Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-21/2022 13.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru Muradov Mammadın (X1) və vəkili-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən tərtib olunmuş 07 dekabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi ev 15/9A, mənzil 96 olan Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X8 28 iyul 2021-ci il tarixdən 14 sentyabr 2021-ci il tarixədək işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X10 protokolda qeyd edilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, araşdırma zamanı X3 özünün izahatı alınmışdır, təqdim edilmiş sənədlərlə isə müəyyən edilmişdir ki, işəgötürən Şəxs MMC tərəfindən həmin işçi ilə yalnız 14 sentyabr 2021-ci il tarixdə müqavilə imzalanmışdır, hansı ki, o, 28 iyul 2021-ci il tarixdən həmin tarixədək belə müqavilə olmadan işə cəlb edilmişdir. MMC ilə barışıq əldə etdikdən sonra X8 26 noyabr 2021-ci il tarixli ərizə təqdim edərək 03 noyabr 2021-ci il tarixli şikayəti üzrə araşdırmanın dayandırılmasını xahiş etmişdir ki, bunun da əsası olmamış, inzibati xətanın sübuta yetirildiyi nəzərə alınaraq, 07 dekabr 2021-ci il tarixdə protokol tərtib olunmuşdur. Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru Muradov Mammad (X5) izahatında göstərmişdir ki, vətəndaş X8 boş səbəblərə görə şikayət etmişdir, onun əmək müqaviləsi olmadan işə cəlb olunduğuna dair heç bir sübut yoxdur, X8 onu təhdid etmişdir ki, işdən çıxarılsa, ona kompensasiya ödəməli olacaqdır. X8 şəxsiyyət vəsiqəsini təqdim etdiyi gündən, yəni 14 sentyabr 2021-ci il tarixdən onunla əmək müqaviləsi bağlanmışdır. İşlədiyi müddətdə isə X8 müəssisədə personallarla tez-tez problem yaşamış, işə məsuliyyətsiz yanaşmış, vaxtında işə gəlib-getməmiş, hətta müəssisəyə məxsus olan telefonu özü ilə aparmış, hal-hazıradək də geri qaytarmamışdır. X8 26 noyabr 2021-ci il tarixdə ərizə yazaraq müraciəti əsasında aparılan araşdırmanın dayandırılmasını xahiş etsə də, nəzərə alınmayaraq protokol tərtib olunmuşdur. Qeyd etdiklərini nəzərə alaraq, işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin vəkili X9 göstərmişdir ki, inzibati xəta haqqında protokolda əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X3 28 iyul 2021-ci il tarixdən 14 sentyabr 2021-ci il tarixədək işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi göstərilsə də, buna dair sübutlar yoxdur. Həmin şəxs 2021-ci ilin iyul ayında müəssisəyə iş üçün müraciət etsə də, şəxsiyyətini təsdiq edən sənəd olmadığından qəbul edilməmiş, yalnız şəxsiyyət vəsiqəsini təqdim etdikdən sonra, 14 sentyabr 2021-ci il tarixdə onunla əmək müqaviləsi bağlanmışdır. Hesab edir ki, MMC-nin əməlində inzibati xəta tərkibi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -X6 03 noyabr 2021-ci il tarixdə qeydə alınmış müraciətdən görünür ki, X8 telefonla etdiyi müraciətində (şikayətində) göstərmişdir ki, sonuncu iş yeri olan "xxxx" MMC-də 2021-ci ilin iyul ayından etibarən əmək fəaliyyətinə cəlb edilsə də, əmək münasibətləri 14 sentyabr 2021-ci il tarixdən rəsmiləşdirilmişdir. 01 noyabr 2021-ci il tarixdən isə sınaq müddətində özünü doğrultmaması kimi əsassız səbəbdən əmək müqaviləsinə xitam verilmişdir. Həmin müəssisədə çalışdığı dövrdə yuxarıda qeyd edilən hal da daxil olmaqla işəgötürən tərəfindən bir sıra qanun pozuntularına yol verilmişdir. Belə ki, vətəndaşın qolunun sınması ilə əlaqədar ona 03 oktyabr 2021-ci il tarixdən xəstəlik vərəqəsi tərtib edilsə də, həmin tarixdən 15 oktyabr 2021-ci il tarixədək işçi işə cəlb olunmuşdur. Daha sonra bu vəziyyətdə işləyə bilmədiyini bildirdikdə işəgötürən tərəfindən işdən azad edilmə ilə bağlı ərizə yazması tələb olunmuşdur. İşçi bununla razılaşmadıqda isə ona əmək müqaviləsinə xitam veriləcəyi və iş yerinə buraxılmayacağı ilə bağlı məlumat verilmişdir. Vətəndaşın əmək müqaviləsinə 01 noyabr 2021-ci il tarixdə əsassız səbəbdən xitam verilmiş, heç bir son haqq-hesab ödənişi edilməmişdir, o cümlədən əmək kitabçası da geri qaytarılmamışdır. Eyni zamanda e-sosial.az internet portalında onun əmək haqqı 250 manat qeyd edilsə də, hər ay ona nağd şəkildə 500 manat əmək haqqı ödənişi edilmişdir. Vətəndaş qeyd olunan bu hallardan şikayətçidir, müraciətinin araşdırılmasını və işəgötürən barədə müvafiq tədbirlərin görülməsini tələb edir. -Şəxs MMC-nin direktoru Muradov Mammad tərəfindən X7 Bakı şəhər idarəsinə ünvanlanmış 19 noyabr 2021-ci il tarixli ərizənin surətindən görünür ki, vətəndaş Xədicə Hacıyeva 2021-ci ilin iyul ayında iş üçün müəssisəyə müraciət etmişdir. İşçi ilə razılaşıb, ondan əmək müqaviləsi bağlanılması üçün şəxsiyyət vəsiqəsi tələb olunmuşdur. İş əsasında şəxsiyyət vəsiqəsinin itirildiyi iddiasını irəli sürərək vaxt vermələrini, yeni şəxsiyyət vəsiqəsi alınana qədər sınaq müddəti olaraq onu işə götürmələrini xahiş etmişdir. Vəsiqəsini təqdim etdiyi gündən 14 sentyabr 2021-ci il tarixində tərəflərindən əmək müqaviləsi bağlanmışdır. Vətəndaşın iddiaları yanlışdır, o, işlədiyi müddətdə müəssisədaxili nizam-intizam qaydalarına, geyim qaydalarına, maskadan istifadə qaydalarına riayət etməmişdir. Bu səbəblərə görə dəfələrlə tərəflərindən şifahi xəbərdarlıq edilmişdir. Son günlərdə xəstə olduğu üçün işə gəlmədiyini bildirdikdə tərəflərindən xəstəlik vərəqi tələb edilmiş, lakin müəssisəyə xəstəlik vərəqi təqdim edilməmişdir. Müəssisədə personallarla tez-tez problem yaşadığı, işə məsuliyyətsiz yanaşdığı, vaxtında işə gəlib-getmədiyi, hətta müəssisəyə məxsus olan telefonu özü ilə aparıb geri gətirmədiyi üçün işdən xaric ediləcəyi ilə bağlı şifahi xəbərdarlıq edilmişdir. Lakin qarşılığında hədəqorxu gələrək haqlarında yanlış məlumatlar təqdim etmişdir. Xəstəlik vərəqi təqdim etmədiyi üçün işdən xaric edilməsinə bir maneə görülməmişdir. Hazırda vətəndaş onlardan təzminat tələb edir. Lakin müəssisədə 6 aydan az işlədiyi üçün Əmək Məcəlləsinə əsasən vətəndaşa son haqq-hesab məbləği düşmür. Məktubda qeyd olunan 500 manat əmək haqqı tərəflərindən ödənilməmişdir. Əmək haqqı 250 manat, yarım ştat olduğu üçün isə 125 manat olaraq hesablanmışdır. İşçiyə bank tərəfindən kart sifariş edilmişdir. Həmin əmək haqqı karta köçürülmüşdür. Müəssisəyə məxsus mobil telefon hazırda həmin vətəndaşdadır və qaytarmır. Telefonu qaytarmadığı üçün müəssisəyə yeni telefon almaq məcburiyyətində qalmışlar. Vətəndaşa müəssisənin nizam-intizam qaydalarını pozduğuna görə xəbərdarlıq edib Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. -Əmək müqaviləsinin (kontraktı)nın surətindən görünür ki, X8 14 sentyabr 2021-ci il tarixdən etibarən Şəxs MMC-də 0,5 ştat vahidi üzrə 14 sentyabr 2021-ci il tarixdə qeydiyyatçı kimi işə cəlb edilmişdir. Həmin müqavilə müddətsiz olmaqla, işin birinci dörd ayı sınaq müddəti hesab edilmiş, hər ay 125 manat məbləğində əmək haqqı müəyyən edilmişdir. -Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X3 Şəxs MMC tərəfindən 14 sentyabr 2021-ci il tarixli əmək müqaviləsi üzrə qeydiyyatçı kimi işə cəlb edilməsi 14 sentyabr 2021-ci il tarixdə elektron sistemdə qeydə alınmışdır. -Şəxs MMC üzrə 20 oktyabr 2021-ci il tarixli 18 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, 01 noyabr 2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “d” bəndinə əsasən qeydiyyatçı X3 işdən azad olunaraq əmək müqaviləsinə xitam verilmişdir. -Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ilə əmək müqaviləsi bildirişindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) X3 14 sentyabr 2021-ci il tarixdə qeydə alınmış əmək müqaviləsinə Şəxs MMC tərəfindən 01 noyabr 2021-ci il tarixdə xitam verilməsi elektron sistemdə qeydə alınmışdır. -X3 X11 Xidmətinin Bakı şəhər idarəsinə ünvanladığı 26 noyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, o, Şəxs MMC-dən etdiyi şikayətinin araşdırılmadan dayandırılmasını xahiş etmişdir. Ərizə 01 dekabr 2021-ci il tarixdə həmin idarəyə daxil olmuşdur. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz hüquqi şəxs Şəxs MMC tərəfindən törədilmişdir. İnzibati xətanın törədilib-törədilməməsinə və inzibati xəta törətmiş şəxsin müəyyən edilməsinə münasibətdə müəyyən olunmuşdur ki, Şəxs MMC tərəfindən X8 28 iyul 2021-ci il tarixdən 14 sentyabr 2021-ci il tarixədək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Bu fakt, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı öz təsdiqini tapmışdır. X3 26 noyabr 2021-ci il tarixli ərizəsinə gəldikdə, nəzərə alınmalıdır ki, o, həmin ərizəsində ilkin müraciətinin yanlış, əsassız olması barədə bildirməmiş, yalnız şikayəti üzrə araşdırmanın dayandırılmasını xahiş etmişdir. Ona görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktorunun bununla bağlı göstərdiklərinin əsası yoxdur. Məhkəmə hesab edir ki, bununla da inzibati xətalar qanunvericiliyinin tələbləri Şəxs MMC tərəfindən pozulmuşdur ki, bu da, İXM-nin 192.1-ci maddəsinin təsiri altına düşməklə, həmin maddə ilə inzibati məsuliyyətə səbəb olmuşdur. Törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 44-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır; 44-cü maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. Məhkəmə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusuna əsaslanaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktorunun və vəkilinin məhkəmə iclasında irəli sürdükləri dəlilləri əsassız hesab edir və hüquqi şəxsi inzibati məsuliyyətdən yayındırmağa cəhd edilməsi kimi qiymətləndirir, həmin göstərilənlər işin faktiki müəyyən edilmiş halları ilə təkzib olunur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-21/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-21/2022
13.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver