Məhkəmə qərarları › İş №3(007)-2133/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2133/2025

24.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2133/2025 24.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X11 Tağı oğlunun sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞnin polis sahə inspektoru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi X3 iştirakları ilə, xx.xx.1990-cı ildə Şərur rayonu, Xələc kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Şərur rayonu, Xələc kəndində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206, 510 və 535.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli və Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmiş və toplanmış sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə olan xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli və Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə olan xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollarla bağlı 3(007)-2133/2025 nömrəli və 3(007)-2134/2025 nömrəli işlər bir icraatda birləşdirilərək eyni vaxtda baxılması qərara alınmış, birləşdirilmiş işdə 3(007)- 2133/2025 nömrəsi saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə olan xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 19:00 radələrində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin yaxınlığında ictimai asayişi pozmaqla polisin qanuni tələbinə tabe olmamışdır. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə olan xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə narkoloji mərkəzdə tibbi müayinədən keçirilən zaman sidiyindən narkotik vasitə və psixotrop maddələr aşkar edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru X7 protokolun məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, xx.xx.2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında tərəfindən protokol tərtib edilmişdir. X10 tərəfindən İXM-nin 510-cu maddəsilə tərtib olunmuş protokola xitam verilmiş, İXM-nin 535.1-ci maddəsinə əsasən isə 50 manat cərimə olunmuşdur. Məhkəmə prosesindən sonra aralarında mübahisə yaranmışdır. O, “50 manat cərimə elədilər, polis nə qazandı? Cərimə ilə qutardım” kimi ifadələr işlətmişdir. Onu nizam-intizama dəvət etsələr də, əməl etməmişdir. Bu səbəbdən onu şöbəyə aparmışlar. Orada da şöbənin iş rejimini 15 dəqiqə müddətində davamlı pozmuşdur. Bugün isə narkoloji testdən keçirilmiş və psixatrop maddə aşkarlandığından barəsində İXM-nin 206-cı maddəsinə əsasən yeni protokol tərtib etmişlər. Mübahisə məhkəmənin arxa hissəsində olmuşdur. Polisin ünvanına xoşagəlməz ifadələr işlətmişdir. Şəxsən onun özünü söyməmişdir. “Nə edə bildi polis, istədiyiniz nə idi? İstədiyinizə nail ola bilmədiz, cərimə ilə qutardım” kimi ifadələr işlətmişdir. Onlar məhkəməyə arxa qapıdan gəlmiş, elə arxa qapıdan da çıxmışlar. Onu şöbəyə avtopatrulla aparmışlar. Əvvəlki tutma protokolu xx.xx.2025-ci il tarixdə saat 12:30-da tərtib olunmuşdur, məhkəmədən azadlığa çıxmışdır, 10-15 dəqiqə ara ilə yeni tutma protokolu tərtib olunmuşdur. Dünənki tutma protokolu 19:20-də yazılmışdır. Məhkəmədən təxmini saat 18:50-də çıxmışlar, 30 dəqiqə ərzində protokol tərtib etmişlər. O, növbətçi hissədə olmur. Amma qohumları yemək üçün nə verirlərsə, yoxlanıldıqdan sonra özünə çatdırılır. Şəxs məhkəmə zalından sərbəst çıxmışdır. Şöbəyə apardıqları üçün narazılıq etmişdir. “İstədiyinizi edirsiniz, vətəndaşı əzirsiniz, ona görə polisə nifrət edirlər” kimi sözlər demişdir. Onların arasında sadəcə söz mübahisəsi olmuşdur. Göstərilənlərə əsasən, şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, o, işə gedərkən iş yoldaşı iş yerinin qabağında tanımadığı kimsə ilə mübahisə etmişdir. Maşını başqa yerdə saxlayıb, nə baş verdiyini soruşmuşdur. O isə, sənə nə var demişdir. O da, oradan çəkilməyini, maşınını saxlamaq istədiyini bildirmişdir. Cavabında o, çəkilməyəcəyini demişdir. “Sən qızsan, sənlə məzələnim” deyəndə onu vurmuşdur. Lakin o, polis olduğunu deməmişdir, özünü təqdim etməmişdir. Həmin sahəyə baxan PPX orada olduğu üçün onu polisə gətirmişlər. Həmin şəxsi tanımamışdır, əvvəldən görməmişdir. Həmin hadisə ayın 22-si səhər tezdən baş vermişdir. Məhkəmədən sonra isə çıxan kimi onu yenidən maşına əyləşdirmişlər. Qardaşı dönər, şirniyyat bir də ağ su gətirmişdir. Biraz yedikdən sonra izahat üçün çağırmışlar. Su növbətçi hissədə qalmışdır. Gəldikdən sonra suyun biraz köpüklü olduğunu görmüşdür. Sadəcə fikir verməmişdir. İndi həmin sudan şüphələnir. O, heç vaxt narkotik vasitə istifadə etməmişdir, siqaret belə çəkmir. Heç bir dərman vasitəsi də qəbul etmir. Ailəlidir, 2 uşağı var. Birinin 4 yaşı var, biri 6 aylıqdır. Göstərdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi X5 izahatında göstərdi ki, raport inzibati xəta haqqında protokolu tərtib edən şəxs tərəfindən tərtib olunmuşdur. Ekspert rəyi kifayət qədər aydın deyil. Video görüntülər təqdim olunmamışdır, şahid ifadəsi yoxdur. Sübut etmə yükü qarşı tərəfin üzərinə düşdüyündən, mövcud sübutlar əsasında qərar qəbul edilməsini istəyir. Bu səbəblərdən mövcud sübutlar əsasında işə baxılaraq, icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli ekspertiza rəyindən görünür ki, müayinə zamanı Şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - xx.xx.2025-ci il tarixli tibbi müayinədən keçirilmə barədə 1341 saylı Aktdan görünür ki, müayinə zamanı Şəxs sidiyində AMP (+), MET (+), MOP (+), MDMA (+) aşkar olunmuşdur. -xx.xx.2025-ci il tarixli, 2329 saylı rəydən görünür ki, Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülür. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və şahidi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan əməli törətməsi sübuta yetirilir. Lakin Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) sübuta yetirilmədiyindən, ümumiyyətlə, onun hərəkətlərində 510 və 535.1-ci maddələrinin tərkibi olmadığından, həmin maddə ilə o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, X1 hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta tərkibi olmadığından, onun barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırılaşdıran halın olmamasını və məhkəmə iclasındakı davranışını nəzərə alaraq, İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyib, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Şəxs barədə tutulma tətbiq olunmadığından, onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan inzibati həbsin başlanğıcı hesablanmalıdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 19:20-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmin Məcəllənin 37.5-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Məhkəmə iş üzrə Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, habelə istinad olunan maddi hüquq normasının tələbinə əsasən hesab edir ki, Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsinə zərurəti mövcud deyil. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı xx.xx.2025-ci il saat 19:20-dən hesablansın. Qərar inzibati həbs hissəsində dərhal icra edilsin. Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar