Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2096/2022 13.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞnin polis sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxx 2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ev 112, mənzil 38-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsindən daxil olmuş 13 sentyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs qanunsuz olaraq, satış məqsədi olmadan, şəxsi istehlak miqdarında narkotik vasitə olan qurudulmuş marixuana əldə edib saxlayaraq üzərində daşımış, 12 sentyabr 2022-ci il tarixdə saat 21:30 radələrində Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 112 ünvanının qarşısında saxlanılaraq Nizami RPİ-nə aparılmış, orada üzərində şəxsi axtarış zamanı əynindəki göy rəngli şalvarının sağ yan cibində saxladığı bir ədəd şəffaf sellofana bükülü vəziyyətdə 1,168 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru X2 protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, bir neçə aydır ki, “nəşə” kimi tanıdığı marixuanadan istifadə edir, “nəşə”ni müxtəlif yerlərdən, tanımadığı şəxslərdən alır. Bir neçə gün əvvəl “Qarayev” parkında olduğu vaxt üzdən tanıdığı, lakin adını və digər məlumatlarını bilmədiyi şəxsdən 10 manat verməklə “nəşə” almış, bir hissəsini istifadə etmiş, qalan hissəsini isə sonradan istifadə etmək üçün üzərində saxlamışdır. 12 sentyabr 2022-ci il tarixdə saat 21:30 radələrində yaşadığı Q.Qarayev prospekti 112 ünvanında yerləşən binanın qarşısında olduğu vaxt iki nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmiş, narkotik vasitənin istifadəsində şübhəli olduğunu bildirib onu 24-cü polis şöbəsinə dəvət etmişlər. Etiraz etməyib polis əməkdaşları ilə getmiş, orada üzərinə baxış keçirilərkən göy rəngli şalvarının sağ yan cibində olan bir ədəd şəffaf sellofan bükümdə “nəşə” kimi tanıdığı həmin marixuana aşkar olunaraq götürülmüşdür. Barəsində yüngül tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 12 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 21:30-da şübhəli şəxs qismində tutulmuşdur; - 12 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs üzərində aparılmış şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofona bükülü halda içərisində yaşıl rəngli spesifik iyə malik olan maddə aşkar olunaraq götürülmüşdür, o, həmin maddənin “nəşə” kimi tanıdığı marixuana olduğunu, 3-4 gün əvvəl 10 manat şəxsi istifadəsi üçün aldığını bildirmişdir; - 13 sentyabr 2022-ci il tarixli ekspertiza rəyindən görünür ki, Şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd sellofan kəsiyində təmiz çəkisi 0,168 qram birki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qururdulmuş marixuanadır. Tədqiqata sərf edildikdən sonra 0,118 qram qalığı qalmışdır; - 13 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, 24-cü PŞ-nin təhqiqatçısı tərəfindən Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin tərkibi yaranmadığından toplanmış material üzrə CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, barəsində İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi 24-cü PŞ-nə həvalə edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin “Qeyd”inə əsasən satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs narkotik vasitəni könüllü surətdə təhvil verməmişdir, qanunsuz olaraq narkotik vasitə əldə edərək saxlamasına görə polis əməkdaşları tərəfindən saxlanılmışdır, ona görə həmin şəxsin maddənin qeydində nəzərdə tutulduğu qaydada inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli 3(007)-1990/2022 nömrəli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinib, barəsində 300 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən həmin halı Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını, məsuliyyətinin ağırılaşdıran halın isə olmasını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyib, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materialları ilə müəyyən olunur ki, Şəxs 12 sentyabr 2022-ci il tarixdə saat 21:30da tutulmuşdur, ona görə məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan narkotik vasitə məhv edilməli, inzibati xəta törədən fiziki şəxs olduğundan iş üzrə məhkəməkimyəvi ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaiti dövlət hesabına ödənilməlidir. Bundan başqa vəkilin 3 iş saatı müddətində göstərdiyi hüquqi yardıma görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hər saat üçün 6 manat miqdarında nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 02 (iki) ay müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 12 sentyabr 2022-ci il saat 21:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nə həvalə edilsin. Maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin MSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra 0,118 qram qalmış narkotik vasitə-qurudulmuş marixuana məhv edilsin. İş üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə sərf edilmiş 88 manat pul vəsaiti dövlət hesabına dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə müdafiəçi X4 müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2096/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2096/2022
13.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver