Məhkəmə qərarları › İş №3(007)-2087/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2087/2022

29.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2087/2022 29.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X2 iştirakı ilə, X2 Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin 10 may 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin 10 may 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, MN ******* saylı protokol və inzibati tənbeh vermə haqqında MN ******* saylı qərar əsasında Azərbaycan Respublikası İXM-nin 266.3cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək 50 manat məbləğində cərimə olunmuşdur. Həmin maddəyə görə “Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə 50 manat cərimə edilirlər” göstərilib. Göstərəcəyi əsaslara görə hesab edir ki, o, qanunsuz olaraq cərimə olunmuşdur. O, yaşı ilə (66 yaş) əlaqədar və sağlamlığında olan bəzi xəstəliklərə görə heç vaxt zibil atmır, övladı atır. Xahiş edir, protokolu tərtib edən şəxs göstərsin ki, o, zibil atmışdır, özü də zibil yeşiyindən kənara. Əgər zibil atmışdısa, ona irad tutularaq yerində protokol yazılmalı idi. O da, təsdiqləmək məqsədilə, ya da etiraz hüququnu bildirərək protokolu imzalamalı idi. Onun isə həmin protokoldan ümumiyyətlə xəbəri olmayıb. Nə də həmin protokol onun evinə göndərilməyib. Vaxt dəqiq yadında deyil, isti yay günlərinin birində həyətyanı sahəsini abadlaşdırmaq, (yağışda həyətə su yığılırdı) daha dəqiq deyilsə, həyəti hündürləşdirmək məqsədi ilə öz vəsaiti ilə daş karxanasından daş qırıntıları gətizdirib həyətinə tökmüşdür. Bu da yalnız həyəti abadlaşdırmaq məqsədi ilə edilib. Həmin vaxt küçədən keçən Post-patrul xidməti maşını qapılarının açıq olduğunu və daş qırıntılarının həyətə töküldüyünü görüb qapının ağzında dayanmışlar. 4 nəfər tanımadığı, polis geyimində olan şəxs maşından düşərək onu sorğu-suala çəkməyə başlamışlar. Demişlər ki, həyəti abadlaşdırmaq üçün kimdən icazə almışdır. O da, cavab vermişdir ki, su yığılmasın deyə həyəti küçə səviyyəsinə gətirmək, həyəti abadlaşdırmaq üçün kimdən icazə almalıdır. O, heç kimə ziyan vurmur. Öz həyətində abadlaşma edir. Göründüyü kimi o, daş qırıntısını gətirib öz həyətinə tökmüşdür. Daha onlar göstərdiyi kimi harasa zibil kimi atmamışdır. Polislərlə aralarında gedən həmin danışıqlar zamanı küçədə yerə tökülən iynələri onlara göstərib demişdir ki, o, heç kimə ziyan vurmur, həyətini abadlaşdırır. Küçəyə tökülən bu iynələr isə gündə ən az bir gəncin həyatını zəhərləyir. Küçədə günün bütün saatlarında açıq narkotik alveri gedir, onları görmürlər, o, həyəti abadlaşdırdığı halda isə deyirlər ki, kimdən icazə almışdır. Həmin vaxt polis işçilərindən biri onun adını, soyadını soruşmuşdur. O da, polislərə adını və soyadını demişdir. Bundan sonra həmin şəxslər öz maşınlarına minib getmişlər. Sözügedən protokol barədə məlumatı isə içra şöbəsindən icra vərəqəsi ona gələndən sonra bilmişdir. xx.xx.2022-ci il tarixdə 23-cü polis bölməsinin rəisinə ərizə yazmışdır ki, sözügedən protokolun və qərarın ona verilməsini təmin etsin. Onlar da ona cavab vermişlər ki, 10 gün ərzində əlaqə saxlayar. Sənədlər ona verilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixdə hazırlanmışdır. Ona isə zəng olunub xx.xx.2022-ci il tarixdə. Həmin gün gedib imza etməklə protokolu və qərarı əlbəəl qəbul etmişdir. Polislər onu qəsdən və etmədiyi əmələ görə günahlandıraraq 50 manat cərimə etmişlər. MN ******* saylı protokol və inzibati tənbeh vermə haqqında MN ******* saylı qərar əsasında Azərbaycan Respublikası İXM-nin 266.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmədiyi üçün barəsində olan qanunsuz yazılmış protokolun və qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X4 şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, yaşadığıqları evin küçəsi o qədər də geniş deyil, daş qırıntısı tökəsən küçədə qala. Bir avtomobil yoldan keçəndə digər avtomobil gözləməli olur. Evlərinin yanında market var, ora gündə onlarla böyük və kiçik tutumlu avtomobillər mal gətirir, marketin yolunu tutsan, marketin sahibi bunu ona irad tutmazdımı? Əgər, zibil atmışdılarsa və bunu etiraf etmişdisə və ya kiminsə törətdiyi xətanı öz üzərinə götürmüşdüsə, niyə irad tutularaq yerində protokol yazılmamışdır. O, ya həmin protokolu təsdiq etməli idi, ya da etiraz hüququnu bildirərək protokolu imzalamalı idi. Göründüyü kimi bunların heç biri olmamışdır. Abadlaşma həyətdə olmuş, həyətin və evin heç bir divarında heç bir söküntü getməmiş, daş qırıntıları da həyəti qaldırmaq məqsədi ilə gətirilmiş, üzərinə daş pilətələr düzülmüşdür. Küçədə isə hasar yoxdur, yalnız darvaza və giriş qapısı vardır. Həyətdə iş yetdikcə görülən işlərin video görüntüsü çəkilmişdir, həmin video görüntülərdən şəkilləri çıxarıb məhkəməyə təqdim etmişdir. Şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən qərarı barəsində şikayət verilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin polis sahə inspektoru X8 şikayətin dəlilləri ilə razılaşmayıb izahatında göstərmişdir ki, 10 may 2022-ci il tarixdə Keşlə qəsəbəsində xidməti zərurətlə əlaqədar tədbirdə olduqları vaxt, T.Bədəlov küçəsi 23 ünvanının qarşısındakı yola zibill tullantılarının töküldüyü, bununla da yolun tamamilə bağlandığını müşahidə etmişlər. Ona görə də məişət tullantıları haqqında qanunvericiliyin pozulması əsası ilə X2 barəsində inzibati xəta haqqında protokol tərtib etmiş və bölmə rəisi tərəfindən həmin şəxsin Azərbaycan Respublikası İXM-nin 266.3-cü maddəsi ilə 50 manat cərimə edilməsi barədə qərar qəbul olunmuşdur. Şikayətin dəlilləri əsassızdır, qərarın ləğv olunması üçün əsas yoxdur. Şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin polis sahə inspektoru X5, Ş.A.Kərimovla eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3, R.Ə.Qasımovla eyni məzmunlu izahat vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin polis sahə inspektoru X8 tərəfindən tərtib olunmuş 10 may 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 10 may 2022-ci il tarixdə Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən yaşadığı ünvanın qarşısına urnalardan kənar yola, küçəyə məişət tullantıları atdığına görə X4 barəsində Azərbaycan Respublikası İXM-nin 266.3-cü maddəsi ilə protokol tərtib edilmişdir; -Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin 10 may 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, 10 may 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən X4 Azərbaycan Respublikası İXM-nin 266.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs kimi barəsində 50 manat cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati xətalar qanunvericiliyində inzibati xəta haqqında protokola deyil, səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında qərarına yenidən baxılması nəzərdə tutulmuş və tənzimlənmişdir. Belə olan halda, X4 tərəfindən verilmiş şikayət yalnız qərarın əsaslılığı və qanuniliyi hissəsində yoxlanılır. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 266.3-cü maddəsinə əsasən məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə - əlli manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilməmişdir. Belə ki, mübahisələndirilən qərara görə, X1 rayonu, Keşlə qəsəbəsində yerləşən yaşadığı ünvanın qarşısına urnalardan kənar yola, küçəyə məişət tullantıları atdığına görə təqsirli bilinərək inzibati qaydada tənbeh olunsa da, onun məişət tullantılarını tutumlardan (urnalardan) kənar yerlərə atmasını, eyni zamanda həmin məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə məhz X4 tərəfindən atılmasını təsdiq edən hər hansı sübut əldə edilməmiş və inzibati xəta haqqında protokolda bu barədə qeyd aparılmamış, belə sübutlar şikayətə məhkəmə iclasında baxılarkən də təqdim olunmamışdır. Baxmayaraq ki, İXM-nin 8-ci maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs olaraq X4 öz təqsirsizliyini sübut etməyə borclu deyildir, onun tərəfindən məhkəməyə təqdim olunaraq tədqiq edilmiş fotoşəkillərlə müəyyən olunur ki, həyətin abadlaşdırılması, müvafiq hissəyə nisbətdə hündürlük səviyyəsinin qaldırılması üçün həyətə müvafiq materialdan olan daşlar, plitələr tökülmüş, torpaq və digər tullantılar isə həyətin daxilinə, həyət darvazasından içəriyə doğru kənardan yığılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, onun tərəfindən 10 may 2022-ci il tarixdə törədildiyi ehtimal edilən İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin baş verməsinə, o cümlədən həmin şəxsin ehtimal edilən xətanın törədilməsində təqsirli olmasına dair sübutlar müəyyən edilmədiyindən, 10 may 2022-ci il tarixdə tərtib edilən inzibati xəta haqqında protokol əsasında həmin şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz, ona görə də mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin X2 Azərbaycan Respublikası İXM-nin 266.3-cü maddəsi ilə 50 manat məbləğində inzibati cərimə edilməsinə dair 10 may 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar