Məhkəmə qərarları › İş №3(007)-2074/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2074/2021

06.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2074/2021 06.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 Bakı şəhər BPİ-nin DYPİ-nin 18 iyul 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhər BPİ-nin DYPİ-nin 18 iyul 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 08 iyul 2021-cı il tarixdə Q.Qarayev (əlavə yol) prospektində özünə məxsus “Jac HFC5020K yük” avtomobillə hərəkət edərkən saat 10:22 radələrində YPX onu saxlamış və Bakı şəhər BPİ YPİ YPXA-nın inspektoru X3 tərəfindən barəsində İXP ******* nömrəli protokol tərtib olunmuşdur. Protokolda onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1 saylı əlavəsində göstərilən tələblərin pozulması qeyd olunaraq İXM-nin 327.4-cü maddəsi ilə törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmişdir. O, bu protokolun tərtib olunmasına etiraz etsə də, inspektor razılaşmamış və protokol tərtib etmişdir. O da öz növbəsində inspektora etirazını bildirərək xətaya görə məsuliyyət qeyd edilən yolda hərəkət etmədiyini və qeydə alınan İXM-nin 327.4-cü maddəsini pozmadığını, İXP ******* nömrəli protokolla razılasmadığını bildirmişdir. Protokola etirazını bildirdiyi üçün şikayətinə 29 iyul 2021-ci il tarixdə BDYPİ-də baxılaraq, əsaslandırmasına heç bir qanuni istinad göstərmədən, öz versiyalarını sübuta yetirə bilmədikləri ücün barəsində “Yol hərəkəti haqqında” AR Qanununun 31-ci maddəsinin tələblərinə əsaslanaraq barəsində yazılmıs olan protokola inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərar çıxarılmısdır. Onun etirazı haqqında çıxarılan İnzibati Xətalar Məcəlləsinin 327.4 qərarın hüquqi əsaslarının olmamasıdır. Belə ki, “Yol hərəkəti haqqında” AR Qanununun 327.4-cü birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmə maddəsidir. O, Q.Qarayev prospekti (əlavə yol) ilə hərəkətdə olduğu zaman əks istiqamətdə hərəkətdə olmamışdır. Göründüyü kimi bu maddənin tələbləri pozulmuş deyildir. İlk öncə qanunlara əsaslanaraq, daha sonra heç bir sübut və videogörüntü olmadığı halda BDYPİ-nin əməkdaşının ona verdiyi inzibati tənbeh vermə haqqında qərara əsasən İXM-nin 57-ci maddəsinə uyğun olaraq verilən (TP ******* nomrəli) qərarı məhkəməyə təqdim edir. İXP ******* nömrəli protokola Bakı şəhəri BDYPİ tərəfindən çıxarılmış 08 iyul 2021-ci il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X2 şikayətin dəlillərini müdafiə edib, eyni məzminlu izahat verərək şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş qərarı barəsində şikayət verilmiş Bakı şəhər BPİ-nin DYPİ-nin nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət vermiş şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, mübahisələndirilən qərar ləğv olunmalı, lakin hazırkı halda iş üzrə icraata xitam verilməsi üçün əsaslar müəyyən edilmədiyindən inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılmalı olduğundan materiallar aidiyyəti üzrə göndərilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı şəhər BPİ-nin DYPİ-nin YPX inspektoru, polis kiçik serjantı X3 tərəfindən tərtib olunmuş 08 iyul 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Q.Qarayev prospekti-Əlavə yolda 08 iyul 2021-ci il tarixdə saat 10:22-də “Jac HFC5020 K yük” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir; -Bakı şəhər BPİ-nin DYPİ-nin 18 iyul 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, 08 iyul 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola baxılaraq, 08 iyul 2021-ci il tarixdə saat 10:22-də Q.Qarayev prospekti-Əlavə yolda “Jac HFC5020 K yük” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməklə Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə X2 barəsində 100 manat cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirilməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.1.8-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq hüququ vardır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Lakin istər törədilməsi ehtimal edilən inzibati xətanın aşkar edilməsi zamanı, istərsə də protokol əsasında qərar qəbulu zamanı X1 İXM-nin 61.1.8-ci maddəsi ilə təsbit olunmuş hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq hüququ təmin edilməmişdir. Hansı ki, belə görüntülərin olması inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün sübut əhəmiyyəti daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə-həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələbləri ilə yanaşı Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. İnzibati xətanın törədilib-törədilməməsinə və inzibati xəta törətmiş şəxsin müəyyən edilməsinə münasibətdə müəyyən olunur ki, inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən sübutlar, yəni videogörüntülər, barəsində icraat aparılan şəxsin izahatı, digər zəruri sübutlar işə əlavə olunmamış, qərarı barəsində şikayət verilən orqan tərəfindən də məhkəməyə təqdim olunmamışdır. Nəzərə alındıqda ki, törədildiyi ehtimal edilən inzibati xəta hadisəsi hərəkətin intensiv olduğu ərazidə baş vermişdir, həmin ərazidə təhlükəsiz şəhər kameralarının görüntüləri müntəzəm olaraq qeydə alınır, ona görə həmin görüntülərə qərardan şikayət vermiş şəxsin iştirakı ilə baxış keçirilməli, əməl yol hərəkəti haqqında qanunun və inzibati xətalar qanunvericiliyinin tələbləri baxımından qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, X1 08 iyul 2021-ci il tarixdə saat 10:22-də Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə dair mötəbər və əsaslı hesab ediləcək hər hansı sübut müəyyən edilmədiyi, ilkin araşdırma zamanı həmin hallar araşdırılaraq törədilməsi ehtimal edilən inzibati xətaya düzgün hüquqi qiymət verilmədiyi halda, onların məhkəmə baxışı zamanı araşdırılması qeyri-mümkündür, inzibati araşdırma qaydasında həmin sübutlar toplanılmalı, videogörüntülərə baxış keçirilməli, müvafiq sübutlar işə əlavə edilməli, zərurət yarandıqda şahidlər dindirilməli və digər hərəkətlər həyata keçirilməlidir. Bu zaman, qərardan şikayət vermiş şəxsin ehtimal edilən inzibati xətanın törədildiyi yol zolağının birtərəfli hərəkət istiqamətli olmadığına dair irəli sürdüyü dəlil də araşdırılaraq müvafiq qaydada qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayətində irəli sürülən dəlillər əsaslı olmaqla, mübahisələndirilən qərarı qəbul etmiş Bakı şəhər BPİ-nin DYPİ-si tərəfindən gəlinən nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığına, həmin nəticələr işin faktiki hallarına uyğun olmadığına, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədiyinə, İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğuna görə, X1 barəsindəki 18 iyul 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərar ləğv edilməli, 08 iyul 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar həmin orqana göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 barəsindəki 18 iyul 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərar ləğv edilsin, 08 iyul 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar