Məhkəmə qərarları › İş №3(007)-2064/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2064/2022

27.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2064/2022 27.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 20 avqust 2022-ci il tarixli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 20 avqust 2022-ci il tarixli inzibati xəta haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 19 avqust 2022-ci il tarixdə saat 12:54 radələrində Qara Qarayev prospekti, 61 saylı binanın yanı ilə özünə məxsus “Nissan Sunny” avtomobili ilə hərəkət edərkən orada yerləşən TŞ4-084 təhlükəsiz şəhər kamerasının görüntüsünə əsasən barəsində EQ 11028813 nömrəli elektron protokol tərtib olunaraq qərar çıxarılmışdır. Protokolda onun “Yol hərəkəti haqqında” Qanunun 54-cü maddəsinin 1-ci bəndinin tələbinin pozulması qeyd olunaraq İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsi ilə məsuliyyət qeyd edilmişdir. Düzgün əsaslandırılmadan, heç bir qanuni istinad göstərilmədən, öz versiyalarını sübuta yetirmədən onun barəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin tələbinin pozulması əsas gətirilərək 50 manat məbləğində cərimə edilməsi ilə balğı qərar çıxarılmışdır. Onun etirazı, haqqında çıxarlan qərarın hüquqi əsaslarının olmamasıdır. Belə ki, “Yol hərəkəti haqqında” Qanunun 54-cü maddəsində deyilir: Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa, sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. İXM-nin 330-cu maddəsinin qeyd hissəsində deyilir: Qeyd: bu məcəllənin 330 və 331-ci maddələrində “yol verilməməsi” dedikdə, sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür. Göründüyü kimi mövcud vəziyyətdə bu maddənin tələbləri heç bir halda pozulmamışdır. Çünki TŞ4-084 təhlükəsiz şəhər kamerasının görüntülərindən də aydın olur ki, onun hərəkəti davam etdirməsi yolu keçən piyadanı dayanmağa, geri çəkilməyə və ya onun hərəkətinin sürət və istiqamətini dəyişməyə məcbur etmir. Ona görə cərimənin tətbiq edilməsi də düzgün deyildir. Bunun üçün təqsiri sübut olunmalıdır. EQ 11028813 nömrəli protokola Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən çıxarılmış 20 avqust 2022-ci il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X2 şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş və şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət vermiş şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 20 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Bakı şəhəri, Q.Qarayev prospekti, 61 saylı binanın yanı, “Şəlalə” şadlıq evinin qarşısında 19 avqust 2022-ci il tarixdə saat 11:54:02də “Nissan Sanny minik” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəçisi X2 nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə görə Azərbaycan Respublikası İXM-nin 330.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs kimi barəsində 50 manat cərimə tənbeh növü tətbiq edilmişdir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 330.0.1-ci maddəsinə əsasən nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya sürücü tərəfindən yol verilməməsi - həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur və əlli manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilməmiş, X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 330.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq və sübut edən müvafiq sübutlar əldə edilməmişdir. Belə ki, qərardan şikayət vermiş X1 CD disklərə köçürülməklə şikayətə əlavə etdiyi törədilməsi ehtimal olunan inzibati xəta hadisəsinin görüntülərinə dair fotoşəkillərin və videogörüntünün tədqiqi ilə müəyyən olunur ki, X1 19 avqust 2022-ci il tarixdə Q.Qarayev prospekti, 61 ünvanında yerləşən binanın yanında, “Şəlalə” şadlıq evinin qarşısında hərəkəti, nizamlanmayan piyada keçidi ilə hərəkətə başlamış piyadanın hərəkət istiqamətini dəyişdirməsinə səbəb olmamış, piyadanı hərəkət istiqamətini dəyişdirməyə məcbur etməmişdir. X1 idarə etdiyi nəqliyyat vasitəsi saat 11:54:02-də piyada zolağına yaxınlaşaraq ötüb keçmiş, saat 11:54:04-də isə piyada hərəkət istiqamətini dəyişdirmədən eyni piyada zolağı ilə yoluna davam etmişdir. İnzibati Xətalar Məcəlləsinin 330-cu maddəsinin “Qeyd”inə əsasən bu Məcəllənin 330 və 331-ci maddələrində “yol verilməməsi” dedikdə, sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür. Hansı ki, məhkəmə iclasında X1 Azərbaycan Respublikası İXM-nin 330.0.1-ci maddəsində nəzərdə tutulmuş nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verməməsi faktiki olaraq müəyyən edilməmişdir. Məhkəmə, tədqiq olunmuş sübutlara işin faktiki müəyyən edilən halları baxımından hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, X1 əməlində Azərbaycan Respublikası İXMnin 330.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur, yuxarıda qeyd edildiyi kimi, məhkəmədə şikayətə baxılarkən müvafiq tədbirlər görülməsinə baxmayaraq, qərarı barəsində şikayət verilmiş orqanın səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, qərarın əsaslılığına dair sübutlarını təqdim etməmişdir. Hansı ki, qanunvericiliyin tələbinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, sürücü kimi onun tərəfindən 19 avqust 2022-ci il tarixdə nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə dair sübut əldə edilməmiş, habelə məhkəmədə şikayətə baxılarkən də təqdim edilməmişdir. Ona görə X1 əməlində inzibati xəta tərkibi olmadığından şikayət təmin olunaraq, mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin X1 Azərbaycan Respublikası İXM-nin 330.0.1-ci maddəsi ilə 50 manat məbləğində inzibati cərimə edilməsinə dair 20 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar