Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2124/2022 16.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin polis sahə inspektoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Aşıq Şəmşir küçəsi ev 13-də qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, “MİDA” yaşayış kompleksi, ev 18, mənzil 4-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsindən daxil olmuş 15 sentyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilən sənədlərə əsasən Şəxs 15 sentyabr 2022-ci il tarixdə saat 14:30 radələrindən saat 15:00 radələrinədək olan müddətdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru X7 protokolun məzmununa uyğun izahat vermiş və protokol əsasında Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 15 sentyabr 2022-ci il tarixdə saat 15:30 radələrində idarə etdiyi avtomobillə H.Əliyev prospektində hərəkətdə olarkən yol polisi əməkdaşı ona saxla işarəsi vermiş, o, işarəyə əməl edərək dayanmışdır. Yol polisi saxlanılma səbəbini onunla izah etmişdir ki, idarədən efirlə tapşırılmışdır ki, avtomobil saxlanaraq cərimə meydançasına aparılmaılıdır. O, görüntü tələb edəndə bildirmişlər ki, avtomobili cərimə meydançasına təmin ediləndən sonra idarəyə gedərək orada aydınlaşdırar. Yol polisi onun ad, soyadını soruşandan sonra bort-kompyuterdə yoxlamış və bildirmişdir ki, ödənilməyən cəriməyə görə avtomobilin həbsi var. O, gedib cəriməni ödəyəcəyini desə də, polis əməkdaşı təkid etmişdir ki, avtomobil cərimə meydançasına getməlidir. Buna görə 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bundan sonra yol polisləri ondan avtomobildən düşməsini tələb etmişlər. O, şəxsi avtomobilini tərk etmək istəməmiş, bu vaxt Azər adlı yol polisi əlini avtomobilin açıq pəncərəsindən içəri salaraq qapını açmağa çalışmış, Tural adlı digər yol polisi isə onun sinəsindən tutmuş, sinəsini dartışdıraraq yumruq atmışdır. O, yol polislərinin ona qarşı bu hərəkətlərini mobil telefonu ilə görüntüyə almağa başlamışdır. Sonra başqa yol polisi əməkdaşları da gəlmiş, arxa qapını açaraq avtomobilə daxil olmuş, onu avtomobildən düşürüb mobil telefonunu əlindən almışlar, yol polisi avtomobilinə salaraq baş barmağı əzik, köynəyi isə cırılmış vəziyyətdə onu Nizami rayon polis idarəsinə, oradan isə 25-ci polis şöbəsinə aparmışlar. Saxlanılan vaxt sənədləri üstündə olmamışdır. Polislər tərəfindən ona qarşı belə hərəkətlərə yol verilməsinə baxmayaraq o, polisləri söyməmiş, yalnız gedib cəriməni ödəmək istədiyinə görə avtomobilinin cərimə meydançasına aparılmasını istəməmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin dövlət yol polisi şöbəsinin YPX inspektoru X9 izahatında göstərmişdir ki, 15 sentyabr 2022-ci il tarixdə saat 14:30 radələrində xidməti **-YP-*** çağırışlı avtopatrulla H.Əliyev prospektində hərəkətdə olarkən “X15” markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü manevr qaydasını pozduğu üçün tərəflərindən saxlanılmışdır. Sürücüyə yaxınlaşıb özünü təqdim etmiş və qayda pozuntusunu izah etmişdir. Sürücünün sənədlərinin bort-kompyuter vasitəsi ilə yoxlanılması zamanı məlum olmuşdur ki, avtomobilin ödənilməyən cərimə borcları vardır. Bununla əlaqədar avtomobilin duracağa yerləşdirilməli olduğunu, cərimə borclarının ödənilməsi ilə bağlı zərurət aradan qalxanadək avtomobilin duracaqda qalmalı olduğunu sürücüyə izah etmişdir. Lakin sürücü özünü həddindən artıq aqressiv apararaq buna qəti etirazını bildirmişdir. Sürücüyə qanunvericiliyin tələbləri xatırladılaraq təkrarən izah edilməsinə və dəfələrlə tələb olunmasına baxmayaraq, sürücü onların qanuni tələblərinə tabe olmamışdır. Belə olan halda, efir vasitəsi ilə kömək dəvət etmişlər, lakin əməkdaşlar keçiriləcək futbol tədbirinə cəlb olunduqlarına görə əraziyə yaxınlaşa bilməmişlər. Bundan sonra özləri sürücü ilə söhbət aparmış, hüquq və vəzifələrini izah etmiş, tələbləri qanuni olduğundan tabe olmalı olduğunu yenə də xatırlatmışlar. Lakin sürücü avtomobilin qapılarını və şüşələrini bağlamış vəziyyətdə içəridə oturmuş, onları saymayaraq telefonla danışmış, xidməti vəzifələrini yerinə yetirməyə, xidmətlərini davam etdirməyə maneçilik törətmişdir. Təxminən 30 dəqiqə sonra sürücü özü tərəfdən şüşəni bir qədər aşağı endirmişdir. Həmin vaxt digər inspektor Tural Kamranzadə ilə birlikdə sürücünü avtomobilin idarə etməsindən kənarlaşdırmaq məqsədi ilə əllərini şüşənin açıq yerindən içəri salaraq qapını açmağa çalışmışlar. Lakin sürücü şüşəni yuxarı qaldıraraq onunla Tural Kamranzadənin qollarını, habelə ayağı ilə əllərini sıxmış, həmin vəziyyətdə davamlı saxlamışdır. **-YP-*** çağırışlı avtopatrulda xidmət aparan əməkdaşların köməyə gəlməsindən sonra, saat 15:00 radələrində sürücünü avtomobildən kənarlaşdırmış, avtomobili duracağa təmin etmiş, sürücünü ərazi üzrə 25-ci polis şöbəsinə apararaq barəsində tədbir görülməsi üçün raportla müraciət etmişlər. Araşdırma zamanı müəyyən edilmişdir ki, həmin şəxs Şəxsdur. Şəxs yol verdiyi hərəkətlər məhkəməyə təqdim edilmiş diskdə olan videogörüntülərdə öz əksini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin dövlət yol polisi şöbəsinin YPX inspektoru X4, şahid A.Q.Qayıblı ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin dövlət yol polisi şöbəsinin YPX inspektoru X1 izahatında göstərmişdir ki, **-YP-*** çağırışlı avtopatrulda xidmət aparan əməkdaşların efir vasitəsi ilə kömək çağırışı əsasında H.Əliyev prospektində onların olduqları yerə getmişlər, müəyyən etmişlər ki, qayda pozuntusuna görə saxlanılmış “X15” markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yol polisi əməkdaşları Azər Qayıblı və Tural Kamranzadənin tələbinə tabe olmayaraq avtomobili duracağa aparmaqdan imtina etmiş, eyni zamanda avtomobildən düşməyərək onların xidmətlərini həyata keçirmələrinə mane olmuş, əllərini avtomobilin şüşəsinin arasında qoyaraq sıxmışdır. Onların köməyi ilə avtomobilin qapısını açaraq sürücünü bayıra çıxarmış, sürücünü polis şöbəsinə, avtomobili isə duracağa təmin etmişlər. Araşdırma zamanı müəyyən edilmişdir ki, həmin sürücü Şəxsdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin dövlət yol polisi şöbəsinin YPX inspektoru X8, şahid N.N.Hidayətzadə ilə eyni məzmunlu izahat vermişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən təqdim olunmuş CD diskdə olan videogörüntülərə, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özü tərəfindən qeydə alınaraq yaddaş kartına köçürülmüş videogörüntülərə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilən zaman inzibati xəta haqqında protokolda qeyd edilən və şahidlərin izahatlarında göstərilənlərin öz təsdiqini tapdığı müəyyən olunmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə qeyd edir ki, Şəxs 25-ci polis şöbəsində və məhkəmədə verdiyi izahatında göstərdiklərindən fərqli olaraq məhkəmə çıxışında hazırda əməlindən peşman olduğunu bildirmişdir. Bütün halda, onun izahatında göstərilənlər işin faktiki müəyyən edilmiş halları ilə təkzib olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini nəzərə alaraq, İXMnin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyib, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materialları ilə müəyyən olunur ki, Şəxs hazırkı iş üzrə inzibati qaydada 15 sentyabr 2022-ci il saat 15:55-də tutulmuşdur, ona görə inziabti həbsin başlanğıcı həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 15 sentyabr 2022-ci il saat 15:55-dən hesablansın. Şəxs Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə müdafiəçi X5 müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2124/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2124/2022
16.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver