Məhkəmə qərarları › İş №3(007)-2036/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2036/2022

06.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2036/2022 06.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X4, qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin nümayəndəsi X11 iştirakları ilə, X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin 15 avqust 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X8 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin 15 avqust 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarında qeyd edilir ki, "xxxx" MMC-nin İnsan resursları və İnzibati işlər üzrə departamentin rəhbəri X8 işçisi X6 əməyin mühafizəsi normaları və qaydaları üzrə təlimatlandırılmasını və biliyinin yoxlanılmasını təmin etməmişdir. X1 xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə baş vermişdir və bu hal bədbəxt hadisə barədə tərtib edilmiş təhqiqat aktı ilə təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixdə baş vermiş bədbəxt hadisənin araşdırılması ilə bağlı təhqiqatın nəticəsi olaraq hadisənin səbəbi kimi aşağıdakılar göstərilir: "xxxx" MMC ilə X12 arasında bağlanmış əmək müqaviləsinin “Əməyin mühafizəsi” hissəsinin 4.6-cı (İşçi bu Müqaviləyə qoşulmuş 2 saylı Əlavədə verilən bütün əmək təhlükəsizliyi qaydalarına və qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş digər standartlara riayət edir) bəndinin tələblərinə riayət edilməməsi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 215-ci maddəsinin 8-ci hissəsinin (əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələri) tələblərinə riayət edilməməsi. Qeyd edilən 1-ci bənd (işçi tərəfindən əmək təhlükəsizliyi qaydalarına və qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş digər standartlara riayət edilməsi) hadisənin baş vermə səbəblərindən biri kimi dəyərləndirilə bilər. Lakin, 2-ci bənddə əks olunan Əmək Məcəlləsinin 215-ci maddəsinin 8-ci hissəsinin (əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələri) tələblərinə riayət edilməməsi hadisənin baş vermə səbəbi kimi dəyərləndirilə bilməz. Çünki Əmək Məcəlləsinin 215-ci maddəsinin 8-ci hissəsi işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsini və əməyin mühafizəsinin təbliğini nəzərdə tutur və bu hissədə yol hərəkətinin təşkili və təhlükəsizliyi barədə heç bir qeyd yoxdur. Yəni, X6 əməyin mühafizəsi normaları və qaydaları üzrə təlimatlandırılmaması onun yol hərəkəti təhlükəsizliyinə riayət etməməsi ilə əlaqələndirilməməlidir. Bundan əlavə, Xocalı rayon polis şöbəsinin qərarında da hadisəyə səbəb kimi yük avtomobilinin yolun əks istiqamətinə çıxaraq qarşıda olan ağaca dəyib sol yan üstə aşması göstərilmişdir. Əlavə olaraq qeyd edir ki, DƏMX-ə göndərilmiş xx.xx.2022-ci il tarixli təhqiqat aktına yenidən baxılması ilə bağlı etiraz məktubuna cavab verilməmişdir və inzibati tənbeh vermə haqqında qərarla cərimə tətbiq edilmişdir. İnzibati xəta haqqında MN ******* nömrəli protokolun əsasında verilmiş inzibati tənbeh vermə haqqında MN ******* nömrəli qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş X8 şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, sürücü X6 26 aprel 2022-ci il tarixdə xəsarət alması ilə bağlı X18 Xidmətinin tərtib etdiyi təhqiqat aktına yazılı etirazlarını onunla əsaslandırmışlar ki, "xxxx" Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması təhqiqi və uçota alınması Qaydaları”nın 3.1-ci bəndinə əsasən baş vermiş bədbəxt hadisələrin təhqiqatı komissiya tərəfindən 20 gün müddətinə aparılır və xüsusi təhqiqat aktı tərtib edilir. Zəruri hallarda, təhqiqat komissiyası sədrinin əsaslandırılmış müraciətinə əsasən bu müddət komissiyanın yaradılması barədə sərəncam (əmr) verən orqan tərəfindən artırıla bilər. X18 Xidməti tərəfindən yaradılmış təhqiqat komissiyası baş vermiş hadisəni 16.05.22-xx.xx.2022-ci il tarixinədək 45 gün müddətinə aparmışdır. Baxmayaraq ki, komissiyanın yaradılması barədə sərəncam (əmr) verən orqan bu bədbəxt hadisənin araşdırılmasının uzadılması haqqında təqdimatı olmamışdır. Təhqiqat aktının “Zərərçəkən barədə məlumat” bölməsində qeyd edilir ki, Ə.Məmmədova xx.xx.2022-ci il tarixində təlimat keçirilib. Əməyin mühafizəsi üzrə biliklərin yoxlanılması keçirilməyib. Biliklərin yoxlanılmasının əvvəl keçirildiyi və növbətinin hansı tarixdə keçirilməli olması isə aktda göstərilməyib. Təhqiqat aktının “Bədbəxt hadisənin şəraiti” bölməsində qeyd edilir ki, yük maşınının əyləc sistemində yaranan texniki nasazlıqdan, sürücü X6 xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir və sürücü ilə bağlı Xocalı rayon polis şöbəsi tərəfindən cinayət tərkibi olmaması haqqında qərar qəbul edilmişdir. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən isə bu yol-nəqliyyat hadisəsi ilə bağlı Ə.Məmmədova təqsirkar şəxs qismində İXM-nə uyğun qaydada inzibati məsuliyyət müəyyən edilmişdir. Təhqiqat aktının “Bədbəxt hadisənin səbəbləri” bölməsində isə hadisənin baş vermə səbəbi kimi işçinin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsini və əməyin mühafizəsinin təbliğinin işəgötürən tərəfindən aparılmaması göstərilmişdir. Buradan X18 Xidməti tərəfindən yaradılmış təhqiqat komissiyasına sual yaranır: yük maşınının əyləc sistemində yaranan texniki nasazlığın əməyin mühafizəsi üzrə biliklərin yoxlanılması arasında əlaqələr nədən ibarətdir? Təhqiqat aktının “Əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxslər haqqında komissiyanın rəyi” bölməsində qeyd edilir ki, baş vermiş bədbəxt hadisə əməyin mühafizəsi üzrə biliklərin yoxlanılmaması nəticəsində baş verdiyindən "xxxx" MMC-nin baş icraçı direktoru X30 cavabdehliyi müəyyən edilir. Komissiyanın özünün qeyd etdiyi kimi bədbəxt hadisə yük maşınının əyləc sistemində yaranan texniki nasazlıq olmuşdur. Bu səbəbdən bu hadisə ilə bağlı baş icraçı direktor məsul şəxs müəyyən edilə bilməz. Təhqiqat komissiyasının qərarı ilə razılaşmadıqlarını diqqətə çatdırmış, MMC-də yük maşını sürücüsü işləyən X6 26 aprel 2022-ci il tarixdə xəsarət alması ilə bağlı X18 Xidmətinin tərtib etdiyi təhqiqat aktının ləğv edilməsini və yenidən təhqiqat aparılması ilə bağlı komissiyanın yaradılmasını xahiş etmişlər. Lakin, qeyd etdiyi kimi, həmin etiraz məktubuna Müfəttişlik tərəfindən cavab verilməmişdir. Bir daha qeyd edir ki, X6 əməyin mühafizəsi normaları və qaydaları üzrə təlimatlandırılmaması onun yol hərəkəti təhlükəsizliyinə riayət etməməsi ilə əlaqəli sayıla bilməz. Hesab edir ki, inzibati qaydada tənbeh olunması barədə qərar ləğv edilməlidir. Şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin nümayəndəsi X19 izahatında göstərmişdir ki, “Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında” Nümunəvi Əsasnamədə nəzərdə tutulmuşdur ki, işə başlamış işçilərin əməyinin mühafizəsi üzrə biliklərinin yoxlanılması onların vəzifəyə təyin edildikləri gündən sonra bir aydan gec olmayaraq, işləyənlərin isə dövrü olaraq üç ildə bir dəfədən az olmayaraq həyata keçirilməlidir. Lakin, "xxxx" MMC-nin müvafiq mütəxəssislərinin iştirakları ilə aparılmış təhqiqat zamanı müəyyən edilmişdir ki, MMC-nin müvafiq vəzifəli şəxsi X8 həmin tələblərə əməl etməmişdir. Bununla əlaqədar onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və barəsində inzibati qaydada tənbeh tətbiq olunmuşdur. Şikayətin hər hansı əsası yoxdur, qəbul edilmiş qərar qanuni və əsaslıdır. Şikayətin təmin olunmamasını, mübahisələndirilən 15 avqust 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin əmək müfəttişi tərəfindən tərtib olunmuş 15 iyul 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC-nin İnsan resursları və İnzibati işlər üzrə departamentinin rəhbəri X2 işçisi X6 əməyin mühafizəsi normaları və qaydaları üzrə təlimatlandırılmasını və biliyinin yoxlanılmasını təmin etməmiş, nəticədə onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.1.7-ci maddəsi ilə inzibati xəta törədilmişdir; -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin 15 avqust 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X8 15 iyul 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İXM-nin 198.1.7-ci maddəsi ilə 800 manat məbləğində inzibati cərimə edilmişdir; -Xocalı rayon polis şöbəsinin təhqiqat qrupunun 27 may 2022-ci il tarixli qərarından görünür ki, 26 aprel 2022-cu il tarixdə X6 Xocalı rayonunun Çanaqçı kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması haqqında Füzuli RMX-dan daxil olmuş məlumat üzrə toplanmış materialda cinayətin tərkibi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmiş, X6 əməlində Azərbaycan Respublikası İXM-nin 327.2ci maddəsində göstərilən inzibati xətanın tərkib əlamətləri olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Xocalı rayon PŞ-nin DYP bölməsinə verilmişdir; -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin xx.xx.2022-ci il tarixli, **********2 nömrəli əmri ilə təyin edilmiş tərkibində sədr X16 - X18 Xidmətinin Əməyin mühafizəsinə nəzarət şöbəsinin müdiri və üzvlər, X14 - X18 Xidmətinin məsləhətçi-əmək müfəttişi, X13 - "xxxx" MMC-nin SƏTƏM üzrə mütəxəssisi, X10 - "xxxx" MMC-nin insan resursları üzrə mütəxəssisi olan komissiya xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X6 yol-nəqliyyat hadisəsi zamanı xəsarət alması ilə nəticələnən bədbəxt hadisənin təhqiqatı aparılmaqla akt tərtib edilmişdir. Əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxslər haqqında komissiyanın rəyi aşağıdakı qaydada olmuşdur: Komissiya təhqiqat aktının 4.1-ci bəndinə əsasən bədbəxt hadisənin baş verməsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin yük maşını sürücüsü X5 ehtiyyatsızlığını, 4.2-ci bəndinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş icraçı direktoru X31 cavabdehliyini müəyyən etmişdir. X12 ilə baş vermiş bədbəxt hadisə istehsalat xarakterlidir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın tələblərinə müvafiq olaraq İZ formalı aktla rəsmiləşdirilməli və "xxxx" MMCdə uçota alınmalıdır. İZ formalı aktın bir nüsxəsinin zərərçəkənə verilməsi "xxxx" MMC-nin rəhbərliyi tərəfindən təmin edilməsi müəyyən edilmiş, o cümlədən komissiya üzvləri zərərçəkənlə görüşmüş və ona sosial hüquqlarını qanunvericilikdə nəzərdə tutulmuş qaydada izah etmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Bununla bağlı qeyd edilməlidir ki, Xocalı rayon polis şöbəsinin təhqiqat qrupunun 27 may 2022-ci il tarixli qərarı ilə müəyyən olunur ki, 26 aprel 2022-cu il tarixdə X6 Xocalı rayonunun Çanaqçı kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması haqqında Füzuli RMX-dan daxil olmuş məlumat xx.xx.2022-cu il tarixdə HK-1/116 sayda qeydiyyata alınmış və material üzrə araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı X6 hadisə zamanı yalnız özünün xəsarət alması, kənar şəxslərin sağlamlığına ziyan dəymədiyi müəyyən edildiyindən əməlində hər hansı bir cinayətin tərkibi əlamətləri müəyyən edilmədiyi üçün barəsində material üzrə cinayət işinin başlanması rədd edilməli olduğu qənaətinə gəlinmişdir. X3 26 aprel 2022-ci il tarixdə idarə etdiyi **-JN-*** dövlət qeydiyyat nişanlı “İsuzu” markalı avtomobili ilə əks hərəkət istiqamətinə çıxaraq Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Bundan başqa, "xxxx" MMC-nin SƏTƏM üzrə mütəxəssisinin və MMC-nin insan resursları üzrə mütəxəssisinin iştirakları ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti tərəfindən yaradılmış komissiyanın X6 yolnəqliyyat hadisəsi zamanı xəsarət alması ilə nəticələnən hadisənin təhqiqatı ilə bağlı apardıqları araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-dən təqdim edilmiş sənədlərə əsasən X9 əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə xx.xx.2019-cu il tarixdə, 26-xx.xx.2019-cu il tarixdə, xx.xx.2020-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə təlimat keçirilmişdir. Əməyinin mühafizəsi üzrə biliklərinin yoxlanılması həyata keçirilməmişdir. Tibbi müayinədən xx.xx.2017-ci il tarixdə keçmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 215-ci (Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələri) maddəsinin 8-ci hissəsinin (işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsini və əməyin mühafizəsinin təbliğini), Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının “19-3” nömrəli 26 avqust 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında Nümunəvi Əsasnamə”nin 3-cü (X27 ilə müəyyən edilmiş qaydada aşağıdakıların əməyinin mühafizəsi üzrə təlim və biliklərinin yoxlanılması həyata keçirilməlidir: müəssisə işçilərinin;) və 4-cü bəndlərinin (işə başlamış işçilərin əməyinin mühafizəsi üzrə biliklərinin yoxlanılması onların vəzifəyə təyin edildikləri gündən sonra bir aydan gec olmayaraq, işləyənlərin isə dövrü olaraq üç ildə bir dəfədən az olmayaraq həyata keçirilməlidir.) tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İXM-nin 198.1.7-ci maddəsinə əsasən işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkilinin və əməyin mühafizəsinin təbliğinin təmin edilməməsi ilə əməyin mühafizəsi qaydalarının pozulması - həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur, beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinin 10-cu hissəsinə əsasən əməyin mühafizəsi - işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə bu Məcəllədə və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicəprofilaktika tədbirləri, normaları və standartları sistemidir; 54-cü maddəsinin 1-ci hissəsinə əsasən işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi ilə əmək şəraitini təmin etməlidir; 215-ci maddəsinin 8-ci hissəsinə əsasən müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsini və əməyin mühafizəsinin təbliğinin həyata keçirilməsini təmin etməlidirlər; 222-ci maddəsinin 2-ci hissəsinə əsasən işəgötürən əmək şəraitinin yaxşılaşdırılmasına, əməyin mühafizəsinin təmin edilməsinə və işçilərin sağlamlığının qorunmasına yönəldilmiş perspektiv və illik tədbirlər planı hazırlayır və həyata keçirir. “Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında” Nümunəvi Əsasnamənin 4-cü bəndinə əsasən işə başlamış işçilərin əməyinin mühafizəsi üzrə biliklərinin yoxlanılması onların vəzifəyə təyin edildikləri gündən sonra bir aydan gec olmayaraq, işləyənlərin isə dövrü olaraq üç ildə bir dəfədən az olmayaraq həyata keçirilməlidir. Bununla da, məhkəmə iclasında müəyyən edilmişdir ki, şikayətdə irəli sürülən dəlillər əsassızdır, mübahisələndirilən qərarın ləğv edilməsi üçün hər hansı əsas yoxdur, "xxxx" MMC-nin İnsan resursları və İnzibati işlər üzrə departamentinin rəhbəri X2, işçi X6 əməyin mühafizəsi normaları və qaydaları üzrə təlimatlandırılmasını və biliyinin yoxlanılmasını qanunla müəyyən olunmuş müddətdə və qaydada təmin etməmiş, nəticədə onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.1.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə qeyd edir ki, qərardan şikayət vermiş X4 Əmək Məcəlləsinin 215-ci maddəsinin 8-ci hissəsinin işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsini və əməyin mühafizəsinin təbliğini nəzərdə tutduğu, bu hissədə yol hərəkətinin təşkili və təhlükəsizliyi barədə heç bir qeyd olmadığı barədə göstərdiklərinin əsası yoxdur, mübahisələndirilən qərarın ləğv edilməsinə əsas kimi qəbul edilə bilməz. Hansı ki, "xxxx" MMC-də sürücü vəzifəsində işləyən X12 MMC-yə məxsus **-JN-*** dövlət qeydiyyat nişanlı “İsuzu” markalı yük avtomobili ilə “Bravo” Supermarketlər şəbəkəsinin Şuşa şəhərində yerləşən filialına yük apararkən qeyd olunan yol-nəqliyyat hadisəsini törətmişdir, həmin anda o, məhz əmək qanunvericiliyinə uyğun olaraq, tərəflər arasında bağlanmış əmək müqaviləsi üzrə vəzifələrini yerinə yetirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X4 Azərbaycan Respublikası İXM-nin 198.1.7-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X4 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin 15 avqust 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar