Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2111/2021 18.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X2, qərarından şikayət verilmiş orqan – Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İ.F.Mehdiyev tərəfindən qəbul edilmiş 27.11.2020-ci il tarixli, 7 nömrəli inzibati xətaya dair qərardan X2 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İ.F.Mehdiyev tərəfindən qəbul edilmiş 27.11.2020-ci il tarixli, 7 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının müavini cənab İldırım Mehdiyev tərəfindən imzalanmış 27 oktyabr 2020-ci il tarixli, 7 №-li qərarla o, guya özbaşına tikinti işləri apardığı üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsinə uyğun olaraq 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. Qərarda qərarın surətinin ona göndərilməli olması göstərilsə də qərarın surəti ona göndərilməmiş və icra icraatına başlanana qədər cərimə olunmağı ona məlum olmamışdır. 29 iyul 2021-ci il tarixdə onu Nizami rayon İcra şöbəsinə çağırıb bildirmişlər ki, cərimə olunmuş və onu ödəməlidir. 30 iyul 2021-ci ildə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının aparatına getmiş, qərarın surətini götürmüşdür. Aşağıdakı mülahizələrə görə hesab edir ki, göstərilən qərar qeyri-qanunidir və məhkəmə tərəfindən ləğv edilməlidir. Füzuli rayonu ermənilər tərəfindən işğal olunduqdan sonra 1993-cü ildən məcburi köçkün düşmüşlər. Məcburi köçkün ailəsi kimi Bakı şəhəri, Nizami rayonu ərazisində Əlişir Nəvai küçəsində 3/7 ünvanında, kommunal şəraiti məhdud olan yerdə məskunlaşmışlar. Təxminən 28 illik məcburi köçkünlük dövründə ailə tərkibləri artmış və hal-hazırda 2 qızı və 1 oğlu ailə qurmuşlar. Əri, 2 oğlu, 2 qızı, gəlini, kürəkəni və 6 nəvəsi daxil olmaqla həmin yerdə 14 nəfərlik ailə üzvləri ilə yaşayırlar. Faktiki olaraq 1 ailədən əlavə 3 ailə törəmiş və hazırda 4 ailədirlər. X4 ailəsi də onlarla yanaşı, eyni ərazidə yaşayır. Keçən ilə qədər faktiki olaraq 4 ailədən 14 nəfərdən ibarət olan onların ailəsi ilə baldızı Reyhangilin ailəsi bir sanitar qovşağından istifadə etmişlər. Baldızının oğlu nişanlanmış və evlənmək ərəfəsində olmuşdur. Bir sanitar qovşaqdan istifadə etməkləri artıq mümkün olmayacaqdır. Ona görə də 2020-ci ilin aprel ayında Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısına ərizə ilə müraciət etmişlər. Nizami Rayon İcra Hakimiyyətindən Tariyel müəllim, Qara müəllim, Qaçqınkomun Nizami rayonu üzrə nümayəndəsi Cəsarət müəllim olmaqla komissiya gəlmiş və onların şəraitini yoxlamış, şifahi formada onlara icazə vermişlər ki, istifadələrində olan təsərrüfat otağının üstündə sanitar qovşağı tiksinlər. Əslində, bu yeni tikili deyildi, mövcud tikilinin təmir edilib sanitar qovşağına çevrilməsi idi. Onlar da həmin komissiyanın şifahi icazəsi əsasında təsərrüfat otağını sanitar qovşağına çevirmişlər. Bundan bir neçə ay sonra, polisin sahə rəisi Lətif adlı şəxs 2020-ci ilin sentyabr ayında gəlib həyətə baxmış, hansısa sənəd yazmış və onu aldadıb həmin kağıza imza etdirmişdir. Cərimə ediləcəyi barədə ona məlumat verilməmişdir. Yuxarıda qeyd etdiyi kimi cərimə qərarını isə 30 iyul 2021-ci ildə almışdır. Digər tərəfdən məcburi köçkün kimi istifadələrində olan təsərrüfat otağını sanitar qovşağına çevirmələri icazə tələb olunan tikinti işi deyildir. Ona görə də onun və ailə üzvlərinin əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X3 şikayətin məzmununa uyğun izahat verərək məhkəmədən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İ.F.Mehdiyev tərəfindən qəbul edilmiş 27.11.2020-ci il tarixli, 7 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin nümayəndəsi Qanuni nümayəndə izahatında bildirmişdir ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və həmin Komitənin yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə ünvanlanmış məktublarda ünvan 3tişik 15 m2 torpaq sahəsində tikinti işlərinin aparılması barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmış 09.07.2020-ci il tarixli məktub əsasında keçirilən monitorinq nəticəsində həmin ünvanda taxta materiallarından olan mövcud yardımçı tikilinin yerində 2 mərtəbəli tikinti işlərinin aparılması müşahidə olunduğu və bununla əlaqədar aktın tərtib edildiyi qeyd edilmişdir. Göründüyü kimi müraciət sanitar qovşağının tikilməsi ilə bağlı deyil, 2 mərtəbəli tikinti işlərinin aparılması ilə bağlı olmuşdur. Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB tərəfindən X2 barəsində 09.09.2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və protokol Mehrəliyeva Kamalə tərəfindən imzalanmışdır. Bundan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq həmin protokol əsasında Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İ.F.Mehdiyevin qəbul etdiyi inzibati xəta haqqında iş üzrə 27.11.2020-ci il tarixli, 7 nömrəli qərarla X3 Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmədən şikayət əsassız olduğuna görə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İ.F.Mehdiyev tərəfindən qəbul edilmiş 27.11.2020-ci il tarixli, 7 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 müvafiq icra hakimiyyəti orqanının razılığını almadan Bakı şəhəri, Nizami rayonu, Ə.Nəvai küçəsi 3/7 ünvanında özbaşına tikinti işləri aparmışdır. X1 Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 manat məbləğində cərimə edilmişdir. - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə ünvanlanmış 30.07.2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Ə.Nəvai küçəsi 3/7 ünvanındakı qeyriqanuni tikintinin qarşısının alınması üçün tədbirin görülməsi ilə bağlı Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Nizami Rayon İcra Hakimiyyətinə 01.05.2020-ci il tarixli, 04/02-905 və 04.06.2020-ci il tarixli, 04/02-1126 nömrəli məktublarla müraciət olunmuşdur. Buna baxmayaraq sözügedən məsələ bugünədək həllini tapmamış və Komitəyə mövzu ilə əlaqədar məlumat verilməmişdir. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən keçirilən monitorinqlər zamanı qeyd olunan ünvandakı tikintinin sökülmədiyi, əksinə yuxarıda qeyd olunan məktubların göndərilmə tarixindən sonra tikintinin davam etdirilməsi müşahidə olunmuşdur. Yuxarıda qeyd olunan ünvanda şəhərsalma qanunvericiliyinin tələblərinin pozulmasının qarşısının alınması ilə bağlı yerli səviyyədə şəhərsalma nəzarəti çərçivəsində təxirəsalınmaz tədbirlərin görülməsinin təmin edilməsi və nəticəsi barədə Komitəyə 3 iş günü müddətində məlumatın təqdim edilməsi xahiş edilmişdir. - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə ünvanlanmış 04.08.2020-ci il tarixli məktubdan görünür ki, Nizami rayonu, Ə.Nəvai küçəsi 3/7 ünvanındakı vaqon evə bitişik 15 m2 torpaq sahəsində tikinti işlərinin aparılması barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmış 09.07.2020-ci il tarixli, **********55 nömrəli məktub əsasında keçirilən monitorinq nəticəsində həmin ünvanda taxta materiallarından olan mövcud yardımçı tikilinin yerində 2 mərtəbəli tikinti işlərinin aparılması müşahidə olunmuşdur. Bununla əlaqədar rayon icra hakimiyyətinin nümayəndəsi ilə birlikdə müvafiq akt tərtib edilmişdir. Göstərilən ünvandakı tikinti işləri ilə bağlı Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Nizami Rayon İcra Hakimiyyətinə 04.06.2020-ci il tarixli, 04/02-1126 nömrəli məktubla müraciət olunmuşdur. Görülən tədbirlərin nəticəsi barədə Komitəyə 7 iş günü müddətində məlumatın təqdim edilməsi barədə göstəriş verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3-cü maddəsində əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; tikinti layihəsi; sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti; “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi. Həmin Məcəllənin 75.11-ci maddəsinə əsasən tikintiyə icazə verildiyi halda tikintiyə icazənin surəti, habelə tikinti layihəsinin bir nüsxəsi ərizəçiyə təqdim edilir və belə icazə tikinti işlərinə başlanması üçün əsas hesab olunur. Tikintiyə icazədə tikintiyə başlanılması üçün siyahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər nəzərdə tutulduğu hallarda həmin əlavə şərtlərin yerinə yetirilməsindən sonra ərizəçiyə xüsusi nişan təqdim edilir və bu halda xüsusi nişan tikinti işlərinin başlanmasına əsas hesab edilir. Tikinti işlərinin başlanması üçün əlavə şərtlər olduqda, tikintiyə icazədə mütləq göstərilməlidir. Tikintiyə icazənin, xüsusi nişanın formasını və məzmununu müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bu Məcəllənin 75.4-cü maddəsinə uyğun olaraq sənədlərin tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə məlumat verildiyi gündən sənədlərin tamlığı təmin edildiyi günədək olan müddət tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətə daxil edilmir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X3 müvafiq icazə almadan Bakı şəhəri, Nizami rayonu, Ə.Nəvai küçəsi 3/7 ünvanında özbaşına tikinti işləri aparmışdır. X1 Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 400 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X2 Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında qeyd edilən qərarın qanunsuz hesab olunaraq ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilmədi. Məhkəmə işin faktiki hallarına və X2 şikayətini əsaslandırdığı dəlillərə qiymət verərək hesab edir ki, K.M.Mehrəliyevanın göstərdiyi hallar özünümüdafiə xarakteri daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Şərh edilən normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İ.F.Mehdiyev tərəfindən qəbul edilmiş 27.11.2020-ci il tarixli, 7 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X2 verdiyi şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İ.F.Mehdiyev tərəfindən qəbul edilmiş 27.11.2020-ci il tarixli, 7 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-2111/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2111/2021
18.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver