Məhkəmə qərarları › İş №3(007)-2073/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2073/2023

01.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2073/2023 01.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı X3 tərəfindən tərtib edilmiş 30 mart 2023-cü il tarixli, 00100-00817/23 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC kommersiya fəaliyyəti ilə əlaqədar Yəmən Respublikasında fəaliyyət göstərən “X7 İmport" şirkəti ilə xx/xx/2022 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilə bağlayıb konfet yükünü 39874,80 avro, ABŞ valyutasına nisbətdə 42138.28 ABŞ dolları qiymətinə sataraq 23 iyun 2022-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********2439 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirməklə, gömrük bəyannaməsinin 37-ci qrafasında malların konsiqnasiya sazişləri üçün keçirilən mallar” keçirilmə xüsusiyyətində bəyan edərək Azərbaycan Respublikasından Yəmən Respublikasında fəaliyyət göstərən “X7 İmport” şirkətinə ixrac etmiş, buna görə də Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.1-ci yarım bəndinin tələblərinə riayət etməklə konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməli olduğu halda, **********2439 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ümumilikdə milli valyutaya nisbətdə 624.40 (altı yüz iyirmi dörd manat qırx qəpik) manat təşkil edən 367.29 ABŞ dolları xarici valyutada vəsaiti bu müddət ərzində müvəkkil bank hesablarına, yaxud digər bank hesablarına köçürülməsini təmin etməmiş, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini xaricdən qaytarmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, Şəxs MMC kommersiya fəaliyyəti ilə əlaqədar Yəmən Respublikasında fəaliyyət göstərən “X7 İmport" şirkəti ilə xx/xx/2022 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilə bağlayıb konfet yükünü 39874,80 avroya sataraq 23 iyun 2022-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində gömrük bəyannaməsi ilə rəsmiləşdirməklə “X7 İmport” şirkətinə ixrac etmişdir. Müqaviləyə uyğun olaraq alıcının sifarişinə əsasən mallar tam şəkildə Yəmən Respublikasına çatdırılmışdır. Mallar göndərildikdən sonra alıcı şirkət malların dəyərini tam şəkildə ödəmişdir. Daşıyıcı şirkətin təqsiri ucbatından malların bəziləri zədələndiyinə görə ümumilikdə 367,29 ABŞ dolları dəyərində mallar alıcıya yararsız vəziyyətdə çatdırılmış, alıcı da malların qeyd olunan hissədə dəyərini ödəməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsinin şərh edilməsinə dair qərarında göstərilir ki, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini müəyyən etməlidir. 367.29 ABŞ dolları məbləğində xarici valyutanın Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına köçürülməməsində Şəxs MMC-nin təqsiri yoxdur, daşıyıcı şirkətin təqsiri ucbatından mallar yararsız vəziyyətə düşmüşdür. Şəxs MMC-nin barasində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli, **********2439 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs MMC ilə Yəmən Respublikasında fəaliyyət göstərən “X7 İmport” şirkəti arasında bağlanmış xx/xx/2022 nömrəli, xx.xx.2022-ci il tarixli müqaviləyə istinad etməklə Bakı Baş Gömrük İdarəsində xx.xx.2022-ci il tarixdə **********2439 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirmə aparıb 39874.80 Avro dəyərində malları Azərbaycan Respublikasından ixrac etmişdir. - 34/013/008537 nömrəli, xx.xx.2023-cü il tarixli raportdan, sənədlərə baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, banklarla Dövlət Gömrük Komitəsi arasında olan “Forma 3.9.2.1” elektron hesabat sistemindən və Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursundan əldə edilmiş çıxarışlara əsasən hüquqi şəxs Şəxs MMC Yəmən Respublikasında fəaliyyət göstərən “X7 İmport” şirkəti ilə bağlanılmış xx/xx/2022 nömrəli, xx.xx.2022-ci il tarixli müqaviləyə istinad etməklə Bakı Baş Gömrük İdarəsində **********2439 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirmə aparıb 39874.80 avro dəyərində malları Azərbaycan Respublikasından Yəmən Respublikasında fəaliyyət göstərən “X7 İmport” şirkətinə ixrac etmişdir. Lakin qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində “Konsiqnasiya əməliyyatları üzrə hesabat”a dair çıxarışa əsasən 367.29 ABŞ dolları məbləğində vəsaiti Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. - xəbərdarlıqdan və bildirişdən görünür ki, Şəxs MMC-nin rəhbərliyinə konsiqnasiya yolu ilə ixrac olunmuş malların müqabilində vəsaitlərin onların bəyan olduğu gündən 180 (yüz səksən) gün ərzində müvəkkil bankda olan hesablara köçürülməsinin təmin edilməsinə dair Bakı Baş Gömrük İdarəsi tərəfindən xəbərdarlıq və bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları” nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsinə əsasən bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən “X7 İmport” şirkətinə göndərilmiş malların müqabilində köçürülməli olan 367.29 ABŞ dolları məbləğində vəsait Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına köçürülməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, habelə digər sübutlarla tam sübuta yetirilmiş və əməl düzgün olaraq İXM-nin 483-cü maddəsi ilə tövsif edilmişdir. Hüquqi şəxsin hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsir tam sübuta yetirildiyinə görə Şəxs MMC inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin 30 (otuz) faizi məbləğində cərimə edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan 367.29 ABŞ dollarının 30 (otuz) faizi məbləğində, yəni 110,187 ABŞ dolları məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar