Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2137/2024 23.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Dadaşova Emina Bəhruz qızının katibliyi ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankının İnzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs MMC 46582.20 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 46582.20 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş, valyuta vəsaiti geri qaytarılmamışdır. Şəxs MMC-nin nümayəndəsi X2 məhkəməyə etiraz ərizəsi verərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində 17 aprel 2024-cü il tarixli, EP № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sözügedən protokolda Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi qeyd edilmişdir. Hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində qeyd olunan inzibati xətanın tərkibi mövcud olmadığından, eyni zamanda protokol tərtib edilərkən prosessual pozuntulara yol verilməsi səbəbindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şəxs MMC “X1” şirkətinin Azərbaycan Respublikasında rəsmi distribyutorudur. 46.582,20 ABŞ dolları məbləğində pul vəsaiti Şəxs MMC tərəfindən “X1” şirkətinə ödənilmiş və bu vəsaitin müqabilində sonuncu tərəfindən "Changan" markalı nəqliyyat vasitələrinin istehsal edilərək Azərbaycan Respublikasına çatdırılması nəzərdə tutulmuşdur. “X1” tərəfindən nəqliyyat vasitələrin istehsalı zamanı zavodda yaranan problemlərlə bağlı gecikmə baş vermişdir. Lakin, nəticə etibarı ilə ödənilmiş vəsait qarşılığında nəqliyyat vasitələrinin çatdırılması təmin edilmiş və xx.xx.2024-cü il tarixində mallar Azərbaycan Respublikasına idxal edilmişdir (Gömrük Bəyannamələri əlavə edilir). Nəqliyyat vasitələrinin idxal edilməsi ilə bağlı Azərbaycan Beynəlxalq Bankında müvafiq məlumat təqdim edilmişdir. Son dövrlər ölkədə sahibkarlığa dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsi, sahibkarlığın inkişafı məqsədi ilə biznes mühitinin daim yaxşılaşdırılması, sahibkarlıq sahəsində dövlət maliyyələşmə mexanizminin daha da təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi, sahibkarlığın inkişafı sahəsində normativhüquqi sənədlərin qəbulu və qanunvericilik bazasının təkmilləşdirilməsi dövlətin iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmənin 08 may 2024-cü il tarixdə keçirilən iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 təqdim olunmuş etiraz ərizəsinə uyğun izahat verərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC və Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Azərbaycan Respublikasının Mərkəzi Bankının və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli köçürmə haqqında ərizədən görünür ki, Şəxs MMC ilə “X1” şirkəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2021CA0469 nömrəli müqavilə üzrə Şəxs MMC tərəfindən “X1” şirkətinin hesabına 46582.20 ABŞ dolları köçürülmüşdür. - xx.xx.2024-cü il tarixli **********2567 saylı gömrük bəyannaməsindən görünür ki, xx.xx.2021-ci il tarixli, 2021CA0469 nömrəli müqavilə üzrə “X1” şirkəti tərəfindən Şəxs MMC-yə xx.xx.2024-cü il tarixdə 13582.00 ABŞ dolları məbləğində mal idxal olunmuşdur. - xx.xx.2024-cü il tarixli **********2570 saylı gömrük bəyannaməsindən görünür ki, xx.xx.2021-ci il tarixli, 2021CA0469 nömrəli müqavilə üzrə “X1” şirkəti tərəfindən Şəxs MMC-yə xx.xx.2024-cü il tarixdə 13582.00 ABŞ dolları məbləğində mal idxal olunmuşdur. - xx.xx.2024-cü il tarixli **********2566 saylı gömrük bəyannaməsindən görünür ki, xx.xx.2021-ci il tarixli, 2021CA0469 nömrəli müqavilə üzrə “X1” şirkəti tərəfindən Şəxs MMC-yə xx.xx.2024-cü il tarixdə 13582.00 ABŞ dolları məbləğində mal idxal olunmuşdur. 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X5 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişikliklər edilmiş, 4.3.1.3-cü yarımbənd aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir;”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən “X1” şirkətinin hesabına xx.xx.2022-ci il tarixdə 46582.20 ABŞ dolları köçürülmüş və həmin pul vəsaitinin hesabına alınan mallar ölkəyə idxal olunmuşdur, hansı ki bu, müvafiq sübutlarda (gömrük bəyannamələri ilə) öz əksini tapmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-2137/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2137/2024
23.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver