Məhkəmə qərarları › İş №3(007)-2043/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2043/2021

21.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2043/2021 21.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan-Şəxs, onun vəkili-Xırdalan şəhər vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, Anaşkin küçəsi, ev 26V-də qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi ev 39, mənzil 89-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-dən daxil olmuş 27 iyul 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs 27 iyul 2021-ci il tarixdə DYP-nin əməkdaşlarına söyüş söymüş və qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 27 iyul 2021-ci il tarixdə saat 20:00 radələrində idarə etdiyi “Ford” markalı ** RR *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Babək prospektində hərəkət edərkən 276 saylı yol patrul xidməti avtomobili saxla işarəsi vermiş, o da avtomobili saxlayaraq yerə düşmüşdür. Polis əməkdaşı ona telefondan əldə saxlayaraq istifadə etdiyini bildirmiş, o isə narazılığını bildirərək, telefonu maqnit vasitəsi ilə avtomobilə bərkidilmiş vəziyyətdə “bluetooth” vasitəsilə istifadə etdiyini bildirmişdir. Bu zaman polis əməkdaşı ilə aralarında diskussiya olmuşdur. O, polis əməkdaşından inzibati xəta haqqında protokolu və inzibati xətanın törədildiyini sübut edən dəlilləri, kamera görüntüsü və s. verməsini istəmiş, polis əməkdaşı isə protokolu verməyərək ona “sms” gələcəyini demişdir. O isə etiraz edərək protokolu dərhal kağız daşıyıcıda çap edərək verməsini istəmişdir. Polis əməkdaşı ona protokolu verməyərək “narazısansa, get, şikayət et” deyə yüksək səslə demişdir. Bundan sonra o, avtomobilə oturaraq telefonu götürmüş, sonra avtomobildən düşərək polis əməkdaşını deyil, avtomobilin nömrəsini çəkmişdir ki, “AsanPay”da yerləşdirəndən sonra şikayət edəndə protokolu tərtib etmiş şəxsi göstərə bilsin, polis əməkdaşı özünü təqdim etmədiyinə görə avtomobildə xidmət aparan polis əməkdaşının kimliyini təyin etmək mümkün olsun. Polis əməkdaşı ona bunun qanunsuzluq olduğunu bildirmişdir. O, öz vəkilinə zəng etmiş, vəkil burda heç bir qanunsuzluğun olmadığını bildirmiş, o da mobil telefonu polis əməkdaşına uzadaraq vəkillə danışmasını, vəkilin ona qanunları izahat etməsi üçün danışmasını bildirmişdir. Polis əməkdaşı isə ona “danışa bilmərəm, PPX çağıraram, ağlın başına gələr” deyərək səs-küy salmağa başlamışdır. O, 102 xidmətinə zəng edib polis əməkdaşının qanunsuz əməlləri, yəni protokolu təqdim etməməsi və onunla hədə-qorxu ilə danışması barədə məlumat vermişdir. Sonra PPX əməkdaşları gəlib ona avtomobilə əyləşməyini bildirmişlər, o da “hara lazımdırsa gedək, şöbədə aydınlaşdıraq” deyərək şöbəyə getmişdir. Şöbəyə gedərkən də tam sərbəst, öz şəxsi avtomobilində tək əyləşərək getmişdir. O, ümumiyyətlə heç vaxt heç bir dövlət məmuruna, heç bir polis əməkdaşına qarşı hər hansı tabesizlik göstərməmiş, onu təhqir etməmişdir. İnzibati orqanın vəzifəsi olmasına baxmayaraq buna dair hər hansı sübutlarını təqdim etməmişlər. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkili Vəkil təmsil etdiyi şəxsin dəlillərini müdafiə etməklə yanaşı əlavə olaraq göstərmişdir ki, Şəxs əməlində ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamaqla bağlı hər hansı sübut yoxdur, dəfələrlə tələb etmələrinə baxmayaraq belə sübutlar, o cümlədən video, səs yazısı təqdim edilməmiş, absurd cavablar verilmişdir. Hansı ki, xidmət aparan DYP əməkdaşının üzərində və xidməti avtomobilində görüntüləri və səsi qeydə alan, daim işlək vəziyyətdə olmalı olan qurğu olmalıdır. Bununla yanaşı inzibati xəta haqqında protokol 27 iyulda yazılmasına baxmayaraq, xətanın baş verməsinə dair raport yalnız 28 iyulda qeydə alınmışdır. İnzibati xəta tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nizami RPİ-nin X3 Şöbəsinin yol-patrul xidməti inspektoru X1 Nizami RPİ-nin 23-cü PB-nin rəisinə ünvanladığı raportdan görünür ki, 27 iyul 2021-ci il tarixdə xidmətdə olarkən ** YP *** avtopatrulunda Babək prospektində xidmət apararkən ** RR *** dövlət qeydiyyat nişanlı “Ford” markalı avtomobili saxlamış, Şəxs sükan arxasında mobil telefondan istifadə etdiyinə görə İXM-nin 342.6-cı maddəsinə əsasən qərarsız protokol tərtib etmiş, daha sonra həmin sürücü ona yaxınalaşaraq xidməti avtomobilini və onu görüntüyə almış, daha sonra isə nalayiq ifadələr işlədərək onu təhqir etmiş, o da öz hüquqlarından istifadə edərək 5950 çağırışlı post-patrul xidməti əməkdaşlarını köməyə çağırmışdır. Raporta əsasən qanuni göstərişin verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə həmin maddədə inzibati məsuliyyət nəzərdə tutulur. İstinad olunan normanın tələbindən göründüyü kimi, polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmaması halında həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın tərkibi yaranır. Hansı ki, baxılan işdə polis işçisi X1 qanuni tələbinin məhz nələrdən ibarət olmasına, sürücü Şəxs həmin tələblərə qəsdən tabe olmamaqla törətdiyi ehtimal edilən əməlin özünü konkret olaraq hansı hərəkətlərdə ifadə etməsinə dair hər hansı, o cümlədən obyektiv, mötəbər sübutlar, məsələn videogörüntü və ya səs yazısı mövcud deyildir, işə daha əvvəl birinci instansiya məhkəməsində və apelyasiya instansiyası məhkəməsində baxılarkən təqdim edilməmişdir. Hazırda da məhkəmə iclasının təxirə salınaraq zəruri tədbirlərin görülməsinə baxmayaraq sübutların təqdim olunması təmin edilməmiş, eləcə də protokolu tərtib edən şəxsin özü və müvafiq orqanın nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, inzibati xəta hadisəsinin törədildiyinə, inzibati xəta törətmiş şəxsə dair zəruri sübutları təqdim etməmiş, əldə edilib tədqiq olunmasına isə təşəbbüs göstərməmişlər. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kollegiyasının Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında Təlimat”ın 4.7-ci bəndinə əsasən YPX inspektoru tərəfindən nəqliyyat vasitəsi dayandırılarkən bütün hallarda patrul avtomobilində və ya postda quraşdırılmış videokamera daim işlək vəziyyətdə olmalı, patrul avtomobilində quraşdırılan məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir. Sürücü ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsi, habelə YPX inspektorunun digər hərəkətləri avtomobilin içəri hissəsində və ya kənarda kameranın görünüş dairəsində aparılmalıdır. İşin faktiki halları ilə müəyyən olunmuşdur ki, törədilməsi ehtimal edilən inzibati xəta hadisəsinin iştirakçılarının izahatlarında göstərdikləri halların həqiqətə uyğunluğunun müəyyən edilməsi üçün YPX inspektoru tərəfindən onun üçün icrası məcburi olan, yuxarıda istinad edilən Təlimatın göstərişlərinə riayət olunduğu şəraitdə müvafiq səs yazısı və videogörüntülər mühüm əhəmiyyət kəsb edən sübut növü kimi yoxlanıla bilərdi, hansı ki, yol patrul xidməti avtomobillərində quraşdırılan videokamera və məsafədən səs ötürən mikrofon işlək vəziyyətdə olmadıqda həmin avtomobillərdə xidmətin aparılması yolverilməzdir və belə avtomobillərdə xidmətin aparılmasına görə müvafiq şəxslər məsuliyyət daşıyırlar. İş materiallarında PPXB-nin əməkdaşları tərəfindən yazılmış raport olsa da, nəzərə alınmalıdır ki, onlar YPX əməkdaşının çağırışı ilə əraziyə gəlmişlər, törədilməsi ehtimal edilən inzibati xətanın bilavasitə iştirakçısı, şahidi olmamışlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) sübuta yetirilmədiyindən, bununla da onun hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz, ona görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, müdafiəçi isə fərdi müqavilə üzrə işdə iştirak edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqlarını müdafiə etdiyindən dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqının tutulması üçün əsaslar yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar