Məhkəmə qərarları › İş №3(007)-2083/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2083/2021

13.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2083/2021 13.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin 23 yanvar 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin 23 yanvar 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 23.01.2021-ci il tarixdə Nizami rayonu ərazisində, Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşı M.Mirzəyev tərəfindən İXM-nin 211.2-ci maddəsi ilə barəsində MN0926551 nömrəli inzibati protokol tərtib edilmişdir. Hesab edir ki, müvafiq protokol qərəzli şəkildə tərtib edilmiş, əsassız və qanunsuzdur. Belə ki, 23 yanvar 2021-ci il tarixdə, yəni həftənin şənbə günü Nizami rayonu ərazisində yerləşən “Koroğlu” m/s yaxınlığında, “Atletlər şəhərciyi” adlanan ərazidə, şəxsi avtomobilində olarkən, sonradan Bakı Nəqliyyat Agentliyinin işçiləri tərəfindən ərazidə reyd məqsədilə dayanma və ya durma qaydalarının pozulması ilə əlaqədar avtomaşınların şəkillərinin çəkildiyi ona məlum olmuşdur. Müvafiq ərazidə, avtomobilinin içində əyləşərkən “BNA” əməkdaşının ona məxsus avtomobilin arxadan şəklini çəkdiyini güzgü vasitəsilə gördükdə, maşından düşərək dərhal müdaxilə etmiş, müvafiq ərazidə dayanma və ya durma qaydalarını qadağan edən yol nişanının olmadığını bildirmişdir. Agentlik əməkdaşı ilə mübahisə etdikdə anidən onlara sarı yaxınlaşan PPX maşınından düşən polis əməkdaşı onun niyə fərdi qoruyucu vasitədən istifadə etmədiyini soruşmuşdur. Məsələ barəsində qısa da olsa məlumat versə də, qəfil maşından emosional düşdüyünü, BNA əməkdaşının maşınının şəklini qanunsuz olaraq çəkməyə cəhd etdiyini və buna əngəl olmaq üçün yubanmadan müdaxilə etdiyini bildirsə də, polis əməkdaşı müvafiq halı üzürsüz səbəb kimi qeyd edərək onu protokol tərtib edilməsi məqsədilə 23-cü polis bölməsinə aparmışlar. Şəxsiyyətini müəyyən etmək üçün şəxsiyyət vəsiqəsi üzərində olsa da, buna baxmayaraq onu əbəs yerə bölməyə aparıb orada kifayət qədər vaxtını almışlar. Barəsində tərtib edilmiş qanunsuz protokol və qərarla qəti razı deyil. Hazırkı vəziyyəti nəzərə alaraq ölkədə hökm sürən pandemiya şəraiti, kəskin yoluxma hallarının artması ilə əlaqədar olaraq müəyyən edilmiş məhdudiyyətləri pozmamışdır, mütəmadi olaraq spirt və tibbi maskadan istifadə etmiş və sosial məsafəyə riayət etmişdir. Onun üçün qanun həmişə alidir və polis əməkdaşı gördükdə görünüş xatirinə tibbi maskadan istifadə etmək məqsədi olmamışdır, müvafiq hadisə zamanı sırf zərurət yarandığına görə o, qəfil olaraq maşından enmişdir, müvafiq halı qanun pozuntusu kimi qiymətləndirmir. Onun 37 yaşı var, intizamlı vətəndaşdır, qanunlara həmişə riayət edir, subaydır, himayəsində iki valideyni var, ali təhsilli insandır, özünə qarşı həddindən artıq tələbkardır. İş yeri olaraq tədris mərkəzində repetitorluq fəaliyyətilə məşğul olduğu üçün, tədris etdiyi sahə dolayısı ilə İXM-ni də əhatə edir. Polisin onun barəsində protokol tərtib etməsi heç şübhəsiz polis üçün hesabat xarakteri daşıyır. Hesab edir ki, müvafiq hal polis tərəfindən humanistlik göstərilməklə yazılı qaydada xəbərdarlıq edilməklə həllini tapa bilərdi, amma əfsuslar olsun ki, bəzi hüquq-mühafizə orqanı əməkdaşları vətəndaşlarla profilaktik söhbətlər aparmaq, onları maarifləndirmək əvəzinə məhz cərimə etmək üçün səy göstərirlər. MN0919328 nömrəli qərarı rəsmi olaraq 23 iyul 2021-ci il tarixdə əldə etmişdir. Qeyd edilənləri nəzərə alaraq barəsində tərtib edilmiş 23 yanvar 2021-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X2 şikayətin dəlillərini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş qərarı barəsində şikayət verilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru M.Mirzəyev tərəfindən tərtib olunmuş 23 yanvar 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 23 yanvar 2021-ci il tarixdə X2 xüsusi karantin rejimi dövründə qoruyucu tibbi maskadan istifadə etməyərək Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə onun barəsində inzibati protokol tərtib edilmişdir; -Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin 23 yanvar 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, həmin tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, 23 yanvar 2021-ci il tarixdə tibbi maskadan istifadə etmədiyinə görə, X2 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə 100 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. İnzibati xətanın törədilib-törədilməməsinə və inzibati xəta törətmiş şəxsin müəyyən edilməsinə münasibətdə müəyyən olunur ki, Respublika ərazisində xüsusi karantin rejiminin elan olunmasına, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə ictimai nəqliyyatda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburi qaydada müəyyən edildiyinə və 23 yanvar 2021-ci il tarixdə bununla bağlı qərar qüvvədə olmasına baxmayaraq, Qanunun tələbləri X2 tərəfindən pozulmuşdur ki, bu da, inzibati məsuliyyətə səbəb olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli 451 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sonrakı digər qərarlarına əsasən xüsusi karantin rejiminin və müvafiq məhdudiyyətlərin müddətləri uzadılmış, o cümlədən 16 yanvar 2021-ci il tarixli 9 nömrəli qərara əsasən Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021ci il 1 aprel saat 06:00-dək uzadılmışdır. Bu Qərarların tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslərin Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşımalı olduqları təsbit edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, qərardan şikayət vermiş X2 Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburi qaydada müəyyən edilməsinə baxmayaraq, 23 yanvar 2021-ci il tarixdə həmin qaydaları pozaraq açıq havada fərdi qoruyucu vasitə olan tibbi maskadan istifadə etməməklə Nazirlər Kabinetinin bununla bağlı qərarının tələblərini pozmuş, onun bu hərəkəti nəticədə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olmuşdur. Həmin maddənin tələbinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Bu zaman nəzərə alınmalıdır ki, yeni növ koronavirus (COVİD-19) infeksiyasının təhlükəliliyi, səbəb olduğu fəsadlar, infeksiyadan qorunmağın yolları, əks halda nəzərdə tutulmuş məsuliyyət tədbirləri və sair maarifləndirici tədbirlər kütləvi informasiya vasitələri ilə və digər formalarda insanlar arasında təbliğ edilməsinə baxmayaraq, vətəndaşlar tərəfindən mütəmadi olaraq həmin qaydaların pozuntusuna yol verilir. Qərardan şikayət vermiş X2 da Nazirlər Kabinetinin qərarları ilə müəyyən edilmiş tələblərə əməl etməyərək, belə pozuntuya yol vermişdir, hansı ki, onun özü də yol verdiyi inzibati xəta hadisəsini etiraf edir, irəli sürdüyü dəlillər isə mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsas deyildir. İnzibati qanunvericiliyin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X1 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə 23 yanvar 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsi ilə dairəsi müəyyən edilmiş əsaslar müəyyən edilməmişdir, odur ki, X1 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1, Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin 23 yanvar 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar