göstərmişdir ki, 01 sentyabr 2022-ci il tarixdə M.Əliyev küçəsində xidmətdə olarkən **-CD- *** dövlət qeydiyyat nişanlı avtomobili saxlamışlar, müəyyən etmişlər ki, sürücü avtomobili etibarnamə olmadan idarə edir. Buna görə sürücü barəsində inzibati xəta haqqında protokol tərtib etmiş, onu avtomobilin idarəsindən kənarlaşdırmış, avtomobilin duracağa aparılmalı olduğunu izah etmişlər. Avtomobilin mühərriki işə düşmədiyinə görə evakuator çağırmalı olmuşlar. Lakin sürücü evakuatorun xidmət xərcini ödəməkdən imtina edərək etirazını bildirmiş, həmin xərcin onların özləri tərəfindən ödənilməli olduğunu demişdir. Aralarında mübahisə yarandığına görə sürücünü 23-cü polis bölməsinə təmin edərək raport yazmaqla barəsində tədbir görülməsini xahiş etmişlər. Müəyyən edilmişdir ki, həmin şəxs Şəxsdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol həmin şəxsin 01 sentyabr 2022-ci il tarixdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmaması ilə bağlı tərtib edilmişdir. Sözügedən maddənin tələbinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Qanunun mənasına görə, həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətin yaranması üçün polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra etməli, inzibati xətanın subyekti isə onların qanuni tələblərinə qəsdən tabe olmamalıdır. Hazırkı halda isə, məhkəmə tədqiqi zamanı belə xətaya yol verilməsi müəyyən olunmamış, Şəxs istinad edilən xətanı törətməsi işin faktiki müəyyən edilmiş halları ilə təkzib olunmuşdur. Belə ki, inzibati xəta haqqında protokolda Şəxs YPX əməkdaşlarının saxla işarəsinə tabe olmamaqla onların qanuni tələblərinə tabe olmadığı göstərilsə də, istər işdə olan YPX əməkdaşlarının 01 sentyabr 2022-ci il tarixli raportlarından, istərsə də məhkəmə iclasında verilən izahatlardan aydın olmuşdur ki, faktiki olaraq belə hal baş verməmiş, əksinə, Şəxs YPX əməkdaşlarının saxla işarəsinə tabe olaraq avtomobili saxlamışdır. YPX əməkdaşları ilə Şəxs arasında sözlə mübahisənin yaranması isə evakuatorun xidmət xərcinin kimin tərəfindən ödənilməsi ilə bağlı olmuşdur ki, həmin şəxsin maddi imkanı olmadığına görə bu xərci ödəyə bilməyəcəyini bildirməsi heç də polis əməkdaşının qanuni tələbinə tabe olmaması kimi qiymətləndirilə və şəxsin inzibati qaydada tənbeh edilməsinə əsas ola bilməz. Bir sözlə, ilk növbədə tələbin özü qanuni olmalıdır ki, ondan imtina da müvafiq məsuliyyətə səbəb olsun. Şəxs münasibətdə isə bu hal baş verməmişdir. Şəxs həmin vaxt hansısa digər hərəkəti ilə polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaqla müşayiət edilən hərəkətə yol verməsi faktiki olaraq müəyyən edilməmiş, buna dair sübutlar məhkəməyə təqdim olunmamışdır. Ona görə məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsi ilə təsbit olunmuş qaydada, inzibati məsuliyyətə cəlb olunan Şəxs təqsirli olması barəsində şübhələrin onun xeyrinə həll edilməli olduğu nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə müdafiəçi X2 müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar