Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2086/2021 08.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Seyfullayeva Şəbnəm Əfqan qızının katibliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC-nin nümayəndəsi – “A.İ.M” Vəkil Bürosunun vəkili Nümayəndə2 iştirakı ilə, Şəxs QSC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 253-1.2.1, 253-1.2.2 və 253.5.1-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsində MİHO-nun rəyi olmadan və ya yaşıllığın götürülməsi vərəqi olmadan 1 ədəd tut ağacının götürülməsi, 1 ədəd əncir ağacının zədələnməsi müəyyən edilmişdir. Bu barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi E.İ.Behbudov tərəfindən 17.07.2021-ci il tarixdə, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. 07.09.2021-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə1 izahat verərək bildirmişdir ki, Şəxs QSC-nin Azərbaycan Respublikasının İXM-nin 253-1.2.1, 253-1.2.2 və 253.5.1-ci maddələrinin təsiri altına düşən əməli ilkin araşdırma zamanı sübuta yetirilmişdir. Belə ki, baxış zamanı mühəndis Mais Kərimovun özü iştirak edərək ağacın götürülməsini etiraf etmiş, baxış aktına imza etmiş, hadisə barədə Mirvari Qəhrəmanlı öz “instagram” səhifəsində respublika ictimaiyyətinə məlumat vermiş, dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə məlumat vermiş, bununla bağlı xanımın izahatı da alınmış, hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Şəxs QSC tərəfindən qanunun tələbləri pozularaq müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli nümayəndələrinin rəyi olmadan özbaşına köküstə yaş vəziyyətdə 1 ədəd tut ağacı götürülmüş və 1 ədəd əncir ağacı zədələnmişdir. Mirvari Qəhrəmanlı ağacın götürülməsi zamanı fotoşəkillər çəkmiş, həmçinin video çəkmiş, onlara bu barədə iradını bildirmişdir. Məhkəmədən gələcəkdə bu cür halların qarşısının alınması və digər vətəndaşların da bu cür hallara yol verməkdən çəkinməsi üçün, həmçinin ekoloji tarazlığın qorunmasının dövlətin təməl prinsiplərindən birinin olmasını nəzərə alaraq Şəxs QSC-nin qanunda nəzərdə tutulmuş qaydada cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirmişdir ki, idarəyə daxil olmuş məlumat əsasında Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsində Şəxs QSC-nin podratçılığı ilə abadlıq işləri aparılan əraziyə baxış keçirilən zaman oradan 1 ədəd ağacın götürülməsi və 1 ədəd ağacın zədələnməsi müəyyən edilmişdir. Bu fotoşəkillərlə sübuta yetirilmiş, həmçinin orada olan QSC-nin mühəndisi özü bildirmişdir ki, ərazidə abadlıq işləri aparılan zaman 1 ədəd ağac tikintiyə mane olduğu üçün həmin ağac ağır texnika vasitəsi ilə götürülmüşdür. Bu barədə yerində akt tərtib etmişlər və mühəndis də aktı imzalamışdır. Hadisə yerində olan zaman aparılan tikinti və abadlıq işləri ilə bağlı onlara heç bir sənəd təqdim edilməmişdir. Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC-nin nümayəndəsi Nümayəndə2 izahat verərək bildirmişdir ki, Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsində götürülməsi qeyd olunan ağac qəzalı və qurumuş vəziyyətdə olan ağac kötüyündən ibarət olmuşdur. Şəxs QSC tərəfindən ərazidə aparılan işlər şəxsi maraqlara toxunan tikinti işləri deyil, ümumilikdə ərazidə yaşayan sakinlərin asudə vaxtlarını normal və yaxşı keçirmələri üçün nəzərdə tutulmuş abadlıq işləridir. Həmin ərazidə yaşayan sakinlər özləri də həmin kötüyün götürülməsi və ağacın budanması ilə bağlı ərizə ilə Şəxs QSC-yə müraciət etmişlər. Qeyd olunan ərazi həmin ərazidə olan yaşayış binalarının sakinlərinin ümumi istifadəsində olan ərazidir. Kötüyün götürülməsi və ağacın budağının budanması ilə bağlı sakinlərin ümumi razılığı olmuşdur. Abadlıq işlərinin Şəxs QSC-yə həvalə olunmasına dair müqavilə də vardır. Həmçinin Şəxs QSC tərəfindən aparılan abadlıq işləri çərçivəsində 400 ağacın əkilməsi nəzərdə tutulmuşdur. Buradan da Şəxs QSC-nin yaşıllığa olan münasibətinin necə olduğu görünür. Bundan başqa Şəxs QSC tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfat Birliyinə müraciət olunmuş, müraciətlərinə cavab olaraq ərazidə köküstə olan yarı quru və qəzalı vəziyyətdə olan tut ağacının götürülməsi və əncir ağacının quru budaqlarının sanitar qaydada budanması işlərinin aparılmasına etiraz olunmadığı bildirilmişdir. Məhkəmədən qeyd olunanları nəzərə alaraq Şəxs QSC-nin əməlində inzibati xəta tərkibi olmadığından barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 17.07.2021-ci il tarixli, 71092 nömrəli aktın surətindən görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən İdarəyə daxil olmuş “Nizami rayonu, A.Manafov küçəsində ağacların məhv edilməsi” ilə bağlı məlumat şikayətçi X1 iştirakı ilə yerində araşdırılmışdır. Araşdırma zamanı qeyd olunan ünvanda abadlıq və tikinti işlərinin aparılması faktı aşkar olunmuşdur. Belə ki, tikinti işlərini aparan işçilər (özlərini təqdim etməmişlər) şifahi olaraq ərazidə abadlıq və futbol meydançasının tikintisinə başlanıldığını və tikinti işlərini Bakı şəhər İcra Hakimiyyətinin sifarişi əsasında Şəxs QSC-nin podratçılığı ilə aparıldığını bildirmişlər. Qeyd olunan ərazidə abadlıq işləri ilə yanaşı 15 m x 30 m ölçüdə futbol meydançasının tikintisi üçün bünövrəsinin qazıldığı, qazıntı zamanı bünövrənin kənarında yerləşən bir ədəd köküstə qurumuş vəziyyətdə olan qarağac (dm = 45 sm) ağacının çıxarılaraq tikinti sahəsindən kənara qoyulduğu, bünövrənin yaxınlığında yerləşən köküstə yaş vəziyyətdə olan ağacların dib hissəsi ilə qazılması müəyyən edilmişdir. Araşdırma müddətində podratçı Şəxs QSC-nin mühəndisi X7 abadlıq işləri zamanı düzüləcək səkiyə maneçilik törətdiyi əvvəlki illərdə kəsilmiş 1 ədəd tut ağacının gövdəsindən inkişaf etmiş cavan zoğları olan gövdəsinin ağır texnika vasitəsilə kökündən çıxarıldığını, həmçinin 1 ədəd əncir ağacının isə budağının kəsilərək götürüldüyünü bildirsə də götürülən ağacların hara aparıldığı barədə məlumat verməkdən imtina etmişdir. Araşdırma müddətində kökündən çıxarılmış tut ağacı ərazidən götürülərək kənarlaşdırıldığı üçün diametrini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda aparılan araşdırma müddətində tikinti və abadlıq işlərinin layihə sənədləri, X5 Agentliyinin müvafiq rəyi təqdim edilməmişdir. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 16 iyul 2021-ci il tarixli baxış aktından görünür ki, idarəyə daxil olmuş məlumat əsasında Nizami rayonu Azər Manafov küçəsində Bakı şəhər İcra Hakimiyyətinin sifarişi əsasında Şəxs QSC-nin podratçılığı ilə abadlıq işləri aparılan əraziyə yerində baxış keçirilmişdir. Baxış zamanı QSC-nin mühəndisi bildirmişdir ki, ərazidə abadlıq işləri aparılan zaman 1 ədəd kolşəkilli tut ağacı tikintiyə mane olduğu üçün ekskovator tərəfindən kökündən götürülmüşdür. Araşdırma zamanı tikinti işlərinin layihə sənədləri, DEEA-nin tikintiyə verilmiş ekspertiza rəyi təqdim olunmamışdır. QSC-nin mühəndisi Mais Kərimov həm də qeyd etmişdir ki, əraziyə şirkət tərəfindən çoxlu sayda ağac əkiləcəkdir. - X2 tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanlanmış izahatdan görünür ki, 16.07.2021-ci il tarixdə saat 13:00-da yaşadığı binanın həyətindəki ağacların çıxarılmasını müşahidə etmişdir. Belə ki, binanın qarşısında olan köküstə yaş vəziyyətdə cavan 1 ədəd tut ağacı ərazidə abadlıq və tikinti işləri aparan şirkət tərəfindən ekskovatorla kökündən çıxarılaraq Kamaza yüklənərək ərazidən çıxarılmışdır. Onlara etiraz etmiş, onlar isə qeyd etmişlər ki, “abadlıq işləri aparırıq, özümüz bilərik.” Buna görə də dərhal Ekologiya Nazirliyinə məlumat vermişdir. - Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən Şəxs QSC-yə ünvanlanmış 14.06.2021-ci il tarixli, Ç-DQ-166/A nömrəli məktubdan görünür ki, Nizami rayonu, K.Balakişiyev 8, 15 və Azər Manafov 3, 5 saylı binaların bir qrup sakininin müraciəti əsasında sözügedən ünvanlarda mövcud olan qurumuş ağacın götürülməsi və budaqlarının şaxələnməsi nəticəsində ağırlıq edib qırılma təhlükəsi olan ağacların Şəxs QSC tərəfindən aparılan abadlıq işləri çərçivəsində budanmasına fikir bildirilməsi barədə Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfat Birliyinə daxil olmuş 08.06.2021-ci il tarixli, 117 saylı məktuba baxılmışdır. Müraciətlə əlaqədar olaraq bildirilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfat Birliyinin mütəxəssisləri tərəfindən yerində baxış keçirilən zaman ərazidə köküstə yarı quru və qəzalı vəziyyətdə olan tut ağacının olduğu və əncir ağacının quru budaqlarının sanitar qaydada budanmaya ehtiyacı olduğu müəyyən olunmuşdur. Eyni zamanda bildirilmişdir ki, qeyd olunan ünvanda dövlət layihəsi çərçivəsində abadlıq quruculuq işlərinin aparıldığını nəzərə alaraq sözügedən ağacın götürülməsinə və digər ağacın quru budaqlarının sanitar qaydada budanması işlərinin aparılmasının qanunvericilik çərçivəsində həyata keçirilməsinə tərəflərindən etiraz olunmur. - Nizami rayonu, K.Balakişiyev 8, 15 və Azər Manafov 3, 5 saylı binalarda yaşayan 18 nəfər sakin tərəfindən Şəxs QSC-nin rəhbərinə ünvanlanmış ərizədən görünür ki, qeyd edilən binaların həyətyanı sahələrində bir neçə ədəd qurumuş ağac və ağac kötükləri olduğu bildirilərək, məhəllədə abadlıq işləri apardıqları üçün, həm də sakinlərin təhlükəsizliyinin təminatı üçün həmin ağacların budanmasının və kötüklərin çıxarılmasının nəzərə alınması xahiş edilmişdir. - Bakı Şəhər Əsaslı Tikinti və Təmir MMC (sifarişçi) ilə "xxxx" QSC (icraçı) arasında bağlanmış 02.06.2021-ci il tarixli müqavilənin 5.3-cü bəndindən görünür ki, icraçı müqavilənin icrası ilə bağlı müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş icazələrin, lisenziyaların və müvafiq razılaşmaların (aparılacaq əsaslı təmir, bərpa və ya tikinti işlərinə dair işçi-layihə sənədlərinin tərtib edilməsini və mövcud qanunvericiliyə uyğun müvafiq təşkilatlarla razılaşdırılmasını təmin etmək; işlərin icrası dövründə inşaat sahəsində yanğına qarşı tədbirləri, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsi tədbirlərinin yerinə yetirilməsini təmin etmək və s.) almasını təmin edir. Azərbaycan Respublikasının İXM-nin 253-1.2-ci maddəsinə əsasən yaşıllıqların götürülməsi qaydasının pozulmasına, yəni: 253-1.2.1. müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan və ya nəzərə alınmadan yaşıllıqların götürülməsi barədə qərarın qəbul edilməsinə; 253-1.2.2. yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsinə görə - fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər on beş min manat miqdarında cərimə edilir. Həmin Məcəllənin 253.5.1-ci maddəsinə əsasən şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə görə - fiziki şəxslər iki yüz manat miqdarında, vəzifəli şəxslər dörd yüz manat miqdarında, hüquqi şəxslər iki min manat miqdarında cərimə edilir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13.4-cü maddəsinə əsasən yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanunun 13.1.5-ci və 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar üç təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.08.2016-cı il tarixli, 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi qaydası”nın 2.1-ci bəndinə əsasən yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: 2.2.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; 2.2.2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin X5sının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin X5sının obyekti olan və X5sının müsbət rəyi olan layihə həyata keçirildikdə; 2.2.3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; 2.2.4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda; 2.2.5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; 2.2.6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. Həmin Qaydanın 2.3-cü bəndinə əsasən bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır. Məhkəmə iclasında Şəxs QSC tərəfindən müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan və ya nəzərə alınmadan yaşıllıqların götürülməsi barədə qərarın qəbul edilməsi sübuta yetirilmədi. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs QSC-nin Azərbaycan Respublikası İXM-nin 253-1.2.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair hissədə icraata xitam verilməlidir. Məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edilmişdir ki, Şəxs QSC tərəfindən Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsində abadlıq işləri aparılarkən 1 ədəd tut ağacı müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülmüş və 1 ədəd əncir ağacının budağı kəsilərək zədələnmişdir. Beləliklə, Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İXM-nin 253-1.2.2 və 253.5.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolla, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş aktlarla, onlara əlavə edilmiş fotoşəkillərlə və digər sənədlərlə tamamilə sübuta yetirildi. Məhkəmə işin faktiki hallarına və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC-nin nümayəndəsi Nümayəndə2 izahatında göstərdiyi xüsusatlara qiymət verərək hesab edir ki, Nümayəndə2 göstərdiyi hallar özünümüdafiə xarakteri daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs QSC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs QSC-nin Azərbaycan Respublikasının İXM-nin 253-1.2.2 və 253.5.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, İXM-nin 34.3-cü maddəsinə əsasən İXM-nin 253-1.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2 və 253.5.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən 15000 (on beş min) manat məbləğində cərimə edilsin. Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair hissədə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-2086/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2086/2021
08.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver