Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2120/2022 27.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin sədrliyi, X1 iclas katibliyi ilə, Hüquqi ünvanı ünvan 1ləşən Evfemiya MMC(VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankı Hüquq Departamentinin İnzibati İcraat və Məhkəmə İşləri Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı Hüquq Departamentinin İnzibati İcraat və Məhkəmə İşləri Şöbəsi tərəfindən Şəxs MMC barəsində İXM-in 430.4-cü maddəsi ilə xx.xx.2022-ci il tarixdə, EP №0034704 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, Şəxs MMC 26.170.00.00 Avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" ASC Bankda olan hesabından xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı qündən 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 13.430.00 Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən qeri qaytarılmamışdır. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. İş materiallarında olan inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olan "xxxx" ASC Bankın xx.xx.2017-ci il tarixli məktubuna və əlavə edilmiş sənədlərə əsasən 02 sentyabr 2020-ci il tarixli ödəniş tapşırığı üzrə 12.740 Avro məbləğində farfordan mətbəx qabları növündə mallar xx.xx.2022-ci il tarixdə ölkəyə idxal edilmişdir. İş materiallarında olan “Porcelana Krzysztof SP.z.o.o”-nın xx.xx.2022-ci il tarixli imzalı və möhürlənmiş məktubunda bildirilmişdir ki, xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasında fəaliyyət göstərən Şəxs MMC tərəfindən FEX 00057/2020 nömrəli hesab faktura üzrə porselen məhsulların alinması üçün “Kristoff” şirkətinə avans yolu ilə 26.170 avro ödəniş olunmuş, lakin pandemiya və istehsalatda baş vermiş texniki problemlər səbəbindən sifarişin bir hissəsi – 13.430 avro dəyərində mallar razılaşdırılmış müddətdə istehsal olunaraq təhvil verilməmişdir. Göstərilən məbləğ dəyərində sifarişin istehsalını ən qısa zamanda yekunlaşdıraraq şirkət tərəfindən Azərbaycan Respublikasında fəaliyyət göstərən Şəxs MMC-yə təhvil veriləcəkdir. Beləliklə, məhkəmədə müəyyən edildi ki, protokolda göstərilən xx.xx.2020-cı il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı qündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq, 13.430 avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxal edilməməsi Şəxs MMC-ini hər hansı təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməmişdir. Çünki xx.xx.2020-cı il tarixində çıxarılmış 26.170 avro məbləğində pulun dəyərindən 12.740 avro məbləğində mal 2 il ərzində ölkəyə idxal edilsə də, yerdə qalan məbləğə görə müqavilənin digər tərəfi olan, mal göndərən kimi göstərilən xarici şirkət sifariş edilmiş malların emal edilməsində gecikməyə yol verdiyi üçün mallar idxal edilməmişdir. Bununla da inzibati xəta hesab edilən əməlin baş verməsində barəsində protokol tərtib edilmiş şəxsin təqsirli əməli (hərəkət və ya hərəkətsizliyi) mövcud deyildir. Başqa şəxsin törətdiyi əmələ (hərəkət və ya hərəkətsizliyə) görə isə Şəxs MMC məsuliyyət daşımamalıdır. Əlavə olaraq qeyd edilməlidir ki, tərəflər arasında yuxarıda qeyd edilən müqavilə münasibətləri vardır və valyuta həmin müqavilə üzrə malın alınması üçün köçürülüb. Hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxs kreditor, valyutanın köçürüldüyü xarici şirkət isə borclu rolunda çıxış edir. Həmin borclunun kreditor qarşısında malların göndərilməsinə dair öhdəlik münasibətləri vardır. Belə olduğu təqdirdə, Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. MM-in 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 448.1-ci maddəsinə əsasən əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 456-ci maddəsinə əsasən borclunun öhdəliyini icra etmək üçün onun işçilərinin yerinə yetirdikləri hərəkətlər borclunun hərəkətləri sayılır. Əgər həmin hərəkətlər öhdəliyin icra edilməməsinə və lazımınca icra edilməməsinə səbəb olmuşsa, borclu bu hərəkətlər üçün məsuliyyət daşıyır. Beləliklə həm də tərəflər arasındakı müqavilə münasibətlərinə əsasən də malların vaxtında göndərilməməsində, o cümlədən 180 gün ərzində göndərilməməsindəki pozuntuya görə məsuliyyət kreditorun üzərinə düşmür, həmin məsuliyyət borclunun, yəni xarici şirkətin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Belə olduğu təqdirdə İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-2120/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2120/2022
27.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver