Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2056/2024 03.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ASC-nin nümayəndəsi X3 iştirakı ilə, Şəxs ASC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş materiala əsasən Şəxs ASC-nin ünvanına 61038667 nömrəli vaqon ilə ölkə ərazisinə daxil olmuş yüklərin **********6018 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikası gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. Bu barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti mayoru X5 tərəfindən xx.xx.2024-cü il tarixdə, 00100-00772/24 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ASC-nin nümayəndəsi X4 məhkəməyə etiraz ərizəsi göndərərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, g/x-i mayoru X5 tərəfindən tərtib edilmiş 08 aprel 2024-cü il tarixli, 00100-00765/24 nömrəli inzibati xəta haqqında protokolla Şəxs ASC barəsində Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, Şəxs ASC barəsində Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul olunmalıdır. Belə ki, inzibati xəta haqqında protokolun tərtib edilməsi müddətlərini ehtiva edən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 101-ci maddəsinin tələbinə görə inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227- ci, 232-1-ci, 351-1-ci, 371-1-ci, 398-ci, 602.1-ci, 602.2-ci və 602-3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. İnzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol İnzibati Xətalar Məcəlləsinin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Həmin Məcəllənin 102.5-ci maddəsinin tələbinə görə inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. Sözügedən Məcəllənin 102.6-cı maddəsində göstərilmişdir ki, inzibati araşdırma başa çatdıqda, inzibati xəta haqqında protokol tərtib edilir və ya inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilir. Yuxarıda istinad olunan Məcəllənin 105.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikasının İXM-nin 53.2-ci maddəsinin tələbinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Hazırkı işin mübahisəsiz halıdır ki, xx.xx.2024-cü il tarixdə Şəxs ASC-nin ünvanına 61235149, 56979701, 61038667 nömrəli vaqonların ölkə ərazisinə daxil olma faktı, Bakı Baş Gömrük İdarəsinə həmin faktın baş verməsindən dərhal sonra məlum olmuşdur. Həmin faktın sözügedən İdarəyə məlum olma vaxtı, həmin X2, 3-cü şöbənin rəisi, gömrük xidməti polkovnikleytenantı Elşən Zeynalov tərəfindən Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Elmir Ramazanova ünvanlanmış raportda yazılan xx.xx.2024-cü il tarixli dərkənar ilə müəyyən olunur. Buna baxmayaraq, İXM-nin 101-ci maddəsinin tələbinə müvafiq olaraq, nə inzibati xətanın törədilməsi faktının aşkar edilməsindən dərhal sonra, nə də işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılmasının tələb olunması əsası ilə inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs ASC barəsində hər hansı inzibati xəta haqqında protokol tərtib olunmamışdır. Əlavə olaraq qeyd edilməsi zəruridir ki, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin, Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, g/x-i mayoru X5 xx.xx.2024-cü il tarixində, yəni faktın aşkarlanmasından 5 (beş) gündən artıq müddət keçməsindən sonra, inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prossesual hərəkətlərin aparılması əsası ilə İXM-nin 485.2ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırmanın aparılması barədə qərardad qəbul etmişdir. Qeyd edilməsi zəruridir ki, kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prossesual hərəkətlərin aparılması əsası ilə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardadın qəbul olunmasından cəmi 4 (dörd) iş günü keçməsindən sonra, yəni xx.xx.2024-cü il tarixində 4 (dörd) iş günü öncə başlanılmış inzibati araşdırma yekunlaşmış və eyni tarixli 00100-00765/24 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Heç şübhəsiz ki, Bakı Baş Gömrük İdarəsi tərəfindən hər hansı zərurət yaranmadan xx.xx.2024-cü il tarixində inzibati araşdırma aparılması barədə qərardadın qəbulunda məqsəd, yalnız İnzibati Xətalar Məcəlləsinin 101-ci maddəsi ilə müəyyən olunmuş, lakin Bakı Baş Gömrük İdarəsi tərəfindən ötürülmüş müddətləri bərpa etmək və Şəxs ASC barəsində inzibati xəta haqqında protokol tərtib etmək olmuşdur. Yuxarıda göstərilənlərə əsasən müəyyən olunmuşdur ki, Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs ASC barəsində inzibati xəta haqqında protokol “08” aprel 2024-cü il tarixdə tərtib olunmuşdur ki, bu da yuxarıda istinad etdiyi hüquq normalarının tələblərinə ziddir. Göstərilən hal işin mübahisəsiz halıdır. İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən, təqsirliliyin sübuta yetirilməsində qanuna ziddi olaraq əldə edilmiş sübutlardan istifadə edilə bilməz və bu pozuntu Şəxs ASC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Yuxarıda sadalanan xüsusatlardan görünür ki, Şəxs ASC barəsində başlanmış inzibati xəta üzrə icraat qanunsuz və əsassızdır. Odur ki, Şəxs ASC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ASC-nin nümayəndəsi X4 təqdim olunmuş ərizəsinə uyğun izahat verərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə mərkəzinin 3-cü şöbəsinin xx.xx.2024cü il tarixli, 3-33-1100/012/007142 nömrəli raportundan görünür ki, Şəxs ASC-nin ünvanına 61038667 nömrəli vaqon ilə ölkə ərazisinə daxil olmuş və **********6018 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan mallar gömrük ərazisinə gətirilməzdən əvvəl qısa idxal bəyannaməsi verilməmişdir. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursundan “malın çatdırılması və boşaldılması”-na dair çıxarışdan görünür ki, Şəxs ASCnin ünvanına 61038667 nömrəli vaqon ilə göndərilən mallar xx.xx.2024-cü il tarixdə, saat 20:09-da “Yalama” gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 920 saylı, 21 may 2016-cı il tarixli fərmanının 2.2ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Məhkəmə həmçinin barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatında göstərilən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulması ilə bağlı xüsusatlarla əlaqədar qeyd edir ki, iş üzrə məhkəməyədək icraat zamanı İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasına yol verilən hallar aşkar edilmədi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs ASC-nin ünvanına göndərilmiş mallar xx.xx.2024-cü il tarixdə saat 20:09-da Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş, lakin Şəxs ASC tərəfindən həmin mallara dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs ASC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs ASC-nin Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-2056/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2056/2024
03.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver