Məhkəmə qərarları › İş №3(007)-2062/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2062/2020

06.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2062/2020 06.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Zərərçəkmiş şəxs iştirakı ilə, X3, xx xxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X3, xx xxxxxxxx 2020-ci il tarixdə, təxminən saat 17:35 radələrində etibarnamə əsasında idarə etdiyi “Chevrolet Cruze” markalı, az ** PD *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 23/25 saylı ünvanda səkinin üstü ilə arxa-arxaya avtomobilini hərəkət etdirərkən, yolu keçən piyada Zərərçəkmiş şəxs vurmuş, nəticədə sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Bununla da F.F.Süleyman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələbini pozmuşdur. Buna görə də F.F.Süleyman barəsində inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər və işə baxılmasını təxirə salmaq barədə vəsatət verməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə, habelə sonuncunun istifadəsində olan mobil telefon nömrəsinə “SMS” xəbərdarlıq sistemi vasitəsilə məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat göndərilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmiş və işə baxılmasını təxirə salmaq barədə vəsatət verməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi ifadəsində bildirdi ki, X3xx xxxxxxxx 2020-ci il tarixdə, təxminən saat 17:35 radələrində idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 23/25 saylı ünvanda səkinin üstü ilə arxa-arxaya avtomobilini hərəkət etdirərkən, onu vurmuş və o, hadisə nəticəsində xəsarətlər almışdır. Lakin sürücü hadisə zamanı ona üzrxahlıq və kömək etməmiş, əksinə avtomobilini sürüb oradan uzaqlaşmışdır. Buna görə də o, Şəxs bağışlamır və sonuncu barəsində qanunla müəyyən edilmiş qaydada tədbir görülməsini məhkəmədən xahiş edir. İş materiallarında olan canlı şəxsin ekspertizasının xx.xx.2020-ci il tarixli, 672 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs qeyd olunan xəsarətlər- sol kürək nahiyəsi, sol əlin ovuc səthinin sıyrıqları, sol əlin V barmağın orta-proksimal falanqasının əzilmiş yarası və sol əlin V barmağının travmatik yarım çıxığı- bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissəsinin təsiri nəticəsində alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 8/1514 saylı rəyindən görünür ki, “Chevrolet Cruze” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Republikası Qanununun 43-cü maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan AD seriyalı, 160048 saylı Azərbaycan Respublikası sürücülük vəsiqəsindən görünür ki, X1 adına 10 il müddətinə “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, zərərçəkmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla F.F.Süleymanın inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, F.F.Süleymanın şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə F.F.Süleymanın məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, F.F.Süleymana cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 200 (iki yüz) manat məbləğində cərimə tətbiq edilsin. AD seriyalı, 160048 saylı sürücülük vəsiqəsi X2 qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar