Məhkəmə qərarları › İş №3(007)-2046/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2046/2021

19.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2046/2021 19.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, “F.B.V Tekstil Pazarlama Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 447.0.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsindən daxil olmuş materiala əsasən 15.05.2021-ci il tarixli, İD********** nömrəli müraciət ilə ölkəyə idxal olunan qida məhsul partiyası qida təhlükəsizliyi sertifikatı almadan 04.07.2021-ci il tarixdə Nizami rayonu, H.Əliyev prospekti 106 ünvanında anbarda satılmışdır. Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin aparıcı məsləhətçisi Qanuni nümayəndə tərəfindən 26.07.2021-ci il tarixdə, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin nümayəndəsi Qanuni nümayəndə inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək məhkəmədən “F.B.V Tekstil Pazarlama Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “F.B.V Tekstil Pazarlama Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “F.B.V Tekstil Pazarlama Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 15.05.2021-ci il tarixli, İD********** nömrəli ərizədən görünür ki, “F.B.V Tekstil Pazarlama Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi idxal olunan yeyinti məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsiylə əlaqədar ərizə ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyinə müraciət etmişdir. - 26.07.2021-ci il tarixli “F.B.V Tekstil Pazarlama Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin qanuni təmsilçisi Yavuz Ahmetin nümayəndəsi X1 izahatından görünür ki, 15.05.2021-ci il tarixli, İD********** nömrəli müraciət ilə ölkəyə idxal edilmiş 15715 lt meyvə şirəsi, qazlı su məhsul partiyasını 04 iyul 2021-ci il tarixdə H.Əliyev prospekti 106 ünvanında yerləşən anbarından Qida Təhlükəsizlik sertifikatını almadan satışını həyata keçirmişlər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla “F.B.V Tekstil Pazarlama Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən Azərbaycan Respublikası İXMnin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 447.0.4-cü maddəsinə əsasən İstehlakçıların hüquqlarının pozulmasına, yəni qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında “F.B.V Tekstil Pazarlama Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə “F.B.V Tekstil Pazarlama Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Azərbaycan Respublikasının İXM-nin 447.0.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: “F.B.V Tekstil Pazarlama Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 4000 (dörd min) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar