Məhkəmə qərarları › İş №3(007)-2135/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2135/2021

06.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2135/2021 06.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin sahə inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, 01 avqust 1996-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, fərdi qaydada işləyən, Gəncə şəhəri, Kəpəz rayonu, Dədə Qorqud küçəsi ev 1V, mənzil 31-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində nömrəsiz fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsindən daxil olmuş 06 avqust 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilən sənədlərə əsasən Şəxs 06 avqust 2021-ci il tarixdə saat 15:10 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində “Neftçilər” metrostansiyasının daxilində ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin sahə inspektoru X4 protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, onun ağ ciyəri xəstədir, ağzı tez-tez quruyur, vaxtlı-vaxtında su içməsə nəfəs ala bilmir, burnunda əyrilik var, bu da onun nəfəs almasına maneçilik törədir. 06 avqust 2021-ci il tarixdə saat 15:10 radələrində “Neftçilər” metrosunun keçidindən keçərkən maska taxmadığına görə polislər tərəfindən saxlanılmışdır. O, işə tələsdiyini bildirmiş, özünü təqdim etməmişdir. Həmin vaxt polislər ona qarşı kobud davranmış, üstünə qışqırmışlar. O, polislərə qarşı hər hansı tabesizlik göstərməmişdir, sadəcə olaraq işə tələsdiyi üçün özünü təqdim etməmişdir. O, polislərə deməmişdir ki, onları saymır və ya qanunsuzluq edir, demişdir ki, on nəfər də olsalar, onlarla belə danışacaqdır. Polislərin özləri ona qarşı kobud davranmışlar. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin polis sahə rəisi X3 izahatında göstərmişdir ki, Koronavirus (Covid-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı aparılan tədbirlər çərçivəsində, üzərlərinə qoyulmuş vəzifələrin icrası ilə bağlı 06 avqust 2021-ci il tarixdə xidməti ərazidə olmuşlar. Həmin gün saat 15:10 radələrində “Neftçilər” metrostansiyasının keçidində, qapalı yerdə bir nəfər şəxsin tibbi maskadan istifadə etmədiyini müəyyən edərək onu saxlamışlar, bununla bağlı irad bildirərək özünü təqdim etməsini təklif etmişlər. Lakin həmin şəxs özünü, eləcə də şəxsiyyətini təsdiq edən sənədi təqdim etməmiş, polis əməkdaşlarına qarşı kobud davranmışdır. Həmin şəxslə profilaktik söhbət aparmalarına baxmayaraq o, polis əməkdaşı kimi qanuni tələblərinə tabe olmamış, onlara qarşı nalayiq ifadələr işlədərək söyüş söymüş, heç bir səbəb olmadığı halda ucadan qışqıraraq əl-qol atmış, ətrafdakı şəxslərin narahatlığına səbəb olmuşdur. Təkrarən həmin şəxsi nizam-intizama dəvət etmələrinə baxmayaraq o, tabesizlik göstərməyə davam etmiş, polisləri saymadığını, hər zaman qanunu pozduğunu bildirmişdir. Həmin şəxs qanuni tələblərinə tabe olmadığına və aqressiv hərəkətlərini davam etdirdiyinə görə PPX naryadının köməkliyi ilə onu polis şöbəsinə gətirərək təhvil vermiş, barəsində tədbir görülməsi üçün raportla müraciət etmişlər. Araşdırma zamanı həmin şəxsin Şəxs olması müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin polis sahə inspektoru X1, şahid X3 ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs izahatında göstərilənləri onun inzibati məsuliyyətdən yayınmağa cəhdi kimi qiymətləndirir və qeyd edir ki, irəli sürdüyü dəlillər məhkəmə iclasında toplanaraq tədqiq olunmuş sübutlarla təkzib olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini nəzərə alaraq, İXMnin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyib, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materialları ilə müəyyən olunur ki, Şəxs 06 avqust 2021-ci il tarixdə saat 15:30-da inzibati qaydada tutulmuşdur, ona görə məhkəmə hesab edir ki, inzibati həbsinin başlanğıcı həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 06 avqust 2021-ci il saat 15:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Vəkil "xxxx" ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h-AZ37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar