Məhkəmə qərarları › İş №3(007)-2062/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2062/2021

06.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2062/2021 06.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 Bakı şəhər BPİ-nin DYPİ-nin 29 iyul 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Bakı şəhər BPİ-nin DYPİ-nin 29 iyul 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 23 iyul 2021-ci il tarixdə Q.Qarayev prospekti- Ş.Mirzəyev küçəsinin kəsişməsində ona məxsus “Toyota Prado” avtomobili ilə sola hərəkət edərkən YPX onu saxlamış və inspektor Annarzadə Ə.S. oğlu tərəfindən İXP ******* nömrəli protokol qərarsız tərtib olunmuşdur. O, bu protokolun tərtib olunmasına etiraz edərək hər gün bu yoldan istifadə etdiyini, başqa alternativ yolun olmadığını bildirməyinə baxmayaraq etirazını nəzərə alaraq qərarsız protokol tərtib olunmuşdur. 29 iyul 2021-ci il tarixdə Bakı şəhər DYPİ-nə müraciət etmiş və həmin tarixdə TP ******* inzibati tənbeh vermə haqqında qərar qəbul etdirmişdir. Qərara görə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tələbi pozulduğuna görə 60 manat cərimə yazılmışdır. Yuxarıda qeyd etdiyi Şirin Mirzəyev küçəsinin kəsişməsində qarşısında iki avtomobil dur işarəsinə əməl etdiyi, çəkilişdə görünə bilər, o, üçüncü maşın idarə edən kimi məcburi olsa da, dur işarəsinə əməl etmişdir, yəni inspektor ona durmadığını və sola hərəkət edərək qaydanı pozduğunu bildirərək cəza protokolu tərtib etmişdir. Evindən çıxaraq məcburi qaydada həmin yoldan çıxaraq, yəni alternativ yollar başqa səmtə olduğu üçün, işə gedir və həmişə yol hərəkəti qaydalarına düzgün qaydada riayət edir. Əlavə olaraq bildirir ki, etibarnamə ilə ona məxsus avtomobili oğlu X4 idarə edərkən həmin qaydada cərimələnmişdir. Ərazidə naməlum göstərişlə nəzarət aparan DYPİ-nin əməkdaşına tərtib etdiyi protokolun yanlış olduğunu bildirməyinə baxmayaraq və ona şikayət edəcəyini bildirərkən polis məmuruna yaraşmayan tərzdə cavablar almışdır. Lakin gəldiyi zaman məhkəmədə öz fikirlərini və etirazını yazılı yox, danışaraq bildirəcəkdir. Bakı şəhəri DYPİ-nin 29 iyul 2021-ci il tarixli TP ******* nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X3 şikayətin dəlillərini müdafiə edib, eyni məzminlu izahat verərək şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş qərarı barəsində şikayət verilmiş Bakı şəhər BPİ-nin DYPİ-nin nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət vermiş şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, mübahisələndirilən qərar ləğv olunmalı, lakin hazırkı halda iş üzrə icraata xitam verilməsi üçün əsaslar müəyyən edilmədiyindən inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılmalı olduğundan materiallar aidiyyəti üzrə göndərilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı şəhər BPİ-nin DYPİ-nin YPX inspektoru, polis kiçik serjantı X2 tərəfindən tərtib olunmuş 23 iyul 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Q.Qarayev prospekti-Ş.Mirzəyev küçəsinin kəsişməsində 23 iyul 2021-ci il tarixdə saat 10:19-da “X7 Prado minik” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X3 yolayrıcını keçmə qaydalarını pozduğuna görə barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir; -Bakı şəhər BPİ-nin DYPİ-nin 29 iyul 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, 23 iyul 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola baxılaraq, 23 iyul 2021-ci il tarixdə saat 10:19-da Q.Qarayev prospekti-Ş.Mirzəyev küçəsinin kəsişməsində “X7 Prado minik” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmaqla Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə X3 barəsində 60 manat cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirilməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.1.8-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq hüququ vardır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Lakin istər törədilməsi ehtimal edilən inzibati xətanın aşkar edilməsi zamanı, istərsə də protokol əsasında qərar qəbulu zamanı X1 İXM-nin 61.1.8-ci maddəsi ilə təsbit olunmuş hüququ təmin edilməmişdir. Hansı ki, belə görüntülərin olması inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün sübut əhəmiyyəti daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulması, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olması, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə, yaxud maneəni kənardan keçmə-həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələbləri ilə yanaşı Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. İnzibati xətanın törədilib-törədilməməsinə və inzibati xəta törətmiş şəxsin müəyyən edilməsinə münasibətdə müəyyən olunur ki, inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən sübutlar, yəni videogörüntülər, barəsində icraat aparılan şəxsin izahatı, digər zəruri sübutlar işə əlavə olunmamış, qərarı barəsində şikayət verilən orqan tərəfindən də məhkəməyə təqdim olunmamışdır. Nəzərə alındıqda ki, törədildiyi ehtimal edilən inzibati xəta hadisəsi hərəkətin intensiv olduğu ərazidə baş vermişdir, həmin ərazidə təhlükəsiz şəhər kameralarının görüntüləri müntəzəm olaraq qeydə alınır, ona görə həmin görüntülərə qərardan şikayət vermiş şəxsin iştirakı ilə baxış keçirilməli, əməl yol hərəkəti haqqında qanunun və inzibati xətalar qanunvericiliyinin tələbləri baxımından qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, X1 23 iyul 2021-ci il tarixdə saat 10:19-da Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə dair mötəbər və əsaslı hesab ediləcək hər hansı sübut müəyyən edilmədiyi, ilkin araşdırma zamanı həmin hallar araşdırılaraq törədilməsi ehtimal edilən inzibati xətaya düzgün hüquqi qiymət verilmədiyi halda, onların məhkəmə baxışı zamanı araşdırılması qeyri-mümkündür, inzibati araşdırma qaydasında həmin sübutlar toplanılmalı, videogörüntülərə baxış keçirilməli, müvafiq sübutlar işə əlavə edilməli, zərurət yarandıqda şahidlər dindirilməli və digər hərəkətlər həyata keçirilməlidir. Bu zaman, X1 Q.Qarayev prospekti-Ş.Mirzəyev küçəsinin kəsişməsində yola daxil olarkən alternativ yolun olmaması səbəbindən məcburi olaraq həmin yoldan istifadə etməli olduğu barədə şikayətində irəli sürdüyü dəlil də xüsusilə yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayətində irəli sürülən dəlillər əsaslı olmaqla, mübahisələndirilən qərarı qəbul etmiş Bakı şəhər BPİ-nin DYPİ-si tərəfindən gəlinən nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığına, həmin nəticələr işin faktiki hallarına uyğun olmadığına, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədiyinə, İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğuna görə, X1 barəsindəki 29 iyul 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərar ləğv edilməli, 23 iyul 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar həmin orqana göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 barəsindəki 29 iyul 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərar ləğv edilsin, 23 iyul 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar