Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-2082/2022 14.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, X1 Bakı şəhəri Nizami rayon polis idarəsinin 25-ci polis şöbəsinin 25 yanvar 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayəti ona əlavə edilən sənədlərlə birlikdə nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X3 Bakı şəhəri Nizami rayon polis idarəsinin 25-ci polis şöbəsinin 25 yanvar 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından Daşkəsən Rayon Məhkəməsinə şikayət vermiş, həmin məhkəmənin 31 avqust 2022-ci il tarixli 3(030)- 214/2022 nömrəli qərardadı ilə şikayət aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Şikayəti ona əlavə edilən sənədlərlə birlikdə nəzərdən keçirib, hesab edirəm ki, şikayət məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Qeyd olunmalıdır ki, məhkəmədə inzibati xəta haqqında işlərə baxılması iki mərhələdən ibarətdir: inzibati xəta haqqında işin baxılmağa hazırlanması və işin mahiyyəti üzrə baxılması. Hər bir mərhələ icraatın müstəqil hissəsi olmaqla yanaşı, hər birinin özünə məxsus məqsəd və vəzifələri vardır ki, bu da öz növbəsində inzibati xəta haqqında materialların məntiqi ardıcıllıqla baxılmasını ehtiva edir. Başqa sözlə, işin baxılmağa hazırlanması zamanı İXM-nin 132-ci maddəsində göstərilən hallar ardıcıl həll edilməli, bundan sonra işə mahiyyəti üzrə baxılmaqla yekun qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 132-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır; 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər; 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Şikayətdən və ona əlavə edilən sənədlərdən görünür ki, X3 tərəfindən mübahisələndirilən qərar 25 yanvar 2022-ci il tarixdə qəbul edilmişdir, lakin o, həmin qərardan şikayəti 30 avqust 2022-ci il tarixdə vermişdir. Bu zaman X3 qərarı rəsmi qaydada hansı tarixdə aldığını təsdiq edən sübutunu, habelə qərarın rəsmi qaydada ona verildiyi vaxtdan şikayət verilməsi üçün nəzərdə tutulmuş on gün müddəti buraxdığı halda, bunun üzürlü səbəbini göstərməklə və müvafiq sübutunu təqdim etməklə prosessual müddətin bərpasına dair vəsatət verməmişdir. Bununla da, müəyyən olunur ki, hazırkı mərhələdə inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal mövcuddur, ona görə şikayət məhkəmənin icraatına qəbul edilə və işə mahiyyəti üzrə baxıla bilməz. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 4 noyabr 2020-ci il tarixli qərarı ilə aşağıdakı nəticəyə gəlmiş və qərar qəbul etmişdir: “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir”. Qərardan və şikayətin məzmunundan görünür ki, törədilməsi ehtimal edilən inzibati xəta Bakı şəhəri, Nizami rayonunun inzibati ərazisində baş vermişdir. Qərardan şikayət verən X3 isə, Daşkəsən rayonunun Çanaqçı kəndində qeydiyyatda olmaqla yaşayır. Belə olan halda, qərardan şikayət vermək hüququ olan şəxs nöqsanı aradan qaldırdıqdan sonra, yuxarıda qeyd edilənlərə uyğun olaraq, inzibati xətanın törədildiyi yer üzrə və yaxud vəsatətinə əsasən özünün yaşadığı yer üzrə məhkəməyə qərardan şikayət verə bilər. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Beləliklə, hesab edirəm ki, X1 hazırkı şikayət geri qaytarılmalı, təkrarən şikayət verərkən mübahisələndirdiyi qərarı rəsmi qaydada hansı tarixdə aldığını təsdiq edən sübutunu, habelə qərarın rəsmi qaydada ona verildiyi vaxtdan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddəti buraxdığı halda, bunun üzürlü səbəbini göstərməklə və müvafiq sübutunu təqdim etməklə prosessual müddətin bərpasına dair aidiyyəti məhkəməyə vəsatət vermək hüququ X2 izah edilməlidir. Qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 118, 128, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Bakı şəhəri Nizami rayon polis idarəsinin 25-ci polis şöbəsinin 25 yanvar 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayəti ona əlavə edilən sənədlərlə birlikdə geri qaytarılsın. Mübahisələndirdiyi qərarı rəsmi qaydada hansı tarixdə aldığını təsdiq edən sübutunu, habelə qərarın rəsmi qaydada ona verildiyi vaxtdan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddəti buraxdığı halda, bunun üzürlü səbəbini göstərməklə və müvafiq sübutunu təqdim etməklə şikayətlə birlikdə prosessual müddətin bərpasına dair aidiyyəti məhkəməyə vəsatət vermək hüququ X2 izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2082/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-2082/2022
14.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver