Məhkəmə qərarları › İş №3(007)-2100/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2100/2020

16.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2100/2020 16.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X2, qərarı barəsində şikayət verilmiş Bakı şəhəri Nizami RPİ 23-cü PB-nin nümayəndəsi X3 iştirakları ilə, X2 Bakı şəhəri Nizami RPİ 23-cü PB-nin xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 Bakı şəhəri Nizami RPİ 23-cü PB-nin xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 23-cü Polis Bölməsinin xx xxxxxxxx 2020-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən o, Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 500 manat cərimə edilmişdir. O, həmin inzibati xətanı törətməmişdir. 23cü PB-nin əməkdaşı ona qarşı qərəzli olmuşdur. Guya o, Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi, Dədə Qurqud 10 ünvanında qanunsuz tikinti işləri aparmışdır. O, heç bir yerdə qanunsuz tikinti işləri aparmamışdır. Əgər, o, qanunsuz tikinti işləri aparmışsa, ona göstərilsin ki, həmin tikinti işlərini harada aparmışdır. Barəsində olan 23-cü Polis Bölməsinin xx xxxxxxxx 2020-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X6 şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Bakı şəhəri Nizami RPİ 23-cü PB-nin nümayəndəsi X7 göstərmişdir ki, Keşlə qəsəbəsi üzrə icra nümayəndəliyinin qanunsuz tikinti işlərinin dayandırılması və qanuna müvafiq tədbirlərin görülməsi barədə müraciəti araşdırılaraq, tərəfindən xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tikintinin məhz X4 məxsus olması, tikintiyə icazə sənədinin olub-olmaması barədə sənəd təqdim olunmamışdır, icra nümayəndəliyinin məktubunda həmin vətəndaşın adı qeyd olunmuşdur. Hesab edir ki, şikayət əsassızdır, şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, mübahisələndirilən qərar ləğv olunaraq inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılmalı olduğundan materiallar Bakı şəhəri Nizami RPİ 23-cü PB-nə göndərilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı şəhəri Nizami RPİ 23-cü PB-nin sahə inspektoru Mehnur Mirzəyev tərəfindən tərtib olunmuş xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx xxxxxxxx 2020-ci il tarixdə X1 rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsində yerləşən “Dədə Qorqud-10” ünvanında qanunsuz tikinti işləri aparmış, nəticədə Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; -Bakı şəhəri Nizami RPİ 23-cü PB-nin rəisi Emin Çələbiyev tərəfindən qəbul olunmuş xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarın surətindən görünür ki, xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola baxılaraq Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə X6 barəsində 500 manat cərimə tənbeh növü tətbiq edilmişdir; -Bakı şəhəri Nizami rayon İHB-nın Keşlə qəsəbə İƏD üzrə nümayəndəsinin xx xxxxxx 2020-ci il tarixli 03/104 nömrəli məktubunun surətindən görünür ki, X5 adlı vətəndaş nümayəndəliyə müraciət edərək bildirmişdir ki, qəsəbənin N.Abdullayev küçəsində yerləşən özünün dediyinə görə ona məxsus olan torpaq sahəsində Kifayət Cabbarova adlı xanım vətəndaşın qanunsuz olaraq tikinti işləri apardığını bildirmişdir. Nümayəndəliyin məsləhətçi-mühəndisi tərəfindən onlara tikinti işlərinin dayandırılması barədə şifahi xəbərdarlıq edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, həmin ərazidə aparılan qanunsuz tikinti işlərinin dayandırılması və qanuna müvafiq tədbirlərin görülməsi 23-cü Polis Bölməsindən xahiş edilmişdir; -Bakı şəhəri Nizami rayon İHB-nın Keşlə qəsəbə İƏD üzrə nümayəndəsinin məhkəmənin rəsmi sorğusuna xx xxxxxx 2020-ci il tarixli 03/160 nömrəli cavab məktubundan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə X5 nümayəndəliyə zəng edərək qəsəbənin N.Abdullayev küçəsində yerləşən “Dədə Qorqud-10” kiçik müəssisəsində Kifayət Cabbarova adlı şəxs tərəfindən özbaşına tikinti işlərinin aparılması barədə məlumat vermişdir. Nümayəndəliyin əməkdaşları tərəfindən tikinti işləri aparılan əraziyə aid torpaq sahəsinin sənədlərinin, tikinti işlərini aparılmasına dair hüquqverici sənədlərin əldə edilməsi və tikinti işlərinin kimə məxsus olması barədə məlumat əldə edilməsi üçün sözügedən əraziyə baxış keçirilmişdir. Baxış zamanı həqiqətən orada 15 kv.m ölçüdə tikinti işlərinin aparıldığı müəyyən olunmuşdur. Tikinti işlərini aparan şəxslərə tikintinin kimə məxsus olması və sənədlərin surətinin əməkdaşlara təqdim olunması izah edilmiş, lakin onlar nə torpağa aid, nə də tikinti işlərinin aparılmasına aid heç bir sənəd təqdim etməmiş və tikintinin kimə məxsus olması barədə heç bir məlumat verməmişlər. Bunları nəzərə alaraq nümayəndəliyin əməkdaşları həmin tikinti işlərinin özbaşına həyata keçirilməsi qənaətinə gəlmiş və tikinti işlərinin aparılmasına dair hüquqverici sənədlər əldə edilənədək tikinti işlərinin dayandırılmasını onların nəzərinə çatdırmışlar. Qəsəbə nümayəndəsinin müavini X10 və məsləhətçi-mühəndis Əsədov Anar Əlövsət oğlu yuxarıda qeyd edilənlər barədə qəsəbə nümayəndəsinə xx xxxxxx 2020-ci il tarixdə yazılı şəkildə məlumat təqdim etmişlər. (məlumatın surəti məktuba əlavə olunur) Sözügedən torpaq sahəsinin kimə məxsus olması barədə nümayəndəlikdə heç bir sənəd yoxdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, nümayəndəlik tərəfindən 2020-ci il 19 avqust tarixində həmin tikinti işlərinin dayandırılması və qanunamüvafiq tədbir görülməsi məqsədilə 03/104 saylı məktubla Nizami PRİ-nin 23-cü Polis Bölməsinə müraciət edilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. İnzibati xətanın törədilib-törədilməməsinə və inzibati xəta törətmiş şəxsin müəyyən edilməsinə münasibətdə müəyyən olunur ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsində tikinti işlərinin aparılması müəyyən edilmişdir. Lakin bu tikinti işlərinin kimə məxsus torpaq sahəsində, konkret olaraq kim tərəfindən aparılması, bu işlərin aparılmasına icazənin alınıb-alınmaması müəyyən və sübut edilməmişdir. Qərar qəbul edən orqan bununla bağlı hər hansı araşdırma aparmamış, sübutlar toplamamışdır. Ərazi üzrə icra nümayəndəliyinin izahına görə, tikinti işlərini aparan şəxslər torpağa və tikinti işlərinin aparılmasına dair sənəd təqdim etməmiş və tikintinin kimə məxsus olması barədə heç bir məlumat verməmişlər. Buna görə, nümayəndəliyin əməkdaşları həmin tikinti işlərinin özbaşına həyata keçirilməsi qənaətinə gəlmişlər. Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsi-həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Göründüyü kimi, tikinti işlərinin aparılması üçün müvafiq orqanların icazəsi alınmalıdır, belə icazə olmadıqda isə, əməl inzibati xəta hesab olunmaqla, İXM-nin 395.1ci maddəsinin təsiri altına düşür. Lakin inzibati araşdırma zamanı işin yuxarıda qeyd olunan faktiki halları araşdırılmamış, habelə, “Dədə Qorqud-10” kiçik müəssisəsinin yerləşdiyi ərazidə tikinti işlərinin aparıldığı qeyd olunduğu halda, həmin müəssisədən zəruri sənədlər götürülməmiş, rəsmi sorğular verilməmiş, həqiqətən inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, bu inzibati xətanı törətmiş şəxs müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, X2 irəli sürülən və məhkəmə iclasında müəyyən olunan hallar hazırkı halda həmin şəxsin əməlində inzibati xəta tərkibinin olmaması qənaətinə gəlinməsi üçün tam əsas vermir, ona görə şikayət qismən təmin edilərək qərar ləğv olunmalı, lakin iş üzrə yenidən araşdırma aparılmalı, zəruri sənədlər götürülərək yuxarıda qeyd olunan hallar ətraflı yoxlanılmalı, əlavə olaraq nümayəndəliyin tikintiyə baxış keçirmiş və nümayəndəyə xx xxxxxx 2020-ci il tarixdə rəsmi məlumat yazmış şəxslərin, eləcə də tikintini aparmış şəxslər müəyyən edilərək onların izahatları alınmalı, müvafiq sübutlar toplanılaraq qiymətləndirilməli və yekunda qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, mübahisələndirilən qərarı qəbul etmiş Bakı şəhəri Nizami RPİ 23-cü PB tərəfindən gəlinən nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığına, həmin nəticələr işin faktiki hallarına uyğun olmadığına, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədiyinə, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmadığına, İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğuna görə, Bakı şəhəri Nizami RPİ 23-cü PB-nin X2 barəsindəki xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilməli, xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar həmin orqana göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nizami RPİ 23-cü PB-nin X2 barəsindəki xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilsin, xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar həmin Polis Bölməsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar