Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2141/2025 09.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X2 qanuni nümayəndəsi (ataları), özü də Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Naxçıvan MR, Babək rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.6 və 327.8-ci maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 23 aprel 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 16 mart 2025-ci il tarixdə saat 11:47-də idarə etdiyi “Hyundai Sonata minik” markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti ilə Şirin Mirzəyev küçəsi ilə kəsişmə istiqamətində hərəkət edib həmin küçədən sola dönüb yolaycırına daxil olaraq prospektlə şəhər istiqamətində hərəkətini davam etdirmək istəyən zaman, yol hərəkəti qaydalarını pozaraq avtomobilinin qabaq hissəsi ilə prospektlə şəhər istiqamətində hərəkətdə olan, Zərərçəkmiş şəxs5 idarə etdiyi “Chevrolet Aveo minik” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol hissəsi ilə toqquşmuş, nəticədə Zərərçəkmiş şəxs5, onunla eyni avtomobildə sərnişin qismində olan Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlıqlarına yüngül zərər vurmaya aid xəsarətlər yetirilmişdir. Məhkəmə, işə baxılmasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polisi şöbəsinin nümayəndəsinin, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X2 (qanuni nümayəndələri iştirak etmişdir), eyni zamanda Zərərçəkmiş şəxs4 (əri Zərərçəkmiş şəxs3 iştirak etmişdir) iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, 16 mart 2025-ci il tarixdə saat təxminən 11:47 radələrində etibarnamə ilə idarə etdiyi “Hyundai Sonata” markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospektində Ş.Mirzəyev küçəsi istiqamətində hərəkətdə olmuşdur. Qeyd olunan istiqamətdə Ş.Mirzəyev küçəsinə çatıb geriyə, yəni işlədiyi yerə getmək üçün Q.Qarayev prospektinə, şəhər istiqamətinə çıxmalı olmuş, bunun üçün Ş.Mirzəyev küçəsi ilə kəsişmədə avtomobilin sola dönmə xarici işıq siqnalını yandırıb sağdan, yəni Q.Qarayev prospektində şəhər istiqamətində gələn avtomobilləri buraxmağa başlamışdır. Qeyd olunan yol ayrıcında dayanıb gözlədiyi zaman sağında daha iki avtomobil olduğundan sağını daha yaxşı görməmişdir. Bu zaman avtomobili irəli verib yenidən Q.Qarayev prospektinə çıxmaq istədiyi zaman Q.Qarayev prospektində şəhər istiqamətində hərəkətdə olan “Chevrolet Aveo” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobili gec görmüş, avtomobilin sürətini tam azaltsa da, ara məsafəsi az olduğundan idarə etdiyi avtomobilin qabaq hissəsi ilə həmin avtomobilin sol hissəsindən toqquşmuşdur. Daha sonra həmin avtomobili idarə edən sürücüyə irəli verib saxlamasını bildirib idarə etdiyi avtomobilin qabaq dövlət nişanını götürmək üçün avtomobildən düşmüşdür. Daha sonra nömrəni avtomobilə qoyub hadisə yerinə təxminən 150-200 metr yaxın olan işlədiyi restoranının yanında avtomobili saxlamışdır. Hadisə yerində digər sürücü, yəni sonradan tanıdığı Zərərçəkmiş şəxs5 əlaqə vasitələrini verib getmişdir. Aradan təxminən 2 saat keçdikdən sonra polis əməkdaşları onunla əlaqə saxlamışlar və polisə getmişdir. Hazırda zərərçəkmiş şəxslərlə barışıq əldə etmişdir, əməlindən səmimi peşmandır. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X2 qanuni nümayəndəsi (ataları), özü də Zərərçəkmiş şəxs5 izahatında göstərmişdir ki, o, 16 mart 2025-ci il tarixdə saat təxminən 11:47 radələrində etibarnamə ilə idarə etdiyi “Chevrolet Aveo” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospektində şəhər istiqamətində 50-55 km/saat sürətlə hərəkətdə olmuşdur. Prospektin Ş.Mirzəyev küçəsi ilə kəsişməsində işıqforun yaşıl işığında hərəkətini davam etdirən zaman əks istiqamətdə, yəni Q.Qarayev prospektində geriyə dönmək istəyən avtomobil onu gözləmədən yol ayrıcına daxil olmuşdur. Bu zaman həmin avtomobil qabaq hissəsi ilə onun idarə etdiyi avtomobilin sol hissəsindən toqquşmuşdur. Hadisədən sonra həmin avtomobilin sürücüsü ona qabağa verib saxlamağı söyləsə də, sürərək hadisə yerini tərk etmişdir. Hadisə zamanı onun özü, idarə etdiyi avtomobildə olan atası Zərərçəkmiş şəxs3, anası Zərərçəkmiş şəxs4, yoldaşı X1, azyaşlı övladları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 xəsarət almışlar. Yoldaşının aldığı xəsarətin dərəcəsi təyin olunmamış, onların aldıqları xəsarətlər isə sonradan tibbi ekspertiza zamanı yüngül dərəcəli qiymətləndirilmişdir. Hadisə yerinə polis və təcili tibbi yardım stansiyasının əməkdaşları gəlmişlər. Polis əməkdaşları hadisəni yerində rəsmiləşdirmişlər, təcili tibbi yardım isə onları xəstəxanaya aparmışdır. Hazırda hadisəni törədən Şəxs şikayətçi deyillər. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 digər zərərçəkmiş şəxslə eyni məzmunlu izahat vermiş və hadisəni törədən Şəxs qarşı şikayəti olmadığını göstərmişdir. İşdə olan canlı şəxsin ekspertizasına dair 27 mart 2025-ci il tarixli 307 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs1 sağ təpə-gicgah nahiyəsinin hematoması olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı alınması mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan canlı şəxsin ekspertizasına dair 27 mart 2025-ci il tarixli 308 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs2 alnın şişkinlik halında əzilməsi olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı alınması mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan canlı şəxsin ekspertizasına dair 27 mart 2025-ci il tarixli 309 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs5 sol alın və sol təpə-gicgah nahiyələrinin şişkinlik halında əzilməsi olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı alınması mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan canlı şəxsin ekspertizasına dair 27 mart 2025-ci il tarixli 311 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs3 sağ təpə nahiyəsinin şişkinlik halında əzilməsi, sağ çiyin qurşağında hərəkət məhdudluğu ilə müşayiət olunan sağ bazu oynağının hematoması olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İşdə olan canlı şəxsin ekspertizasına dair 27 mart 2025-ci il tarixli 312 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs4 sol gözətrafı və sol almacıq nahiyəsinin hematoması olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı alınması mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan 09 aprel 2025-ci il tarixli qərardan görünür ki, HK1-171 nömrəli araşdırma materialı üzrə baş vermiş hadisəsi ilə əlaqədar sürücü Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, onun əməlində Azərbaycan Respublikası İXM-nin 327.6 və 327.8-ci maddələrinin tərkibi olduğundan inzibati məsuliyyətə cəlb edilməsi üçün materialın Nizami RPİ-nin DYPŞ-nin vasitəsi ilə Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayətlərinin olmamasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində həmin Məcəllənin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Bundan başqa, məhkəmə inzibati xətalara dair qanunvericiliyin tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarı ilə gəldiyi hüquqi mövqeyə əsasən qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmişdir və həmin inzibati xətalar içərisində İXM-nin 327.6-cı maddəsi nəzərdə tutulmamışdır. Şəxs barəsində həmin maddə ilə inzibati tənbeh məhkəmə tərəfindən tətbiq oluna bilməz, bu hal İXM-nin 34.1 və 34.3-cü maddələrinin tələblərinə zidddir. Ona görə məhkəmə hesab edir ki, şəxsin barəsində sözügedən maddə ilə inzibati məsuliyyət məsələsinin həlli üçün həmin hissədə materiallar inzibati xəta haqqında protokolu tərtib etmiş orqana göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsi ilə inzibati məsuliyyət məsələsinin həlli üçün həmin hissədə materiallar Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2141/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2141/2025
09.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver