Məhkəmə qərarları › İş №3(007)-2036/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2036/2021

10.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2036/2021 10.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, xx.xx.1988-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Biləsuvar rayonu, Nərimankənd kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan (FİN xxxxxxx) Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs oğlu 08.07.2021-ci il tarixdə saat 00:10 radələrində idarə etdiyi “Hyundai Elantra” minik markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, ünvan 3ndə hərəkətdə olan zaman saxlanılmış, sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmasına baxmayaraq tibbi müayinədən keçməkdən imtina etmişdir Bu barədə Bakı şəhəri Nizami rayon DYPŞ-nin YPX inspektoru, polis serjantı A.İ.Bayramov tərəfindən 08.07.2021-ci il tarixdə İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu izahat verərək bildirmişdir ki, 07.07.2021-ci il tarixdə saat 11:00 radələrində Bakı şəhəri, ünvan 3 ilə ona məxsus nəqliyyat vasitəsilə hərəkət edərkən arxadan YPX avtomobili ona yaxınlaşmış və həmin avtomobilin içində olan olan iki YPX inspektoru tərəfindən məcburi dayanma göstərişi verilmişdir. O, idarə etdiyi **-HS-*** dövlət nömrəli avtomobilini saxlamış və onlar ona yaxınlaşdıqdan sonra, dayanma göstərişinin verilməsinə əsas olan səbəbi soruşmuşdur. YPX inspektorları onu təhlükəsizlik kəməri vurmadığına görə saxladıqlarını bildirmişlər. Lakin o, onlara təhlükəsizlik kəmərini vurduğunu bildirmiş və onlardan təhlükəsizlik kəmərini vurmadığına dair sübut təqdim etmələrini xahiş etmişdir. Burada sübut deyərkən xüsusi texniki vasitələrin köməyi ilə əldə olunmuş foto və ya video görüntülər nəzərdə tutduğunu həmin əməkdaşların nəzərinə çatdırmışdır. Yol polisi əməkdaşlarına haqlı olduğunu, əsassız səbəbə görə onun nəqliyyət vasitəsini saxladıqlarını bildirdikdə, aralarında sözlü mübahisə yaranmışdır. Bundan sonra YPX inspektorları onun sərxoş olduğunu iddia etmişlər. O, birmənalı şəkildə etirazını bildirmişdir. Bundan sonra sərxoşluğun təyini məqsədilə müayinə məntəqəsinə getməyi təklif etmişlər. O, razılaşaraq, könüllü surətdə müayinə olunmaq məqsədilə onların idarə etdiyi avtomobilə əyləşmiş və ünvan 2 ünvanında yerləşən AR Səhiyyə Nazirliyi Respublika X1 sərxoşluğunu təyin etmə mənqəsinə getmişlər. Müayinə otağına girmişlər və müayinə olunmaq üçün həkim-narkoloq Nadir Rzayevə yaxınlaşmışlar. Bir neçə dəqiqə sonra sərxoşluğun təyin olunması məqsədilə xüsusi texniki vasitəni ona təqdim etmiş və müayinənin bu cihazla aparacağını bildirmişdir. Bu vaxt müayinə olunmağa etiraz etmədiyini, müayinə olunmaq üçün könüllü sözügedən məntəqəyə yaxınlaşdığını bildirmişdir. Eyni zamanda həmin xüsusi texniki vasitənin dövrü dövlət yoxlamasından keçməsi (metroloji yoxlanışdan) barədə müvafiq sertifakatın təqdim edilməsini xahiş etmiş və həmin sertifakatla tanış olmaq hüququnun olduğunu bildirmişdir. Həkim-narkoloq belə bir sertifikatın Alkoqol sərxoşluğunu təyin etmə mənqəsində olmadığını və sertifikatın Respublika Narkoloji Mərkəzdə olduğunu bildirmişdir. Bu zaman müayinə otağında olan həkim-narkoloqa və YPX inspektoruna kifayət qədər vaxtının olduğunu, həmin sertifikatın məntəqəyə gətirildikdən və həmin sertifikatla tanış olduqdan sonra və ya Respublika Narkoloji Mərkəzə gedərək həmin sertifikatla tanış olduqdan sonra orada xüsusi texniki vasitə ilə müayinə olunacağını bildirmişdir. Lakin həkim-narkoloq tərəfindən bildirilmişdir ki, həmin sertifikatın onlar tərəfdən təqdim edilməsi mümkün deyildir və tərtib olunan müvafiq aktın rəy hissəsində aşağıdakı məzmunda qeydlər aparmışdır: “Alkoqol qəbulunu inkar edir. Sertifikat olmadığı üçün tibbi müayinə aparılmadı”. Həmin aktda o da müvafiq qeydlər aparmışdır. Yəni həmin aktın 13-cü bəndində aşağıdakıları qeyd etmişdir: “Müayinə aparılmadı, alkoqol qəbul etdiyimə etiraz edirəm”. Daha sonra o və məntəqədə olan YPX inspektoru məntəqədən çıxmışlar və polis əməkdaşları öz maşınlarına əyləşib oradan uzaqlaşmışdır. Təxminən bir saat sonra ona məxsus 050 *** ** ** mobil nömrəsinə 08.07.2021-ci il tarixli, İXP4059585 nömrəli protokolla cərimə olunmağı barədə “sms” gəlmişdir. Həmin “sms”-də AR İXM-nin 329.1 və 343.1-ci maddəsinə əsasən 400 manat məbləğində cərimə olunmağı qeyd olunmuşdur. Həmçinin yalnız 343.1-ci maddəsinə əsasən cərimə olunmağı barədə bildiriş “asanpay” mobil tətbiqindəki şəxsi kabinetinə də göndərilmişdir. Onun əsassız olaraq təhlükəsizlik kəmərini taxmamağa görə saxlanmağı və cərimə olunmağı əslində yol polisi əməkdaşlarının (YPX inspektorunun) qanunsuz hərəkətinin leqallaşdırılması üsuludur. Çünki YPX inspektoru qanunvericiliklə nəzərdə tutulan halı istisna olmaqla, stasionar postlardan kənar nəqliyyat vasitəsini saxlamaq və onun sənədlərini yoxlamaq AR İXM-nə əsasən qadağandır. Eyni zamanda təhlükəsizlik kəmərini taxmamağa dair də heç bir sübut mövcud deyildir. İnzibati xətaya dair işlərdə sübutetmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının 12 may 2017-ci il tarixli, Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “yol-patrul xidməti haqqında Təlimat”-ın 8.8-ci bəndinə əsasən şəxsin eyni zamanda öz hərəkətləri ilə bir neçə inzibati xəta törətdiyi aşkar olunduqda tərtib edilmiş protokolda hər bir xəta göstərilir. Baxılma səlahiyyəti müxtəlif orqanlara aid olan bir neçə inzibati xəta aşkar olunduqda hər bir xəta üzrə ayrılıqda protokol tərtib edilir. Halbuki təhlükəsizlik kəmərini taxmamağa görə hər hansı bir protokol tərtib edilməmiş və ona təqdim edilməmişdir. Onu ünvan 3 ünvanında saxlayan zaman içkili olduğunu iddia edən polis əməkdaşları "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə” 27 iyun 2014-cü il tarixli AR Nazirlər Kabinetinin qərarının tələblərini kobud surətdə pozmuşdur. Həmin qərarın 2.2-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. Həmin qərarın 2.3-cü bəndinə əsasən alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə üsulu ilə aparılır. Həmin qərarın 2.6-cı bəndinə əsasən müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunur. Həmin sənədin bir surəti nəqliyyat vasitəsini idarə edən şəxsə verilən protokola əlavə edilir, digər surəti isə polis əməkdaşında saxlanılır. Yuxarıda qeyd edilən ünvanda saxlanarkən polis əməkdaşları tərəfindən üfürmək üçün müayinənin nəticəsini əks etdirən xüsusi texniki vasitə (alkotester) təqdim edilməmiş, buna dair hər hansı bir protokol tərtib edilməmişdir. Onun birbaşa alkoqol sərxoşluğunu təyin etmə məntəqəsinə göndərilməyi qanunsuzdur. Belə ki, ilk öncə polis əməkdaşı tərəfindən yerində xüsusi texniki vasitə olan alkotester vasitəsilə sərxoşluğu yoxlanılmalı idi. Bu halda nəticə ilə razılaşmadıqda hal şahidlərinin iştirakı ilə dövlət tibb müəssisəsinə göndərilməli idi. Bu halda da sərxoşluğu təyin etmə məntəqəsinə göndərilməyi barədə protokol tərtib edilməli idi. “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydalarına əlavə olan “sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı” məzmunundan görünür ki, xüsusi texniki vasitəsinin sertifikatının olmaması və bu səbəbdən xüsusi texniki vasitəyə üfürülməməsi yalnız tibbi müayinə aktının 10-cu bəndində müvafiq qeydlər aparılması maneə ola bilərdi. Əgər həqiqətən sərxoş olsaydı müayinə aktının digər bəndlərində müvafiq qeydlər aparıla bilərdi. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktının 12-ci bəndindəki (“Rəy:” hissəsində) “Sertifikat olmadığı üçün tibbi müayinə aparılmadı” qeydi AR İXM-nin 343.1-ci maddəsinin tərkibini yaratmır. Burada müayinənin aparılmasına mane olan hal onun təqsirindən deyil, tibb müəssisəsinin təqsirindən baş vermişdir. Məhkəmədən göstərilənləri nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 2/19130 saylı, 08.07.2021-ci il tarixli aktdan görünür ki, aktda “sertifikat olmadığı üçün tibbi müayinə aparılmadı” qeyd edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs oğlunun əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının 12 may 2017-ci il tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında Təlimat”ın 5.10-cu bəndinə əsasən YPX inspektoru tərəfindən alkotester və narkotestr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na uyğun olaraq tətbiq edilir. Həmin Təlimatın 5.11-ci bəndinə əsasən şəxs alkotester və ya narkotesterlə aparılan müayinənin nəticəsi ilə razılaşmadıqda hal şahidlərinin iştirakı ilə “Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərilmə barədə protokol” tərtib olunur (Təlimata 14 nömrəli əlavə) və o, tibbi müayinə olunması üçün dövlət tibb müəssisəsinə göndərilir. Həmin Təlimatın 8.17-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olduğunu güman etməyə kifayət qədər əsaslar olduqda ona xüsusi texniki vasitədən (alkotestr, narkotestr) istifadə etməklə sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün müayinə olunma təklif olunur. Şəxs bundan imtina etdikdə və ya müayinənin nəticəsi ilə razılaşmadığı halda tibbi müayinəyə aparılır. Bu halda müvafiq protokol tərtib edilir (Təlimata 14 nömrəli əlavə) və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Barəsində protokol tərtib edilmiş şəxs tibbi müayinəyə göndərilərkən bu barədə müvafiq protokol tərtib edilməmiş, onun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə verilməmiş və iş materiallarına əlavə olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 2/19130 saylı, 08.07.2021-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə müəyyən olunur ki, havanı müayinə edən cihazın sertifikatı olmadığı üçün Şəxs üfürməkdən imtina etmiş və tibbi müayinə aparılmamışdır. Məhkəmə iclasında müəyyən edilmiş faktlar Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 343.1-ci maddəsinin tərkibinin olmamasına dəlalət edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: xx.xx.1988-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Biləsuvar rayonu, Nərimankənd kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar