Məhkəmə qərarları › İş №3(007)-2061/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2061/2022

22.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2061/2022 22.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1998-ci il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Kəlbəcər şəhəri, Füzuli küçəsi ev 16-da qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi, döngə 2, “Azəravtoyol” yataqxanasında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-dən daxil olmuş 01 sentyabr 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 19 iyun 2022-ci il tarixdə saat 16:45 radələrində idarə etdiyi “Toyota Corolla” markalı **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə Əhmədli istiqamətində hərəkətdə olarkən həmin prospektdə qarşısında eyni istiqamətdə hərəkətdə olan, həmin anda tıxacın açılmasını gözləyən “BMW 528İ” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vuraraq onunla toqquşmuş, bu zaman avtomobilində sərnişin olan Zərərçəkmiş şəxs dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi və Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 19 iyun 2022-ci il tarixdə saat təxminən 16:30 radələrində idarə etdiyi “Toyota Corolla” markalı **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nizami rayonu, Q.Qarayev prospektində üzü Əhmədli istiqamətində təxminən 30-40 km/saat sürətlə hərəkətdə olduğu zaman ani bir diqqətsizlik edərək qarşısında hərəkətdə olan “BMW” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa hissədən vurmuşdur. Tez avtomobilindən aşağı düşərək vurduğu avtomobilin sürücüsünə yaxınlaşmış, sığortaya zəng vuraraq məlumat vermişdir. Daha sonra isə avtomobilində sərnişin qismində əyləşmiş Nərgiz adlı qadının xəsarət aldığını görmüş və onun müayinə üçün xəstəxanaya getməsinə köməklik etmiş, özü isə hadisə yerində polis əməkdaşlarının gəlməsini gözləmişdir. Hadisə onun diqqətsizliyi nəticəsində baş vermişdir, belə ki, həmin vaxt anası xəstə olmuş, xəstəxanaya yerləşdirilmişdir. Əməlindən səmimi peşmandır, avtomobilindən taksi kimi istifadə edərək ailəsini dolandırır. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Material üzrə təhqiqat zamanı Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 19 iyun 2022-ci il tarixdə saat təxminən 16:30 radələrində taksi kimi fəaliyyət göstərən “Toyota Corolla” markalı **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş, Nizami rayonu, Q.Qarayev prospekti ilə üzü Əhmədli metrostansiyası istiqamətində hərəkətdə olan zaman taksi sürücüsü diqqətsizlik edərək qarşıda öz yolunda tixaca görə dayanmış vəziyyətdə olan “BMW” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurmuşdur. Hadisə nəticəsində sağ çiyin, boyun və sol ayaq nahiyyələrindən müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Bədən xəsarətlərinə görə “X3” klinikasına müraciət etmiş, ev şəraitində ambulator müalicə almışdır. Hadisənin səbəbkarı olan sürücüdən tələbi ona dəymiş 310 manat maddi ziyanı ödəməsidir. İşdə olan canlı şəxsin ekspertizasına dair 24 iyun 2022-ci il tarixli 516 nömrəli rəydən görünür ki, X1 aşkar olunmuş xəsarətlər – sol baldırın ön səthinin hematoması; alnın sağ yarısının, sağ bazunun bayı səthinin qançırları; sağ diz oynağının ön səthinin sıyrığı - bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə sərnişin qismində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri istisna olunmur, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 29 iyul 2022-ci il tarixli 8/1725 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Toyota Corolla” markalı **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısım almağa texniki imkanı olmuşdur. İşdə olan 16 avqust 2022-ci il tarixli qərardan görünür ki, HK/1-378 nömrəli araşdırma materialı üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün materialın Nizami RPİ-nin DPYŞ vasitəsi ilə Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işin halları ilə bağlı verdiyi izahatı dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, əməlində məsuliyyəti yüngülləşdirən halın olmasını, məsuliyyəti ağırlaşdıran halın isə olmamasını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində həmin Məcəllənin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, inzibati xəta törədən Şəxs fiziki şəxs olduğundan, iş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaiti dövlət hesabına ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmədə işə baxılarkən zərərçəkmiş şəxs tərəfindən vurulmuş maddi zərərin ödənilməsi barədə tələb irəli sürülməmişdir, lakin müəyyən olunmuşdur ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı mübahisə vardır, ona görə məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin mülki icraat qaydasında belə tələb irəli sürmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. İş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş 85 manat pul vəsaiti dövlət hesabına dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Vurulmuş maddi zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ Zərərçəkmiş şəxs izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar