Məhkəmə qərarları › İş №3(007)-2147/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2147/2021

23.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2147/2021 23.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Seyfullayeva Şəbnəm Əfqan qızının katibliyi ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs MMC mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin inzibati təcrübə üzrə inspektoru, polis kapitanı Ş.Ə.Vahidov tərəfindən 29.07.2021-ci il tarixdə AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru A.C.Nəsirli məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, “Mercedes Benz E 200 CDİ” minik markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Hyundai Accent” minik markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Şəxs MMC-nin mülkiyyətində və istifadəsindədir. İXM-nin 347-ci maddəsi ilə hüquqi şəxs barəsində ancaq aşağıdakı hal olduqda protokol tərtib edilib baxılması üçün aidiyyəti məhkəməyə göndərilə bilər: bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və a) müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, b) həmin hüquqi şəxsə səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə göndərilmiş sorğuya hüquqi şəxs tərəfindən sorğunun alındığı gündən 5 gün müddətində cavab verilmədiyi halda. Göründüyü kimi hüquqi şəxs barəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən AR İXM-nin 347-ci maddəsi ilə protokol tərtib edilməsi üçün əsas şərt kimi müvafiq icra hakimiyyəti orqanının göndərdiyi sorğuya hüquqi şəxs tərəfindən cavabın verilməməsi göstərilmişdir. Şəxs MMC-nin mülkiyyətində və istifadəsində olan hansı avtomobilin idarə edilməsi zamanı inzibati xətanın törədilməsi və həmin avtomobili idarə edən şəxs barədə məlumatın verilməsinə dair MMC-yə müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər-hansı bir sorğu daxil olmamışdır. Şəxs MMC-yə göndərilmiş sorğuların cavabları müəyyən edilmiş müddətlərdə müvafiq orqana göndərilmişdir. Əvvəlki sorğulara verilmiş cavablarda nəqliyyat vasitəsini idarə edən şəxs barəsində müvafiq orqana verilməsi həmin orqanın mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumatın olmasını təsdiq edir. Etiraza əlavə edilmiş məktublardan da göründüyü kimi müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində nəqliyyat vasitəsini idarə edən şəxs barəsində məlumat olmuşdur və bu məlumatı hüquqi şəxs özü vermişdir. İnzibati xəta haqqında protokol 29.07.2021-ci il tarixdə tərtib edildiyi halda baxılması üçün 48 saatadək hakimə göndərilməmiş, bu da İXM-nin 103.1-ci maddəsinin açıq və kobud pozuntusudur. İşin faktiki hallarından və istinad edilən hüquq normalarının tələblərindən də göründüyü kimi Şəxs MMC-nin barəsində Bakı şəhəri Nizami RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 29.07.2021-ci il tarixli inzibati xəta haqqında protokol tamamilə qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin DYPŞ tərəfindən Şəxs MMC-yə ünvanlanmış sorğudan görünür ki, 26.06.2021-ci il tarixdə saat 08:16-da “Hyundai Accent” minik markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən Ə.Vəliyev-Q.Qarayev küçələrinin kəsişməsində hərəkətdə olarkən mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək üçün söğortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması müəyyən edilmişdir. Törədilmiş xətaya görə Azərbaycan Respublikası İXMnin 469.3-cü maddəsi ilə məsuliyyət nəzərdə tutulur. Şəxs MMC-dən inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat (adı, soyadı, atasının adı, sürücülük vəsiqəsinin seriya və nömrəsi) verilməsi xahiş olunmuş, sorğunun rəsmi qaydada alındığı vaxtdan 5 gün müddətində tələb olunan məlumatın verilməməsinə görə Məcəllənin 347-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulduğu barədə xəbərdar olunmuşdur. - həmin sorğuya əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnamənin surətindən görünür ki, xəbərnamədə “Məhərrəmova” soyadlı şəxsə imza etdirilməklə 02.07.2021-ci il tarixdə təqdim edilməsi qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati xəta törətməkdə təqsirli olan şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 123.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Həmin Məcəllənin 123.3-cü maddəsinə əsasən bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Göründüyü kimi qanunvericiliyin mənasına görə Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyətin yaranması üçün inzibati xəta törətmiş fiziki şəxs barəsində nəqliyyat vasitəsinin mülkiyyətçisi olan hüquqi şəxsə səlahiyyətli orqan tərəfindən sorğu verilməli, həmin sorğu hüquqi şəxsə təqdim olunmalı (daxil olmalı) və bundan sonra hüquqi şəxs tərəfindən 5 gün müddətində sorğuya cavab verilməlidir. Hazırkı iş üzrə Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin sorğusu Şəxs MMC -yə ünvanlansa da həmin sorğunun faktiki olaraq həmin cəmiyyətə göndərilməsini və vəzifəli şəxsi tərəfindən qəbul olunmasını təsdiq edən mötəbər sənəd əlavə olunmamışdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin DYPŞ tərəfindən Şəxs MMC-yə sorğunun göndərilməsi və müvafiq vəzifəli şəxsi tərəfindən qəbul olunması sübut olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar