Məhkəmə qərarları › İş №3(007)-2060/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2060/2021

13.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2060/2021 13.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin rəisi Z.R.Kərimov tərəfindən qəbul edilmiş 15.07.2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin rəisi Z.R.Kərimov tərəfindən qəbul edilmiş 15.07.2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin 15 iyul 2021-ci il tarixli, MN № ******* saylı qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 1.500 manat cərimə edilmişdir. Qərar ona ünvanlanmış 22.07.2021-ci il tarixli məktubla göndərilmiş və ona 23.07.2021-ci il tarixdə çatdırılmışdır. Şikayət olunan qərar qəbul edilərkən və ona əsas verən inzibati protokol tərtib edilərkən barəsində inzibati iş aparılan şəxs olaraq ona hüququ izah edilmədən və barəsində təhrifedici düzgün olmayan məlumatlar daxil edilməklə qəbul edildiyindən, inzibati xəta haqqında protokol təsbit olunmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinin tələbi kobud şəkildə pozulmuşdur. Qeyd olunan qərarın ünvanına göndərilmiş nüsxəsindən görünür ki, inzibati xəta haqqında protokol adına 01.07.2021-ci il tarixdə tərtib edilmişdir. AR İXM-nin 447.0.1-ci maddəsinə istina edildiyindən 1.500 manat cərimə olunduğundan “mal satan və ya əhaliyə xidmət göstərən vəzifəli şəxs olaraq tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılması” kimi qayda pozuntusuna yol verildiyinə işarə edir. Bununla bağlı qərarı qəbul edənə müraciəti müsbət həll edilmədiyindən, məhkəməyə müraciət etmək məcburiyyəti yaranmış və aşağıda qeyd edilənlərə əsasən qərar əsassız hesab edilərək ləğv olunmalıdır. Belə ki, iyul ayının əvvəlində işlədiyi "xxxx" saray obyektinə gələn xanım özünü Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin əməkdaşı kimi təqdim edərək onlarda müştəri olan birinin onu qiymətdə aldatdığını söylədiyini və həmin müştəriyə verilmiş özü ilə gətirdiyi faktura-çekini, kassa mədaxil baza məlumatı ilə yoxlayacağını bildirmişdir. O da onun bütün tələblərini yerinə yetirib, yoxlamağına lazım olan bütün şəraiti yaratmışdır. Belə bir məsələ onlarda olmadığından, ona belə bir məsələ ilə bağlı müştəri arasında hər-hansı mübahisə olmadığını və irad edilmədiyini bildirmişdir. Özü ilə gətirdiyi faktura-çekini, həmin müştəri ilə bağlı kassa baza məlumatları ilə üzləşdirəndə, fərq olmadığını müəyyən etmişdir. Belə olan halda müştərinin haqsız olduğu bəllidir. Lakin yoxlayıcı xanım gəldiyi gün menyuda şou-əyləncənin qeyd edilmədiyini onlara irad edərək, bunun qayda pozuntusu olduğunu bildirmiş və buna görə cərimə ola biləcəklərini söyləmişdir. Ona şou-əyləncə ilə bağlı qiymət menyuya, həmin gün proqram olduğu təqdirdə daxil edildiyini, həmçinin şou proqramın, restoranın bütün sahələrini əhatə etmədiyindən, ümumi menyuya deyil, proqramın restoranın keçirildiyi xüsusi sahəyə aid menyuya daxil edildiyini izah etmişlər. O, da onlarla razılaşıb getmişdir. Lakin qərarı alandan sonra məlum olur ki, ondan bir gün sonra ona AR XM-nin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi barədə protokol tərtib etmiş və onu vəzifəli şəxs kimi qeyd etmişdir. Birincisi müştərinin aldadılması kimi onların restoranında hal mövcud olmamış və olması da mümkün deyildir. İkincisi qərarın özündə qeyd edildiyi kimi, qayda pozuntusunun yol verildiyi “Neolit" obyektindən söhbət gedir. Həmin obyektin özü də "xxxx" MMC-yə aiddir. O da hüquqi şəxs yaratmadan fiziki şəxs olaraq, həmin obyekti 1 il müddətinə icarəyə götürmüş və hüquqi şəxs olaraq, obyektin sahibi "xxxx" MMC ilə vəzifə bağlılığı yoxdur. İcarə münasibətindədirlər. Göründüyü kimi, o, vəzifəli şəxs deyil, hüquqi şəxs yaratmadan fiziki şəxsdir. Digər tərəfdən inzibati xəta ilə bağlı protokol inzibati xətanı törətdiyi güman edilən şəxsin özünün, şahidin iştirakı ilə öncədən ona hüquq və vəzifələri elan edilməklə tərtib edilməlidir. Protokolla bağlı fikri öyrənilməlidir. Protokolun bir surəti ona verilməlidir. Protokolun gizlində tərtib edilib, tərtib edildiyi barədə bildirişlə məlumat verilməsi kimi prosessual qayda yoxdur. Həmçinin qərar qəbul edilmək üçün protokola baxılması zamanı iştirakının təmini üçün ağlabatan müddətə məlumatlandırılmalıdır. Lakin şikayət olunan qərarın qəbulu ilə bağlı 06.07.2021-ci il tarixlə tərtib edilmiş bildiriş, ünvanına 16.07.2021-ci il tarixdə qərar qəbul edildikdən bir gün sonra çatdırılmışdır. Göründüyü kimi şikayət olunan qərarın özü də, ona əsas vermiş protokol kimi qəbul edildiyi zaman qanunun tələblərinə riayət edilməmişdir. Bu baxımdan da qeyd olunan dəlillərin hər biri ayrılıqda qərarın ləğvi üçün yetərli əsasdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X5 və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. 09.08.2021-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, vətəndaş X7 tərəfindən Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində yerləşən "xxxx" şadlıq evinin saytında yerləşdirilmiş menyuda yeməklərin qiymətləri ilə xidmət göstərildikdən sonra ona təqdim olunan qəbzdəki qiymətlərin fərqli olması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanlanan müraciət aidiyyət üzrə baxılması üçün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə daxil olmuşdur. Onun tərəfindən bununla bağlı araşdırma aparılarkən "xxxx" şadlıq evində malın (xidmətin) hesabına dair istehlakçının az miqdarda aldadılması faktı öz təsdiqini tapmışdır. O, X4 barəsində Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 01.07.2021ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib etmişdir. Bundan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq həmin protokol əsasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin rəisi Z.R.Kərimovun qəbul etdiyi inzibati xəta haqqında iş üzrə 15.07.2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarla X5 Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 1500 manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmədən şikayət əsassız olduğuna görə təmin edilməməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X5 12.08.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, şikayət olunan qərarda qeyd olunan inzibati xətanın ümumiyyətlə baş vermədiyi ilə yanaşı, həm də onun vəzifəli şəxs deyil, fiziki şəxs olaraq, həmin obyekti icarə əsasında işlətdiyini göstərmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin rəisi Z.R.Kərimov tərəfindən qəbul edilmiş 15.07.2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi, 2404-cü məhəllədə fəaliyyət göstərən ictimai iaşə obyektində ("xxxx" şadlıq sarayı) malın (xidmətin) hesabına dair istehlakçı az miqdarda aldadılmışdır. Nəticədə vəzifəli şəxs X5 Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 manat məbləğində cərimə edilmişdir. - 22.05.2021-ci il tarixli çekin surətindən görünür ki, 8 ədəd “assorti çörək” 8 manat, 2 ədəd “pendir assorti” 24 manat, 8 ədəd “xiyar, pomidor, göy” 16 manat, 3 ədəd “paytaxt salatı” 15 manat, 2 ədəd “manqal salatı” 12 manat, 6 ədəd “Nataxtari 500 ml” 24 manat, 2 ədəd “Sirab Premium 700 ml” 7 manat, 3 ədəd “kartof fri” 9 manat, 3 ədəd “toyuq nagets” 15 manat, 7 ədəd “lülə kabab” 49 manat, 4 ədəd “antrekot Yabloçka” 36 manat, 3 ədəd “tikə kabab” 24 manat, 5 ədəd “pomidor kababı” 5 manat, 5 ədəd “badımcan kababı” 5 manat, 3 ədəd “kənd çolpası təndirdə” 60 manat, 2 ədəd “çay” 10 manat olmaqla tam məbləğ 319 manat, artırma 20% qeyd edilməklə yekun ödəniş 382,80 manat göstərilmişdir. - "xxxx"-ə məxsus menyudan görünür ki, 1 ədəd “çörək assorti”nin qiyməti 1 manat, 1 ədəd “pendir assorti”nin 12 manat, 1 ədəd “xiyar, pomidor, göy”ün qiyməti 2 manat, 1 ədəd “paytaxt salatı”nın qiyməti 5 manat, 1 ədəd “manqal salatı”nın qiyməti 6 manat, 1 ədəd “kartof fri”nin qiyməti 3 manat, 1 ədəd “toyuq nagets”in qiyməti 5 manat, 1 ədəd “lülə kabab”ın qiyməti 7 manat, 1ədəd “tikə kabab”ın qiyməti 8 manat, 1 ədəd “tərəvəz üçlüyü”nün qiyməti 1 manat, 1 ədəd “kənd çolpası təndirdə” qiyməti 20 manat, 1 ədəd “çay”ın qiyməti 5 manat göstərilmişdir. Menyuda əlavə xidmətlərin dəyəri əks etdirilməmişdir. - “İcarəyə verən” icraçı direktor X1 şəxsində "xxxx" MMC ilə “İcarəçi” X5 arasında bağlanmış 10.02.2021-ci il tarixli, 01/1002 nömrəli icarə müqaviləsindən görünür ki, “İcarəyə verən” ünvan 1 ünvanda yerləşən və özünün xüsusi mülkiyyətində olan 1782 kv.m qeyri-yaşayış və ya yaşayış sahəsini 1 il müddətinə “İcarəçi”-yə icarəyə vermişdir. Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulmasına, yəni mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 447-ci maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 447.0.1-ci maddəsində “az miqdarda” dedikdə, üç yüz manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydalarının 23.17-ci bəndinə əsasən ictimai iaşə obyektləri əsas fəaliyyəti ilə yanaşı, növündən və dərəcəsindən asılı olaraq, istehlakçılara əlavə (ödənişli) xidmətlər də göstərə bilərlər. Əlavə xidmətlərin dəyəri menyu və ya preyskurantda əks etdirilməlidir. İstehlakçıya məcburi əlavə xidmətlərin göstərilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin “Qeyd” hissəsində göstərilir ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi, 2404-cü məhəllədə fəaliyyət göstərən "xxxx" şadlıq sarayında malın (xidmətin) hesabına dair istehlakçı az miqdarda aldadılmışdır. X2 vəzifəli şəxs kimi Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 1500 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X4 Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında qeyd edilən qərarın qanunsuz hesab olunaraq ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilmədi. Məhkəmə işin faktiki hallarına və X4 şikayətini əsaslandırdığı dəlillərə qiymət verərək hesab edir ki, T.İ.Cahangirovun göstərdiyi hallar özünümüdafiə xarakteri daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Şərh edilən normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin rəisi Z.R.Kərimov tərəfindən qəbul edilmiş 15.07.2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X4 verdiyi şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin rəisi Z.R.Kərimov tərəfindən qəbul edilmiş 15.07.2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar