Məhkəmə qərarları › İş №3(007)-2088/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2088/2021

24.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2088/2021 24.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1974-cü il tarixdə Ağdam rayonunun Muğanlı kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 2 ünvanda yaşayan, Şəxs barəsində Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhər BPİ-nin DYPİnin yol patrul xidməti inspektoru polis baş serjantı X1 tərəfindən tərtib edilmiş 19.07.2021ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 19 iyul 2021-ci il tarixdə saat 09:03 radələrində Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi ilə “VAZ 21154” minik markalı ** LX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən işıq cihazlarından istifadə qaydalarını pozmağa görə yol-patrul xidməti əməkdaşı tərəfindən saxlanılmış və yoxlama zamanı onun nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmiş və bununla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli qərarı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 19 oktyabr 2021-ci tarixli qərarı ilə, Şəxs barəsində olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli qərarı ləğv edilmiş və yeni məhkəmə məhkəmə baxışına göndərilmişdir. Məhkəmə iclasında Şəxs verdiyi izahatında göstərmişdir ki, 19 iyul 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi ilə “VAZ 21154” minik markalı ** LX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən, yol-patrul xidməti əməkdaşı tərəfindən saxlanılmış və içkili olmadığı halda barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və protokolda qeydlər etməsi bildirilmişdir. Bundan sonra, həmin gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində müayinədən keçmiş və onun sərxoş olmadığı barədə verilmiş müvafiq tibbi rəyi məhkəməyə təqdim etmişdir. Qeyd olunanlara əsasən barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, inzibati orqanın nümayəndəsi naməlum səbəbdən məhkəmə iclasına gəlməmiş və inzibati orqanın nümayəndəsinin iştirakı olmadan inzibati işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu iş üzrə icraat materialları ilə əlaqəli yoxlayıb qeyd edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsi faktı tam sübuta yetirilmiş və onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün Xüsusi Texniki Vasitədən istifadə etmək haqqında 19 iyul 2021-ci il tarixli İXP №-li ******* saylı protokoldan görünür ki, Şəxs protokolda sərxoş olması haqqında “...Həkimə ehtiyac yoxdur, xahiş edirəm məni nəzərə alın, bir daha təkrarlanmayacaq...” sözlərini qeyd etmiş və protokolu imzalamışdır. Alkotestrin müayinəsinə dair testdən görünür ki, 19 iyul 2021-ci il tarixdə saat 09:01-də keçirilən müayinə zamanı Şəxs aşkar edilmiş alkoqolun miqdarı 0,599 % promil olmuşdur. İş materiallarında olan AC seriyalı 303252 saylı sürücülük vəsiqəsindən görünür ki, Şəxs verilmiş B kateqoriyalı sürücülük vəsiqəsi 11.07.2023-cü il tarixədək etibarlıdır. İşə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən ediməsi Qaydaları”na əlavə Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 1/2356 saylı, 19 iyul 2021-ci il tarixli aktdan görünür ki, 19 iyul 2021-ci il tarixdə saat 16:10da müayinə olunan Şəxs ayıq olduğu müəyyən ediulmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati iş üzrə toplanmış sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan Şəxs sonradan müayinədən keçərək təqdim etdiyi 1/2356 saylı, 19 iyul 2021-ci il tarixli tibbi müayinə aktı onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətdən azad edilməsini şərtləndirə bilməz. Belə ki, digər sübutlardan görünür ki, Şəxs (Alkotestr müayinəsi) 19 iyul 2021-ci il tarixdə saat 09:01-də aşkar edilmiş alkoqolun miqdarı 0,599 % promil olmuş və sonuncu həmin nəticə ilə razılaşıb bu barədə müvafiq qeydlər yazaraq təqsirini etiraf etmişdir. Göründüyü kimi, Şəxs 19 iyul 2021-ci il tarixdə saat 09:01-də sərxoş olduğu aşkar edildiyi halda, həmin gün (7 saat sonra) saat 16:10-da keçirilmiş tibbi müayinə zamanı onun sərxoş olmadığının aşkar edilməsi faktı öz özlüyündə onun inzibati məsuliyyətdən azad edilməsi ilə bağlı heç bir hüquqi nəticə yaratmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh növü tətbiq edərkən, törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirlilik dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə baxmaq səlahiyyəti həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələrin səlahiyyətinə aid edilmədiyindən, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini mümkün sayır və hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyası çərçivəsində müəyyən edilmiş həddə cərimə ilə tənbeh olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə ilə tənbeh edilsin. AC seriyalı 303252 saylı sürücülük vəsiqəsi Şəxs qaytarılsın. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsində nəzrədə tutulan inzibati xətanı törətməsinə dair məsələyə baxılması aidiyyəti üzrə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar