Məhkəmə qərarları › İş №3(007)-2073/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2073/2020

15.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2073/2020 15.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Ələsgərova Aytac Hikmət qızının katibliyi, Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Beyləqan rayonunun Qaradağlı kəndində anadan olmuş, Beyləqan rayonu, Qaradağlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu “Koroğlu” metrostansiyasının qarşısında polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymamış və onlara tabesizlik göstərmişdir. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru, polis baş leytenantı H.Ş.Süleymanov tərəfindən xx.xx.2020-ci il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru, polis baş leytenantı X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının Müşayiət-eskort bölüyünün yol patrul xidmətinin baş inspektoru, polis kapitanı X6 bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə “Koroğlu” metrostansiyasının yaxınlığında ona təhkim olunmuş “BNW” markalı, **-YP-*** çağırışlı patrul avtomobilində xidmət aparan zaman “Toyota” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü “Giriş qadağandır” yol nişanının tələbini pozduğu üçün saxlanılmışdır. Sürücünün barəsində İXM-nin 327.2-ci maddəsi ilə protokol tərtib edib nüsxəsini sürücüyə təqdim etmək istədikdə sürücü onların ünvanına nalayiq ifadələr işlədərək tabesizlik göstərib getməyə başlamışdır. O, avtomobilə əyləşib həmin avtomobilin arxasınca sürüb sürücüyə saxlamağı tələb etmişdir. Sürücü tabesizlik göstərmiş, pəncərədən söyüş söyməyə davam etmişdir. “Koroğlu” metrostansiyasından Bünyadov prospektinə çıxışda tıxacla onun avtomobilini saxlamaq istədikdə sürücü avtomobilini onun və ekipaj yoldaşının üzərinə və ətrafda olan avtomobillərin üzərinə sürmüşdür. Avtomobili məcburi dayandırmaq üçün onun ön sol pəncərəsinin açıq olduğunu görüb onu endirməyə və açarı çıxartmağa çalışmışdır. Bu zaman sürücü yenə tabesizlik göstərərək avtomobili onun üzərinə sürərkən avtomobilin sol qabaq pəncərəsi sınmış və o, bundan istifadə edib avtomobilin açarını çıxartmışdır. Avtomobili məcburi dayandırmışlar. Sürücü yenə onun və ekipaj yoldaşının ailə üzvlərini qeyri-etik söyüşlərlə söyərək avtomobildən düşmək istəməmişdir. Sürücü şpris göstərərək heroin qəbul etdiyini və ona heç nə edə bilməyəcəklərini bildirmişdir. Onlar DYPİ-nin NH-nə məlumat verib post patrul naryadının gəlməsini tələb etmişlər. Post patrul naryadı gəldikdən sonra da sürücü qanuni tələblərinə tabe olmamışdır. Onlar məcbur olub əməliyyat qrupu çağırmışlar, əməliyyat qrupu gəldikdən sonra sürücü Şəxs PB-nə gətirmişlər. Şəxs qanunazidd hərəkətləri videogörüntüdə də əks olunmuşdur. Məhkəmə iclasında Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının Müşayiət-eskort bölüyünün yol patrul xidməti inspektoru, polis baş serjantı X2 yol patrul xidmətinin baş inspektoru X6 ilə oxşar məzmunda izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, xx.xx.2020-ci il tarixdə “Koroğlu” metrostansiyasının yaxınlığında avtomobilini saxlayıb dərman qəbul etmişdir. Polis əməkdaşı ona yaxınlaşaraq qayda pozduğunu bildirmişdir. O, polis əməkdaşına fikirli olduğunu, maddi imkanı olmadığını, pis vəziyyətdə olduğunu bildirərək ona cərimə yazmamasını xahiş etmişdir. Polis əməkdaşı ona yerində cərimə yazmış və 60 manat cərimə olunmağı barədə ona “sms” gəlmişdir. Digər polis əməkdaşı ona yaxınlaşaraq “bu narkomandır, özündə deyil” demişdir. Bu söz ona pis təsir etmişdir. O, polis əməkdaşlarına “guya siz düz işləyirsiz” demişdir. Polis əməkdaşı onu söydüyündən o da polis əməkdaşını söymüşdür. Polis əməkdaşı yumruqla avtomobilinin qabaq şüşəsini sındırmışdır. Onun avtomobilinə 700 manat ziyan dəymişdir. O, polis əməkdaşlarının üzərinə avtomobil sürməmişdir. “Hepatit D” və nevroloji xəstəliklərdən əziyyət çəkir. Ona görə də göbəyinə iynə vurur və psixotrop dərmanlar qəbul edir. Polis əməkdaşlarından üzr istəyir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1 bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 2 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 №-li qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında nəzərə alınmaqla 12 manat (2x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi Vəkil dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: xx.xx.1991-ci il tarixdə Beyləqan rayonunun Qaradağlı kəndində anadan olmuş, Beyləqan rayonu, Qaradağlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı xx xxxxxxx 2020-ci il tarixdən saat 16:40-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası DİN X5 Saxlanılma Mərkəzinə və Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 2 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Vəkil 12 (on iki) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar