Məhkəmə qərarları › İş №3(007)-2063/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2063/2023

08.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2063/2023 08.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi X2 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus “Grand Opera” restoranının fəaliyyəti zamanı atmosfer havasına yol verilən normativlərdən artıq miqdarda zərərli maddələr atılmışdır. Bu barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi T.N.Həsənzadə tərəfindən xx.xx.2023-cü il tarixdə, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi X5 protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMCnin nümayəndəsi X3 bildirmişdir ki, 2019-cu ilin oktyabr ayında İcra Hakimiyyəti tərəfindən atmosferə atılan zərərli maddələrin qarşısını almaq məqsədilə xüsusi avadanlıqlar alınması bildirilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin göstərişi və Nazirliyin “Ramal” adlı əməkdaşının vasitəsilə Türkiyə Respublikasında olan şirkətlə müqavilə bağlayaraq qurğu alınmış və quraşdırılmışdır. Qurğunun təmizlənməsi də həmin şirkətə həvalə edilmişdir. Həmin qurğu müntəzəm olaraq təmizlənir, əks halda zallarda oturmaq mümkün olmaz. Məhkəmədən yenidən monitorinq keçirilməsi, ətraflı araşdırma aparılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X10 Monitorinq İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 000398 saylı aktdan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tapşırığına əsasən “Grand Opera” şadlıq sarayında atmosfer havasına atılan zərərli qaz qarışıqlarının miqdarını müəyyənləşdirmək üçün X10 Monitorinq İdarəsinin mərkəz rəisi Q.Məsmalıyev, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişləri T.Həsənzadə və T.Məmmədovun iştirakı ilə monitorinq keçirilmişdir. Monitorinq zamanı şadlıq sarayının atmosfer havasına atılan zərərli qaz qarışıqlarının qarşısının alınması üçün qaztutucu qurğu quraşdırılmış, lakin filterlərin vaxtıvaxtında təmizlənmə işləri aparılmamışdır. Bununla bağlı olaraq şadlıq sarayının fəaliyyəti zamanı atmosfer havasına atılan zərərli qazların miqdarını müəyyənləşdirmək üçün qurğunun 2m məsafəsində ANKAT -7664M cihazı ilə ölçmə işləri aparılmışdır. Ölçmə nəticələrinə əsasən CO(dəm qazı)-27,2mq/m3 (norma 5mq/m3) müəyyən edilmişdir ki, bu da ətraf mühit üçün yol verilən qatılıq hədd daxilindən artıqdır. Ölçmə işləri zamanı SSRİ Səhiyyə Nazirliyinin yaşayış yerlərində atmosfer havasında çirkləndiricilərinin yol verilən qatılıq həddlərinin yol verilən normaları əsas götürülmüşdür (xx.xx.1984 N 3086-84). - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 79039 saylı aktdan görünür ki, “Ətraf mühitin mühafizəsi haqqında” və “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət olunması vəziyyətinin araşdırılması məqsədi ilə xx.xx.2023-cü il tarixdə İdarənin və X6 İdarəsinin əməkdaşı ilə birgə Nizami rayonu ərazisində fəaliyyət göstərən şadlıq sarayları və ictimai-iaşə obyektlərindən atılan zərərli qaz qarışığının miqdarının ölçülməsi məqsədi ilə monitorinqlər keçirilmişdir. Monitorinq zamanı Nizami rayonu, Bəkir Çobanzadə küçəsi 51 ünvanında fəaliyyət göstərən “Grand Opera” şadlıq sarayından atmosferə atılan tullantıların zərərsizləşdirilməsi məqsədi ilə qaztoztutucu qurğunun quraşdırıldığı məlum olmuş, lakin buna baxmayaraq sözügedən ictimai iaşə obyektinin nümayəndəsi X4 və onların iştirakı ilə XKEMİ-nin mühəndisi tərəfindən ANKAT qaz analizator cihazı vasitəsi ilə müvafiq qaydada ölçmə işləri aparılan zaman “Grand Opera” şadlıq sarayından atmosferə atılan zərərli qaz (CO) qarışığının miqdarı 27.2 mq/m3 təşkil edərək ətraf mühit üçün yol verilə bilən norma həddindən yüksək olduğu müəyyən edilərək xx.xx.2023-cü il tarixli, 000398 nömrəli akt tərtib edilmişdir. Nəticədə “Grand Opera” şadlıq sarayının fəaliyyəti nəticəsində “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 31 və 32-ci maddələrinin və “Atmosfer havasının mühafizəsi” haqqında Qanunun 13 və 14-cü maddələrinin tələbləri pozulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə inzibati xəta törətməkdə təqsirli olan şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən əhalinin sağlamlığının, bitki və heyvanlar aləminin mühafizəsi, onların genetik fondunun qorunması məqsədilə, atmosferi, suyu, torpağı və yerin təkini çirkləndirən potensial təhlükəli kimyəvi və bioloji maddələrin yol verilə bilən miqdarının normativləri müəyyən edilir. Müvafiq ərazilərdə bütün çirklənmə mənbələrinin əhalinin sağlamlığına, bitki və heyvanlar aləminə təsiri nəzərə alınmaqla ətraf mühitin çirklənməsinin qarşısını almaq məqsədilə hər bir çirklənmə mənbəyi üzrə ətraf mühitə atılan, axıdılan və basdırılan zərərli maddələrin yol verilə bilən normativlərinin son hədləri müəyyən edilir. Əhalinin sağlamlığın və əmək qabiliyyətinin qorunması, bitki və heyvanlar aləmi üçün əlverişli olan ətraf mühitin mühafizəsi məqsədilə səs-küyün, vibrasiyanın, elektromaqnit sahələrinin səviyyəsinin, radioaktiv şüalanmanın və başqa zərərli fiziki təsirlərin yol verilə bilən son hədləri normativləri müəyyən edilir. “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən atmosfer havasına zərərli təsir edə bilən yeni texnikanın, texnologiyanın, materialların və digər məhsulların istifadəsi nəticəsində vurula biləcək ziyanın qarşısının alınması məqsədilə atmosfer havasının mühafizəsinə dair aşağıdakı tələblər müəyyən edilir: atmosfer havasının mühafizəsinə dair qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verməyən yeni texnikanın, texnologiyanın, avadanlıqların, texniki vasitələrin, materialların, məmulatların, digər məhsulların tətbiqi və istifadə edilməsi qadağandır: qanunvericiliklə müəyyən edilən istismar müddəti keçmiş atmosfer havasını keyfiyyətinə zərərli təsir göstərən nəqliyyat, digər səyyar vasitələri və avadanlıqlarının, onların ehtiyat hissələrinin ölkə ərazisinə gətirilməsi qadağandır; İnsanın sağlamlığı və həyatı, ətraf mühit üçün təhlükə dərəcəsi müəyyən edilməmiş maddələrin atmosfer havasına atılması qadağandır; Azərbaycan Respublikasının ərazisində yanacaq istehsalına, idxalına və istifadəsinə yalnız onların atmosfer havasının mühafizəsinə dair tələblərə uyğun olmasını təsdiq edən sertifikatlar olduqda yol verilir; Azərbaycan Respublikasının ərazisində texniki qurğuların, texnoloji proseslərin, mühərriklərin, nəqliyyat və digər səyyar vasitələrinin, avadanlıqların və onların ehtiyat hissələrinin istehsalına, idxalına, istismarına yalnız onların istifadəsi zamanı zərərli maddələrin kütləsinin atılmanın texniki normativlərinə uyğunluğunu təsdiq edən sertifikatlar olduqda yol verilir; texniki qurğuların, texnoloji proseslərin, mühərriklərin, nəqliyyat və digər səyyar vasitələrin istifadəsi zamanı zərərli maddələrin kütləsinin atılmanın texniki normativlərə uyğunluğunu təsdiq edən sertifikatlar, habelə yanacaqın atmosfer havasının mühafizəsinə dair tələblərə uyğunluğunu təsdiq edən sertifikatlar qanunvericiliklə müəyyən edilmiş qaydada verilir; müvafiq icra hakimiyyəti orqanı işlədilməsi nəticəsində atmosfer havasını çirkləndirən neft və təbii qaz məhsullarının, başqa yanacaq növlərinin istifadəsini məhdudlaşdıra bilər, habelə ekoloji cəhətdən təhlükəsiz yanacaq növlərinin və digər enerji daşıyıcılarının istehsalını və istifadəsini stimullaşdırır. Atmosfer havasının vəziyyətinin və atmosfer proseslərinin dəyişməsinə yönələn fəaliyyət yalnız müvafiq icra hakimiyyəti orqanının verildiyi xüsusi icazə əsasında bu fəaliyyətin insanın sağlamlığı və həyatı, ətraf mühit üçün zərərli nəticələri olmadıqda həyata keçirilə bilər. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 233.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10500 (on min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar