Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2122/2022 20.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X1, inzibati xəta haqqında protokolu tərtib və qərar qəbul etmiş Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin Yol-nəqliyyat hadisələri üzrə şöbəsinin inspektoru X2 iştirakları ilə, X1 Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin 26 aprel 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin 26 aprel 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Daxili İşlər Nazirliyinin Bakı şəhər X8 İdarəsinin xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarına əsasən X3 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 40 manat cərimə edilmişdir. Bakı şəhər X8 İdarəsinin əməkdaşları ona qarşı qərəzli olmuş, qərarı yalnız qarşı tərəfin kamera görüntüləri əsasında vermiş və heç bir araşdırma aparmamışlar. DYPİ-nin əməkdaşları iş üçün mühüm əhəmiyyət kəsb edən 4-080 saylı ictimai kameraya demək olar ki, heç əhəmiyyət verməmişlər. Əgər onlar həmin kameraya diqqətlə baxsalar, bu hadisədə kimin günarkar olunduğu aydın bilinər. Barəsində olan Bakı şəhər X8 İdarəsinin 26 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında eletron qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini, ona dəymiş maddi və mənəvi ziyanın alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X3 şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, ərazidə üç ədəd videomüşahidə kamerası olsa da, onların qeydə alındığı görüntülər əldə edilməmiş, yalnız digər avtomobilin sürücüsünün təqdim etdiyi görüntülər təqdim olunmuşdur. O, nəvəsini uşaq baxçasına aparan vaxt arxadan gələn “Kia Picanto minik” markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilini vurmuşdur. Şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib və qərar qəbul etmiş Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin Yol-nəqliyyat hadisələri üzrə şöbəsinin inspektoru X4 göstərmişdir ki, 04 aprel 2022-ci il tarixdə saat 08:06 radələrində Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində X1 idarə etdiyi “Opel Astra minik” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Kia Picanto minik” markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobil arasında toqquşma baş vermişdir. Araşdırma nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüsünün xətanın baş verməsində təqsirləri müəyyən olunaraq barələrində tənbeh tədbiri tətbiq olunmuşdur. O cümlədən X3 həmin vaxt əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyinə görə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə 40 manat inzibati cərimə edilmişdir. X3 həmin qərarla razılaşmış, bu razılığını imzası ilə təsdiq etmişdir. Qeydə alınmış videogörüntülərlə də inzibati xəta öz təsdiqini tapmışdır, X1 şikayətində göstərilənlərin əsası yoxdur. Şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin YPX inspektoru tərəfindən tərtib olunmuş 04 aprel 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 04 aprel 2022-ci il tarixdə saat 08:06-da “Opel Astra minik” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə protokol tərtib edilmişdir; -Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin 26 aprel 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, X3 04 aprel 2022-ci il tarixdə saat 08:06-da “Opel Astra minik” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, M.Əliyev küçəsi ilə hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə görə 04 aprel 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İXM-nin 342.1-ci maddəsi ilə 40 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1-ci hissəsinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X3 04 aprel 2022-ci il tarixdə saat 08:06da “Opel Astra minik” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, M.Əliyev küçəsi ilə hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə görə barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə 04 aprel 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş, sözügedən protokol əsasında isə inzibati qaydada cərimə edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə iclasında müəyyən edilmiş qeyd edilən həmin hallar işin mübahisəsiz halıdır, qərardan şikayət vermiş X3 mübahisələndirdiyi qərarın qəbulundan sonra onunla tanış olaraq, razılaşması barədə qeyd aparmış və imzası ilə təsdiqləmişdir. Onun hazırda şikayətində irəli sürdüyü dəlillər şəxsi mülahizələri olmaqla inzibati qaydada tənbeh olunması ilə bağlı mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsas hesab oluna bilməz. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X1 Azərbaycan Respublikası İXM-nin 342.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə 26 aprel 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X1 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin 26 aprel 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2122/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2122/2022
20.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver